Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / “Qadını əxlaqsız, xəyanətkar hesab edirlər” – Mehriban Zeynalov

“Qadını əxlaqsız, xəyanətkar hesab edirlər” – Mehriban Zeynalov

Lənkəranda 6 günlük Mələyin öldürülərək quyuya atılması günlərlə mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusu oldu. Ailənin ikinci qız uşağının nənəsi tərəfindən öldürülməsi və qız olduğu üçün bu addımın atılması vətəndaşlar tərəfindən birmənalı qarşılanmadı. Bu hadisə ölkədə, xüsusilə bölgələrdə qız uşaqlarına qarşı münasibətin dəyişmədiyini və oğlan uşaqlarına üstünlük verildiyini bir daha göstərdi.

XXI əsr olmasına baxmayaraq, insanlar hələ də uşaqları qız və oğlan olaraq iki qrupa ayırır, qız uşaqlarını sevmirlər.

Azərbaycan cəmiyyəti qız uşaqlarını niyə istəmir? Oğlan uşaqlarının onlardan çox sevilməsinə səbəb nədir?

“Təmiz Dünya” ictimai birliyinin rəhbəri Mehriban Zeynalova Azvision.az-a oğlan uşaqlarının qızlardan üstün tutulmasının səbəbini açıqlayıb. O bildirib ki, burada ilk səbəb oğlana iqtisadi amil kimi baxılmasıdır.

“Ənənəvi olaraq oğlanın üstünlüyü onun nəsil artırma qabiliyyəti, gələcək əmlaka sahibliyi, gəlir gətirən olması ilə əlaqədardır. Amma həyatda görünür ki, qızlar da iqtisadi baxımından valideynlərinə dəstək verə, qoruya, müdafiə edə bilir və yeri gələndə oğlanlardan daha qayğıkeşdirlər. Amma bunu təbliğ edən yoxdur. Daha çox əxlaqi mənəvi dəyərləri üstün tuturlar. Qadına qarşı xoşagəlməz təşviqat gedir. Qadınlar da özlərini sığortalamaq və müdafiə etmək üçün qadınları ittiham edirlər. Qadınların hamısı buna qarşı çıxsa, birmənalı şəkildə müdafiə etsə, belə hadisələr təkrarlanmaz. Neçə ki Naxçıvandakı hadisədə kənd əhli bir ailəni müdafiə etdi. Amma bu hadisə 15 yaşlı qız uşağı ilə baş versəydi, o qızı günahlandıracaqdılar. Cəmiyyət olaraq qadına qarşı kəskin reaksiya var. Hamı qadını əxlaqsız, xəyanətkar, satqın hesab edir. Azərbaycanın qadının əxalqında, ailəsində problem yaranarsa, bu işdə iştirakçı kişidir. Obyektiv yanaşmanı heç kim qoymaq istəmir. Azərbaycan qadını o zaman güclü idiki, həyat yoldaşı, qardaşı, atası onun müdafiəçisi idi. Bu gün bir çox atalar, qardaşlar, ərlər müdafiəçi qismində deyillər. Daha çox ittiham edən, günahlandıran, böhtan yaxan qismindədirlər”.

M.Zeynalova bildirib ki, Azərbaycanda qız uşaqlarının öldürülməsi tez-tez baş verən hadisə deyil: “Lənkəranda qız uşağının öldürülməsi son illərin ən qəribə hadisələrindən biridir. Ola bilsin ki, hansısa xırda hadisələr olub, amma körpə uşağının öldürülməsi ənənəvi və ya gündəlik həyatımıza daxil olan məsələ deyil. Selektiv abortlar eyni hadisəyə bənzəyir. Sadəcə onda canlı gözlə görünən olmadığı üçün diqqəti cəlb etmir. Lənkərandakı körpənin öldürülməsi kifayət qədər sərt reaksiya ilə qarşılandı, mətbuatda, sosial şəbəkələrdə müxtəlif rəylər söyləndi, hüquq-mühafizə orqanlarında isə nənənin qız uşağı olduğu üçün bu hadisəni törətdiyini etiraf etməsi haqda məlumat yayıldı. Buna qədər qətillə bağlı müxtəlif fikirlər səsləndirildi. Fikrimcə, orada psixoloq işləməlidir ki, daha dəqiq faktları ortaya çıxarsın”.

Ekspertin fikrincə, son 10 gündür ki, ölkədə müxtəlif hadislər baş verir. Onun sözlərinə görə, bu təkcə körpə uşağın öldürülməsi ilə bağlı deyil, qadınların evdə öldürülməsi, qadınlara qarşı qəddar münasibətlə də bağlıdır.

“Əslində ilboyu belə hadisələr olur. Bizdə daha çox həssaslıq körpəyə olduğu üçün istər Naxçıvandakı, istərsə də Lənkərandakı hadisə insanların diqqətini cəlb etdi. Bu, bir daha göstərir ki, uşaq bizdə daha müqəddəsdir və uşaqla bağlı hər bir hadisəyə reaksiya daha kəskindir. Ölkədə orta yaşlı, gənc qadınların öldürülməsi də baş verir, buna elə münasibət sərgilənmir. Mənzərə onu göstərir ki, qadına qarşı münasibət birmənalı deyil. Evdə qadının öldürülməsinə susuruqsa, sabah bu başqası ilə bağlı baş verəcək. Mahiyyətini anlamalıyıq ki, gənc və orta yaşlı qadınların öldürülməsi hadisəsi bundan doğan məsələlərdir. Nədənsə yuxarı yaşda olan qadınların öldürülməsi məsələsində tolerantıq, dözümlüyük və ya dərhal öldürlən qadını ittiham edirik.

Qadın öldürülsə, körpə qız uşağı ana bətnində və ya canlı orqanizm olaraq da öldürüləcək. Bu, bir siqnaldır. Son zamanlar qadınla bağlı kifayət qədər mənfi mesajlar gedir. Başa düşmürəm ki, burada hansı tərəf maraqlıdır. Sosial şəbəkələrdə Ərəbistanın hansısa geridə qalmış şəxsinin mesajını bəh-bəhlə paylaşırlar ki, qadın heyvandır, qadın qardaşı ilə evlənə bilər və s. Mahiyyətcə bu proses gedir və biz buna müqavimət göstərmirik. Bu, körpənin öldürülməsinin məntiqi davamıdır. Çünki qadın ölümə məhkum, öldürülməsi labüd, əxalqsız, şər qüvvə kimi kiçik də olsa təbliğ olunur”.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın