Cümə , Yanvar 21 2022
Ana səhifə / Media / Qadağan olunmuş məlumatları yayan jurnalistlər cərimələndi – SİYAHI

Qadağan olunmuş məlumatları yayan jurnalistlər cərimələndi – SİYAHI

Baş Prokurorluq bir neçə jurnalisti cərimələyib.

Bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, müasir dövrdə ölkəmizdə informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti nəticəsində internet xidmətlərindən azad istifadə imkanlarının çoxalması informasiyaların əldə olunması, yayılması zamanı sosial media platformalarının sahibləri və istifadəçilərinə geniş hüquqlar təmin etməklə yanaşı, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunması vəzifəsini də müəyyənləşdirir.

Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və mənafelərinin, milli maraqların qorunması, təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlər çərçivəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunu və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq sosial şəbəkələrdə zorakılığın, dini ekstremizmin təbliğinə yönələn, təhqir və böhtan xarakteri daşıyan, şəxsi həyatın toxunulmazlığını pozan, dövlət sirri təşkil edən, intiharı təbliğ edən, uşaqlar üçün zərərli olan və digər qadağan edilmiş məlumatların yayımlanmasının qarşısının alınması daim nəzarətdə saxlanılmaqla qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi təmin edilir.

Göstərilənlərlə əlaqədar, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatların sensasiya naminə davamlı surətdə yayılmasına görə 2021-ci ilin dekabr ayının 16 və 17-si tarixlərində Abuşov Zamiq Hidayət oğlu, Mahmudov İlqar Mehman oğlu, İbrahimov Mehdi Nazim oğlu, Səfərsoy Rza Əli oğlu Baş Prokurorluğa dəvət edilərək hərəkətlərinin qanunsuz xarakteri diqqətlərinə çatdırılaraq, onlara analoji fəaliyyətlərinə görə gələcəkdə barələrində daha ciddi tədbirlər görüləcəyi izah edilməklə “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıqlar elan edilib.

Bundan başqa, media nümayəndəsi Məmmədov Səxavət Maqsud oğlunun özünə məxsus fərdi sosial media hesabında ölkənin hərbi strukturlarının fəaliyyətinə dair yayımlanması qanunla qadağan edilən məlumatlar yerləşdirməsi faktına görə 18 dekabr 2021-ci il tarixdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Səxavət Məmmədov barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib.

Həmçinin, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, onu əsaslandıran, təhrik edən, törədilməsi üsullarını izah edən məlumatların qanunsuz olaraq yayımlanmasına görə “olke.az”, “manevr.az” və digər internet informasiya ehtiyatları barəsində cari ilin dekabr ayının 18-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla Sumqayıt şəhər və Nərimanov Rayon Məhkəmələrinin qərarları ilə hər biri barəsində 1 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq olunub.

Bundan əlavə, internet informasiya ehtiyatında intiharla bağlı qadağan edilən məlumatları yayması ilə əlaqədar Qusar rayonu,Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanova 20 dekabr 2021-ci il tarixdə “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib.

“Azərbaycanın Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməyə dəvət etməklə, onları dəqiqləşdirilməmiş və təhrif olunan məlumatların ictimailəşməsindən çəkinməyə çağırmaqla, qadağan edilən, eləcə də cəmiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da qəti tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır”, – məlumatda qeyd edilib.

Həmçinin oxuyun

Vüqar Səfərlinin cinayətlərində media rəhbərlərinin günahı var – Baş redaktor

“Son dövrlər müəyyən irəliləyişlər olsa da, Azərbaycan mətbuatı hələ öz funksiyasını tam yerinə yetirə bilmir. …