Bazar , Noyabr 29 2020
Ana səhifə / Media / Qüdrət Həsənquliyevin təklifi AzTV və İTV-də xoş qarşılanmadı

Qüdrət Həsənquliyevin təklifi AzTV və İTV-də xoş qarşılanmadı

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışı zamanı bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün ingilis dilində telekanal açmağımız lazımdır. Onun sözlərinə görə, AzTV-yə 32 milyon, İTV-yə 12 milyon vəsait ayrılır, ancaq bu kanallar özəl kanallardan fərqlənmir.

Deputat bildirib ki, yalnız Prezidentin sərəncamlarını oxuduğuna görə AzTV-yə 32 milyon ayırmağa ehtiyac yoxdur . O, hər iki telekanala dövlət büdcəsindən ayrılan pulu azaltmağı təklif edib.

Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai Yayım Şurasının üzvü Azər Həsrət Modern.az-a açıqlamasında bildirib ki, deputatlar hər hansı fikri səsləndirməkdə müstəqildirlər.

“Mənə elə gəlir ki, biz Qüdrət bəyin bu fikrindən çıxış edərək, televiziya kanallarının maliyyəsinin azaldılması, yaxud da fəaliyyətinin məhdudlaşdırılması barədə deyil, sadəcə, keyfiyyət dəyişikliyi ilə bağlı müzakirə aça bilərik. İndiki zamanda AzTV-də də, İTV-də də yeni dövrün çağırışlarına uyğun olan dəyişikliklərə ehtiyac var. Ümumilikdə götürəndə hər iki kanal haqqında yüksək fikirdə olmuşam. Bugün də eyni fikirdəyəm. Biz siyasət adamlarının, parlament üzvlərinin bu və ya digər şəkildə səsləndirdiyi fikirlərə diqqətlə yanaşmalıyıq. Ən azından o adamlar ictimai rəyə təsirdə öndə gedən insanlardır. Bir şey bilməsələr, belə ifadələr işlətməzlər”.

Azər Həsrət AzTV-nin ləğvini heç bir şəkildə dəstəkləmədiyini qeyd edib.

“AzTV Azərbaycanın dövlət kanalı olmaqla mədəniyyətimizin, informasiya siyasətimizin tərkib hissəsidir. Onun ləğvi Azərbaycana fayda gətirməz. Onu da nəzərə alaq ki, artan kommersiya kanallarının rəqabəti şəraitində belə bir kanalın qalması zəruridir.
İctimai Televiziya isə adından bəlli olduğu kimi ictimai kanaldır və onun da fəaliyyəti lazımdır. Hansısa işin optimallaşdırılması, kanalların daha baxımlı edilməsi, üstün mövqeylərini qoruya bilməsi üçün təkliflər olarsa, o təkliflərə isti münasibət olmalıdır. Amma onların fəaliyyətlərinin məhdudlaşdırılmasından təbii ki danışa bilmərik”.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti deputatın söylədiklərinə heç bir şərh vermək istəmədi.

Həmçinin oxuyun

“Qafqazın Xirosiması” – “France-24” Ağdamdan reportaj hazırladı – VİDEO

Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 …