Ana səhifə / Media / «Qaçqınkom»da pozuntular aşkarlanıb – RƏSMİ

«Qaçqınkom»da pozuntular aşkarlanıb – RƏSMİ

Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində apardığı yoxlamaların nəticələrini açıqlayıb. Palatadan fins.az-a verilən məlumata görə, yoxlama zamanı çoxsaylı pozuntular aşkarlanıb. 

Komitə və 4 qurumu yoxlanıb

Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Auditorun Hesabatını müzakirə edərək qəbul edib. Palatadan bildirilib ki, Audit tədbiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (DK) və tabeliyində olan 4 qurum üzrə ümumilikdə 560,2 mln. manat məbləğində vəsaiti əhatə edib. İcra edilmiş vəsaitin 38,8%-ni xidmət göstərilmiş kontingentin kommunal və kommunikasiya xidmətləri və 47,7%-ni onlara verilən müavinətlərin ödənilməsi ilə bağlı xərclər təşkil edib.

Hesabatda bildirilir ki, komitənin 2008-2011-ci illərdə fəaliyyətini əhatə etmiş əvvəlki audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün görülmüş tədbirlər yetərli olmayıb və oxşar nöqsanlara bu dəfəki auditdə də yol verilib.

Enerji haqqı sayğıcla hesablanmayıb

Belə ki, istifadə olunan kommunal xidmətlərin haqqının ödənilməsi ilə bağlı aparılmış təhlillər göstərib ki, qanunla müəyyən edilmiş və haqqı dövlət büdcəsindən ödənilən adambaşına aylıq elektrik enerjisi istehlakı normasından artıq istifadə edilmiş elektrik enerjisi xidmətinə görə əlavə vəsait ödənilir, sayğac quraşdırılmış yaşayış yerlərində isə ödəniş faktiki sərfiyyat əsasında deyil, norma əsasında hesablanıb.

Əlavə su haqqı hesablanıb

Eyni zamanda, yoxlama göstərib ki, qanunvericilikdə müvafiq norma müəyyən edilmədiyi halda məcburi köçkünlərin həyətyanı sahələrinin suvarılması üçün aylıq su sərfiyyatı 1 sot üçün 5 kubmetr götürülməklə hesablanıb və auditin əhatə etdiyi dövrdə məcburi köçkünlərin kompakt məskunlaşdıqları bir sıra qəsəbələrdə onların həyətyanı sahələrinin suvarılması su tarifi ilə ödənilib, həmçinin suvarma xidmətləri göstərilən abonentlərin sayının artıq göstərilməsi səbəbindən bəzi qəsəbələrin su sayğacları ilə, bəzi qəsəbələrdə isə məcburi köçkünlərin həyətyanı sahələrinin suvarma suyu ilə təmin edilməsinə baxmayaraq əlavə su haqqı hesablanaraq artıq vəsait ödənilib.

Məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə işıq nöqtələrinin sayı, müntəzəm süpürülən sahə, tullantıların daşınması üzrə marşrut, təmir olunacaq bina və mənzillərin qüsur aktları və titul siyahısı tərtib edilməyib, nəticədə artıq vəsait ödənişinə yol verilib.

Beynəlxalq və yerli humanitar təşkilatlardan daxil olan yardımların qəbulu və yerlərə çatdırılması, məcburi köçkünlərin yeni salınmış qəsəbələrə köçürülməsi, bəzi qəsəbələrdə içməli suya olan tələbatın təmin olunması məqsədi ilə ayrılmış nəqliyyat xidməti haqları üzrə vəsaitin təyinatı dəyişdirilmiş, bir sıra hallarda səmərəsiz xərclərə yol verilib.

Qaçıqanların siyahısı İnternetə qoyulmalıdır

Hesabatda deyilir ki, yoxlamanın nəticələri ümumiləşdirilib və tövsiyələr hazırlanıb. Tövsiyələrdə göstərilir ki, kommunal xidmətlərin bütün növləri üzrə əhatə olunan məcburi köçkünlərin adlı siyahılar yerlərdə dəqiqləşdirilməli, siyahılarda təkrarlanmaların qarşısı alınmalı, vəfat edən, hərbi xidmətə göndərilən və digər səbəblərdən siyahıdan çıxan şəxslərin dəqiq uçotu aparılmalıdır: «Bununla da artıq büdcə vəsaiti sərf edilməsinin qarşısı alınmalıdır».

Bundan başqa, Hesablama Palatası tövsiyə edir ki ödəmələrin ünvanlılığının artırılması məqsədi ilə Elektron Hökumət Portalı çərçivəsində məcburi köçkünlərin adlı siyahılarından ibarət vahid informasiya sisteminin yaradılması üçün təxirəsalınmaz tədbirlərin görülməlidir.

Eyni zamanda, məcburi köçkünlərin məskunlaşdıqları ictimai yerlərdə onlara göstərilən xidmətlərin haqqının ödənişinin faktiki xərclər həcmində aparılmasına ciddi əməl edilməsi, obyektlər üzrə faktiki xərclərin əsaslılığının araşdırılması,  göstərilən xidmətlərin maya dəyərinə normativ sənədlərdə nəzərdə tutulmayan məsrəflər təkrarən daxil edilməklə xidmətin dəyərinin həmin məsrəflər hesabına artırılması hallarının qarşısının alınması tövsiyə olunub.

Şəhərciklərin tikintisi ilə bağlı da tövsiyələr verilib

Auditor tərəfindən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” üzrə əhatə olunan tədbirlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan vəsaitlərin məqsədyönlü və qənaətlə istifadəsi, habelə mənzil tikintisinə yönəldilən qoyuluşlar üçün ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin daha da yüksəldilməsi, yaşayış qəsəbələrinin tikintisinin qüvvədə olan normativ hüquqi aktlara əməl edilməklə keyfiyyətinin artırılması, tikinti-quraşdırma işlərinin ayrılan vəsait çərçivəsində tam həcmdə və vaxtında yerinə yetirilməsi və tikintisi başa çatdırılmayan qəsəbə və obyektlərin tikintisinin müəyyən edilən müddətdə başa çatdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi də tövsiyə edilib.

Nöqsanların bir hissəsi yoxlama dövründə aradan qaldırılıb

Hesablama Palatasının Kollegiyası bildirir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və tabeliyində olan qurumlar tərəfindən yol verilmiş nöqsanların bir hissəsi audit dövründə ləğv edilib. Digər nöqsanların isə tezliklə aradan qaldırılması, eləcə də həmin nöqsanlara yol verən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə müvafiq Təqdimatlar Dövlət Komitəsinə, həmçinin tabeliyində olan qurumlara göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın