Ana səhifə / Media / ‘Qazı parniklərə verirlər, bizi isə dondururlar’ – ŞİKAYƏT VAR

‘Qazı parniklərə verirlər, bizi isə dondururlar’ – ŞİKAYƏT VAR

Bakı şəhəri. Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsinin sakinləri soyuqdan donur. Fevralın 2-də sakinlər kiçik etiraz aksiyası keçirəndən sonra evlərə mavi yanacaq verilib. Ancaq sakinlər artıq hər dəfə mavi yanacağa görə küçəyə çıxıb aksiya keçirməkdən yorulublar.

Yaşayış sahəsinin sakini Tahir Quliyev danışır ki, ərazidəki həyətlərin bəzilərində meyvə-tərəvəz yetişdirilən istixanalar var. Nə hikmətdirsə, həmin istixanaların qazı kəsilmir. Ancaq evlər mavi yanacaqsız qalıb: «Sentyabrdan bu məhəllələrdə mavi yanacaq yoxdur. Gecə insanlar yatandan sonra zəif qaz verilir. Səhərədək heç bir çaynik suyu da qaynatmaq olmur».

Əmrullah Abbasov qazsızlığın fəsadlarından danışır: «Uşağa dava-dərman alıram ki, müalicə eləyim, axı soyuq divarların arasında mən bu uşağı necə sağaldım? Rayon, kənd yerlərində adamlar meşələrə üz veriblər, bircə əlacımız qalıb ki, biz də şəhərdəki parklara daraşaq. Vallah, boğaza yığılmışıq. Məmurlar papaqlarını qabaqlarına qoyub fikirləşsinlər ki, xalq əlinə balta alıb bu parklardakı ağacların canına düşsə, qarşısını tank da ala bilməyəcək. Mən göz görə-görə azyaşlı balalarımı soyuqdan öldürə bilmərəm. İkisinin də böyrəkləri sıradan çıxıb, uşaqlar sidiyi saxlaya bilmir…».

Sakinlərin deməsinə görə, Xəzər rayon qaz idarəsinə gedəndə onları idarənin mühəndisinə yönləndirirlər. Mühəndissə deyir, problemi həll etmək onun imkanlarında deyil.

İdarədən bildirilib ki, Atçılıq yaşayış massivindəki evlərə qaz verilir:

– İndi də qaz var orda, gedib yoxlaya da bilərsiz.

– Sakinlər bildirirlər ki, dünənki aksiyadan sonra qaz verilib.

– Nə aksiya? Boş söhbətdir. Ümumiyyətlə, orda həmişə qaz olub. Bir az təzyiq düşən kimi adamlar «həyəcan təbili» çalır.

Qaz idarəsindən bildirilib ki, vaxtaşırı ərazilərə baxış keçirilir. İstixanalarda qanunsuz qaz xətti aşkarlandıqda cərimələr tətbiq olunur. Atçılıq yaşayış massivində əvvəllər belə istixanalar aşkar olunub, hazırda isə yoxdur.

Qış fəsli başlayandan Bakıda və bölgələrdə mavi yanacaq tələbləri səslənir. Bəzi yerlərdə sakinlər qaz tələbilə aksiyalar da keçirib. «Azəriqaz» rəsmiləri indiyədək qazın təzyiqinin düşməsini və mavi yanacağın tez-tez kəsilməsini, bir qayda olaraq, «cari təmir işləri» ilə bağlayır, ümumiyyətlə, qaz təchizatında problem olmadığını iddia edirlər.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın