Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Qaydalar”ı tez-tez dəyşdirmək çıxış yoludurmu? – TƏHSİL

“Qaydalar”ı tez-tez dəyşdirmək çıxış yoludurmu? – TƏHSİL

Təhsil Naziri Mikayıl Cabbarovun təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələri rəhbərlərinin peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində səriştəli namizədlərdən seçilib təyin edilməsi məqsədilə verdiyi yeni əmrə əsasən “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” təsdiq edilib. Əmrin müvafiq maddələri ilə müsabiqədə iştirak üçün elektron ərizə qəbulunu 18.03.16 – 31.03.16 tarixlərində, mərkəzləşdirilmiş qaydada test imtahanlarını 04.04.16 – 10.04.16 tarixlərində, müsahibələrin 11.04.16 – 29.04.16 tarixlərində keçirilməsinin, bu əmrin yerli təhsili idarəetmə orqanlarına çatdırılmasının, müsabiqədə iştirak edəcək namizədlər üçün nəzərdə tutulmuş məlumatların və müsabiqənin nəticələrinin Nazirliyin internet saytında yerləşdirilməsinin təmin edilməsinə dair tapşırıqlar verilib.
Əmrin verilməsi üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli yeni idarəetmə sisteminin formalaşdırılmasının əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulmasının hədəf kimi qarşıya qoyulması vəzifəsi əsas götürülüb. Həmçinin o da bildirilir ki, məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalarda ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə tutulur. Qaydalar təsdiq edildikdən sonra bu bazanın yaradılması istiqamətində işlərə başlanacaq. Onu da xatırlatmaq yerinə düşər ki, bu istiqamətdə ilk addım məktəb direktoru olmaq arzusunda olan şəxslər üçün müasir peşə standartları əsasında təlimlərin təşkili olmuşdur.
Hazırda təlimləri uğurla bitirən və imtahanda yüksək nəticə göstərərək keyfiyyət sertifikatı alan şəxslərin məktəb direktoru təyin olunması imkanlarına baxılacaq. Qeyd edək ki, direktor vəzifəsinə qəbul olmaq istəyən namizədin sənədləri nazirliyə təqdim olunur, ekspertizadan keçirilir. Sonra isə namizəd imtahan verir. Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarıı cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur. Təlimləri uğurla başa vuran “ehtiyat kadrların” müasir idarəetmə bilik və bacarıqlarına nə dərəcədə yiyələnibib-yiyələnmədiklərini zaman göstərəcək. Bununla belə yeni qaydalara görə direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik olan hər bir şəxs iştirak edə bilər.
Deyilənlərə və yazılanlara görə hazırda direktor vəzifəsi üzrə 500-dən artıq vakant yer var. Vakant yerlər rayonlarda çox, şəhərlərdə, azdır. Bakıda isə ümumiyyətlə vakansiya elan olunmayıb. Paradoks yaranır. Müsabiqəyə çıxarılan 586 vakansiyadan vakant yerlər məsələn, Goranboy, Ağdam, Sabirabad rayonları üzrə müvafiq olaraq 30, 28, 20 civarında olduğu halda Sumqayıt şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 3, Şirvan şəhəri üzrə isə 1-dir. Paytaxtda isə bircə yerin belə müsabiqəyə çıxarılmaması müəyyən maraq və təəccüb doğurmaqla yanaşı, həm də maraqlananları bir sıra suallara cavab axtarmaq zərurəti qarşısında qoyur. İstər-istəməz belə nəticəyə gəlmək olur ki, ya şəhər məktəblərinin direktorları “arxalı” olduqları üçün vəziflərindən bərk- bərk yapışdıqlarından onları tutduqları postdan “qoparmaq” mümkünsüz dərəcədə çətindir, ya da ki, vakant yerlər boşaldığı kimi dərhal tutulur ki, sonradan elan edilən müsabiqə sadəcə olaraq namizədi rəsmiləşdirmək üçün formal prosedur rolunu oynayır.
Sözümün canı başqadır. Təsdiq olunan yeni qaydalara əsasən, artıq direktor olmaq istəyənlər rayon və şəhər təhsil şöbələrinin təqdimatı əsasında deyil, özləri könüllü olaraq sənəd verə biləcək. Əgər sənədvermə prosesində olduğu kimi təyinat zamanı da təqdimat nəzərə alınmayacaqsa bu dəyişiklik Nazirlik üçün məqbul sayılsa belə, “təhsil sahəsinin hüquqi tənzimlənməsi”, “idarəetmənin demokratikləşməsi”, ”təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyaların yuxarıdan aşağıya paylanması”, “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” və digər bu kimi prinsiplərlə daban-dabana ziddiyət təşkil edir və təhsilin demokratikləşməsindən daha çox avtoritar idarəetmə rejiminə keçidi şərtləndirmiş olur.
Yeri gəlmişkən qeyd edim ki, uzun illərdən bəri səssiz-küysüz ötüşən məktəb direrektorluğu məsələsini “yeni aspektdə” dəbə mindirərək, gündəmə gətirilməsi, məhz 90-cı illərin sonlarına təsadüf edir.Təhsillə bu və ya digər bağlılığı olanlar xatırlamamış olmazlar ki, 2000-ci ilədək təhsil sistemindəki rəhbər və pedaqoji kadrların vəzifəyə təyinolunma və azadedilmə prosedurlarını Bakıda, şəhərin Baş Təhsil İdarəsi, regionlarda isə, yerli İcra hakimiyyəti orqanı kimi şəhər təhsil idarələri və rayon təhsil şöbələri həyata keçirirdi.
Lakin, elə həmin ilin aprel ayında, “Təhsil Nazirliyi sisteminə daxil olan təlim-tərbiyə müəssisələrində, idarə və təşkilatlarında, rəhbər kadrların seçilib yerləşdirilməsi işini təkmilləşdirmək,onlarla əmək münasibətlərinin yaradılması və prosesi tənzimləmək məqsədi” əsas götürülərək, sabiq nazirin “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturası barədə” 279 №-li əmri ilə, Nazirliyin 18 mart, 1994-cü il tarixli Kollegiya qərarı güvvədən düşmüş hesab edildi və orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirin əmri ilə təyin edilən nomenklatur vəzifələr sırasına daxil edildi.
Əlbəttə ki, məsələnin ciddiliyi “problemə” yenidən baxılmasını zəruriləşdirdi .Təhsil Nazirliyinin 03 sentyabr, 2002-ci il tarixli, 857 №-li əmri ilə orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi, yenidən yerli təhsil şöbələrinin nomenklaturasina verildi. Bir müddət keçdikdən, başqa sözlə ara sakitləşdikdən sonra Təhsil Nazirliyinin17 oktyabr, 2006-cı il tarixli,752 №-li əmri ilə nomenklaturada “qismən” dəyişiklik aparılması nəticəsində, orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirliyin uçot nomenklaturasına daxil edildi. Nomenklaturada edilən yeni dəyişıkliyə görə, yerlərdən verilən təqdimata əsasən, Təhsil nazirliyinin müvafiq razılıq məktubu alındıqdan sonra, orta ümumtəhsil məktəbi direktorunun vəzifəyə təyin və vəzifədən azad olunmasının yerlərdə rəsmiləşdirilməsi nəzərdə tutulurdu.
Bundan sonra, artıq sadalamağa ehtiyac duyulmayan daha neçə-neçə məlum və naməlum əmrlər, təlimatlar, göstərişlər verilib.Bununla belə, Nazirlik bütün bu bəhs edilən dövr ərzində təyinolma və azad edilmə prosedurlarına yersiz müdaxilələr edib, lazım gələndə özünü işə götürən kimi təqdim edib, sərf etməyəndə isə məsuliyyəti yerli icra hakimiyyəti orqanlarının üzərinə atıb. Məktəb direktorunun vəzifəyə təyin olunması ilə əlaqədar bütün bu ardıcıllığı xatırlarmaqda məqsədim heç də bu funksiyanı kim və ya hansı orqan tərəfindən icra olunub, olunmamasına müdaxilə etmək deyil. Deməyim odur ki, təkcə son 15 ildə “Qaydalar” 15 dəfədən artıq dəyişdirilib.
Proseslərin belə “köndələn” istiqamət almasında heç şübhəsiz ki,Təhsil Qanunvericiliyimizdə olan boşluqlar da az əhəmiyyətli rol oynamır.Təhsil müəssisəsinin idarə olunmasını tənzimləyən “Təhsil haqqında” Qanunun 30.2 maddəsinə əsasən “dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri həyata keçirir.”“Azərbaycan Respublıkasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də isə göstərilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi “… təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”
“Qanun”un tələbindən göründüyü kimi, təyinat məsələsi “mərkəzi icra hakimiyyəti orqanı” tərəfindən deyil, “müvafiq icra hakimiyyəti orqanı” tərəfindən həyata keçirilir.Elə isə, şəhər və rayon icra hakimiyyətlərinin tabeliyində olan yerli təhsil idarələri və şöbələri də müvafiq icra hakimiyyətləri orqanlarıdir.Təəsüf ki, bir çox halda icra hakimiyyəti dedikdə böyük əksəriyyət tərəfindən, məhz İcra Hakimiyyətinin başçısı nəzərdə tutulur.Yəni “Qanun”da sadəcə “müvafiq icra hakimiyyəti orqanı” ifadəsini, “mərkəzi icra hakimiyyəti orqanı” ifadəsi ilə əvəzləməklə, bütün bu mübahisə və münaqişələrə son qoymaq olardı.
Bir də ki, məsələ təkcə məktəb direktorunun kim və ya hansı orqan tərəfindən təyin olunmasında deyil.Sadəcə, söhbət prosedurlara həddən artıq “rəng qatılmasından”, reklamçılığa qapılıb, adi bir məsələni əndazədən çıxararaq, onun ətrafında ajiotaj yaratmaqdan gedir.Kim təminat verə bilər ki ölçüyə gələ bilməyən meyarlar əsasında keçirilən müsabiqə və imtahanların nəticəsinə əsasən təyinat alanların içərisində, yenə də səviyyəsiz səriştəsiz və təsadüfi direktorlar olmayacaq. Bir də ki, əgər hansısa məktəbə müəllim göndərərkən məktəb direktorunun, hansısa rayona, şəhərə məktəb direktoru təyin edərkən yerli təhsil şöbələrinin rəyi öyrənilməyəcəksə, onların təqdimatı nəzərə alınmayacaqsa, təhsilin keyfiyyəti ilə bağlı yerli idarəetmə orqanları rəhbərlərindən nəsə tələb etməyə haqqımız çatırmı, məsuliyyəti onlarla bölüşmək məntiqə sığırmı?
 
Nadir İsrafilov, tanınmış təhsil eksperti

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın