Salam Sarvanın statusundan çıxış edərək, yazarlarımıza belə bir sualla müraciət etmək qərarına gəldik:

”Yazdığınız bədii əsərin yaxşı olduğunu hardan bilirsiniz?”

Mövlud Süleymanlı: “Yazımın yaxşısını-pisini bilirəm. Necə ki, təbiətə baxanda yaxşını pisdən, gözəli çirkindən ayıra bilirəm, yazımın da yaxşısını-pisini bilirəm. Görürəm ki, pis gedir, alınmır, narahat oluram, uzun müddət əziyyət çəkirəm. Neçə illərdir, belə yaşayıram”.

Nəriman Əbdülrəhmanlı: “Salam Sarvanın o sözündə çox ciddi həqiqət gizlənir: yazılmış hər hansı əsərin bədii səviyyəsini və siqlətini, uğurlu və çatışmayan cəhətlərini müəllifin özündən yaxşı kimsə duya bilməz. İntəhası, müəllif heç vaxt öz duyumunu başqalarının yanında tam səmimiyyətilə ifadə eləmir, yəni alaçiy əsərini tərifləyəndə də səmimi olmur, sanballı əsəri barədə təvazökarlıqla danışanda da. Tənqidçilərin və oxucuların yazıb-söylədikləri nə qədər səviyyəli olsa da, müəllifin o duyumu ilə heç vaxt tam üst-üstə düşmür, müəllif də deyilən və yazılanlarla ancaq nəzakət xətrinə tam razılaşır. Mənə görə, bu, ümumiyyətlə, yaradıcılığın yazılmamış və başlıca qanunlarından biridi”.

Hədiyyə Şəfaqət: “Son zamanlar ancaq şeir yazdığıma görə, çox güman şair kimi cavab verməliyəm. Məndə məsələ çox sadədir, misralar ard-arda gəldikcə içimdən bir səs “hə, bu, odur” deyir. Demirsə, silirəm gedir. Düzdür, o səsin hardan yarandığı da soruşula bilər, belədə adətən, “fizikanı və biokimyanı çox sevirəm” deyərəm… İstəyən zarafat kimi də qəbul edə bilər, ümumiyyətlə bir çox məsələdə olduğu kimi, bu barədə də fikrimi əsaslandırmağı xoşlamıram”.

Etimad Başkeçid: “Salamın bu sualı ritorik sualdır. Sənətkarı sənətkar eləyən özünə və yazdıqlarına kənar gözlə baxmaq qabiliyyətidir. Əks halda, “Ay da, Puşkin, ay da, sukin sın” nidası meydana gəlməzdi. Digər tərəfdən, tarixdə yaxşı yazdığını güman edib, özünü öldürən və bununla kitabına diqqət çəkmək istəyən adamlar da olub. Amma sonda məlum olub ki, adam mənasız əsər yazıb. Bir sözlə, yaxşı sənətkar yaxşı və ya pis yazdığını bilir, pis sənətkar isə bədbəxt olduğundan xəbərsizdir, yəni “görkəmli”dir.

Murad Köhnəqala: “Ruslarda belə bir kəsə məsəl var: о вкусах не спорят. Doğrudan da zövqlərin mübahisəsi başlasa, tərəfləri sonsuzluğa aparar. Ona görə bu problemə bizim “heç kim öz ayranına turş deməz” kimi alver məsəlimizlə də bayağı bir nöqtə qoymaq olar. Qaldı həqiqi meyara, şəxsən mən geniş mütaliəli, elitar adamların estetik zövqünə daha çox bel bağlayıram”.

Şərif Ağayar: “Əsər ən birici özümü qane etməlidir. Belə olmasa, içim rahat olmaz və yazmaqdan mənəvi zövq ala bilmərəm. İkinci, zövqünə və intellektinə inandığım dostların fikri ilə hesablaşıram. Üçüncü və bəlkə də ən vacibi səmimi, iddiasız oxucuların qiymətidir. Məncə, əsər yaxşı olanda bu ardıcıllıqla əsasən, hamını qane edir. Yaradıcı adam nə yazdığını öz içində bilir və adekvat reaksiya görəndə xoşbəxt olur. Müəllifi qane etməyən əsəri tərifləyəndə ürəkdən sevinə bilmir”.

Alpay Azər: “Yazdığım hekayə öncə özümü qane etməlidir. Məni qane edən, xüsusi həssaslıqla yazdığm mətnlər 3-5 peşəkar ədəbiyyat adamını da qane edirsə, onda əmin oluram ki, yazdığım yaxşı alınıb”.

Mübariz Örən: “Yazdığın mətnlə bağlı deyəcəyin bircə söz, yaşayacağın bircə hiss belə qalmayıbsa, deməli, mətn alınıb. Əsərin bəhs etdiyi adamlar, yerlər, hadisələr real həyatda artıq sənə maraqlı deyillərsə, deməli mətn alınıb. Diridisə, bitgindisə, nəfəs alıb nəfəs verirsə, deməli, mətn alınıb. Sənli də, sənsiz də həyatda ayaq tutub yeriyəcəyinə, qanad açıb pərvazlanacağına əminsənsə, arxayınsansa, deməli, mətn alıb. Alınan mətnə zaval yoxdu”.

Aqşin Yenisey: “Əlimizin altında müqayisə nümunələri olmasaydı, bu günün dahi şairi holavardan başlayardı. Ədəbi qiymət müqayisədə üzə çıxır: nə qədər tanıyırsan və tanıdıqlarına nə qədər oxşamaq istəmirsən. Mənim yazdığım misraya, cümləyə verdiyim ədəbi qiymət budur. Yazar şüt törəməlidir, atasının kim olduğu bilinməməlidir”.

Ömər Xəyyam: “Bunlar aydındır: günəşin altda yeni heç nə yoxdur. İnsan öyrənmir xatırlayır… – ki, mən özüm də belə düşünürəm. Müəllif əvvəldən OLANI – ola bilər ki, o mənbəni tanımasın, hətta özünün tapdığı xəzinə kimi qələmə versin – köçürür. Bu köçürmə prosesi parıltılı olsa da, fəhmlə hiss edirsən ki, sənin içərisindəki enerjinin nüvəsinə dəymir, ola bilər, o mətni hamı pəh-pəhlə yesin. Onda ki, sən iki mövcud mətnin arasında – ya keçid kimi, ya da mətnlərin bağlayıcısı kimi bir cümlə tapırsan – xatırlayırsan – onda ki, əl-ayağın titrəyir, onda ki, az qala, özünə qonaqlıq verəsən, onda ki, Yuxarıdan bir zərrə – bir söz qədər – pay düşür qismətinə, onda ki, o bir ilmə işıq sənin içindəki Ali həqiqətə qovuşmaq üçün qurulmuş, lakin yarımçıq puzzle-nın ən sonuncu elementi kimi öz yerinə oturur, onda – o bir saniyəlik, bəlkə saniyədən də az bir müddətdə – sənə agah olur ki, bu mətn o MƏTNdir – O MƏTNDən bir hissədir, bir zərrədir – və sən fəhmlə qərar verirsən ki, bəli, bu odur, bu həmin yaxşı mətndir…” (AzNews.az)