Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Qadağan edilmiş küçə ticarəti – pintilik, yoxsa mədəniyyət…

Qadağan edilmiş küçə ticarəti – pintilik, yoxsa mədəniyyət…

Ekspert: “Küçə ticarəti həm iş yerləri yarada, həm də dövlət büdcəsinə kifayət qədər xeyir verə bilər”

Küçə ticarətinə dünyanın əksər ölkəsində rast gəlmək mümkündür. Sanitar qaydalara uyğun həyata keçirilən küçə ticarəti şəhərin özünə xüsusi bir yaraşıq verir. Azərbaycanda da 2014-cü ilin yanvarına qədər küçə ticarəti bu və ya digər şəkildə vardı. Sonra ləğv edildi. Azərbaycandan fərqli olaraq inkişaf etmiş ölkələrdə isə küçə ticarəti şəhər mədəniyyətinin ayrılmaz hissəsi deməkdir. Belə ölkələrdə küçə ticarətinə təkcə gəlir yeri kimi yox, həm də turistlərin cəlb olunması, onların səyahətlərinin rəngarəngliyinin təmin olunması vasitəsi kimi baxırlar.
Bu ölkələrdə küçə ticarəti bütün gigiyenik və sanitar qaydalara uyğun olaraq göz oxşayan dizaynla həyata keçirilir. Məsələn, Yaponiyada küçə ticarəti vasitəsi ilə hər gün 3 ton təzə balıq satılır. Türkiyədə də küçədə siz rahatlıqla dəniz kənarında gəzə-gəzə çay içə, kestane (şabalıd), balıq çörək və ya plov yeyə bilərsiniz. Bunlar xüsusi arabalarda satılır ki, bu da çox gözəl bir görüntü yaradır. Türkiyədə küçə ticarətçiləri bələdiyyəyə vergisini ödəyir və rahat şəkildə pulunu qazanır. Beləcə, həm dövlət büdcəsi xeyir görmüş olur, həm də satıcının özü. İtaliyada isə küçə ticarəti ilə günün müəyyən saatlarında 17:00-dan 21:00-a qədər məşğul olmağa icazə verilir.

Image result for küçə ticarəti Vosmoy
Hazırkı iqtisadi krizis dönəmində Azərbaycana da belə bir ənənə gəlsəydi heç də pis olmazdı. Beləcə, həm qismən də olsa işsizlik problemi həllini tapmış olardı, həm də dövlət büdcəsi xeyir görərdi. Düzdür, indi də qadağan edilməsinə baxmayaraq küçə ticarəti ilə məşğul olanlar var. Məhəllələrə girib göyərti, balıq satanlar deyir ki, onlar hər məhəlləyə girməyə görə polisə 3 manat “hörmət” edir ki, onlara maneçilik törətməsinlər. Təbii ki, bu 3 manatlar da polisin cibinə gedir, büdcəyə yox.

Image result for küçə ticarəti Vosmoy
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, küçə ticarəti minlərlə insanın işlə təmin olunması üçün bir vasitədir: “Küçə ticarəti bütün dünyada yayılmış bir qaydadır. Avropa ölkələrinin demək olar ki, hamısında belə bir fəaliyyət növü var. Sadəcə olaraq bunun sivil və sanitar qaydalara uyğun olaraq həyata keçirilməsinə ehtiyac var. Azərbaycanda 90-cı illərdə metronun çıxışlarında biz bunu kütləvi şəkildə görürdük. Bu, heç bir qayda-qanunlarla tənzimlənmədiyinə görə rüşvət mənbəyinə çevrilmişdi. Elə bu gün də küçə ticarəti ilə məşğul olanlar məcburən rüşvət verirlər. Bunun qarşısını almağın yeganə yolu sadə və çox aydın başa düşüləcək qaydaların tətbiq olunmasıdır. Bir çox ölkələrdə bu işi bələdiyyələr tənzimləyir və lisenziyalarla fəaliyyət göstərirlər. Azərbaycanda bələdiyyə sistemi demək olar ki, heç bir funksiya həyata keçirmir. Mənə elə gəlir ki, bələdiyyələrin canlanması, marağının artması, öz büdcəsini formalaşdırması üçün bələdiyyələr yolu ilə bunu həyata keçirməyə, qayda-qanunlar, sanitar normalar çərçivəsində küçə ticarətinin təşkil olunmasına ehtiyac var. Çünki bu əlavə olaraq minlərlə insanın işlə təmin olunması üçün bir vasitədir”.

Image result for Natiq Cəfərli
N.Cəfərli küçə ticarətinin həm də büdcəyə əlavə vəsaitin daxil olması demək olduğunu bildirdi: “Küçə ticarəti hım də büdcəyə əlavə vəsaitin daxil olması yollarından biridir. Ən azından bələdiyyə büdcələrinin formalaşmasında və yaxud da əgər 4 faizlik fərdi sahibkarlıq qaydası ilə işləyəcəklərsə, əlavə olaraq dövlət büdcəsinə birbaşa ödənişlərin artmasına səbəb ola bilər. Yəni sadə vətəndaşların anladığı bir dildə qanunlara dəyişiklik edərək qaydaların tətbiq edilməsinə ehtiyac var. Düşünürəm ki, bu heç də pis olmaz. Küçə ticarətinin sivil qaydalar çərçivəsində yenidən canlanması həm iş yerləri yarada, həm də dövlət büdcəsinə kifayət qədər xeyir verə bilər. Bundan əlavə qiymətlərə də təsir göstərə bilər. Çünki yüksək ticarətlə məşğul olan insanların obyektləri saxlamaqla bağlı xərcləri olmadığına görə daha ucuz qiymətə vətəndaşa məhsul təqdim edə bilirlər. Yəni hərtərəfli həm vətəndaş üçün, həm dövlət üçün kifayət qədər uğurlu formada bunu həyata keçirmək mümkün olar. Sadəcə olaraq dediyim kimi çox aydın şəkildə bunun qaydaları və tənzimləyici qanunları olmalıdır ki, heç bir dövlət orqanı bundan sui-istifadə edib rüşvət mənbəyinə çevirməsin”.
Maraqlıdır, əksəriyyət ölkələrdə bir mədəniyyət hesab edilən küçə ticarəti doğrudanmı paytaxtın görünüşünü pozur?

Image result for Əhməd Qəşəmoğlu
Sosioloq Əhməd Qəşəmoğlu küçə ticarətini daha mədəni şəkildə təşkil edilməsinə böyük ehtiyac olduğunu dedi: “Küçə ticarəti ümumiyyətlə əhali üçün əlverişlidir. Amma onu yüksək səviyyədə təşkil etmək lazımdır. Yəni Türkiyədə də, İranda da, Hindistanda da və digər Şərq ölkələrinin əksəriyyətində küçə ticarəti geniş yayılmış bir formadır. Bizdə də bir ara bunun çox iyrənc forması yayılmışdı. Metronun qabağında qəzeti yerə sərib üstünə göyərti yığırdılar. Yəni birbaşa xəstəlik mənbəyi idi. Küçə ticarətinin fəlsəfəsini, sosioloji tərəfini fikirləşmək lazımdır ki, niyə küçə ticarətinə camaatın ehtiyacı var. Çünki insanlar yolüstü və ucuz alır”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın