Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Media / Qəzet dövrü bitdimi, yoxsa hələ də oxuyanlar var – Baş redaktorlar nə deyirlər?

Qəzet dövrü bitdimi, yoxsa hələ də oxuyanlar var – Baş redaktorlar nə deyirlər?

Azərbaycan mətbuatının əsası qəzetlə (Əkinçi qəzeti 1875-1877) qoyulsa da, texnologiyanın inkişafı bu gün çap mediasını geridə qoyur.

Lakin Azərbaycanda fəaliyyət göstərən bir neçə qəzetin baş redaktorları son illər qəzet satışında stabillik olduğunu bildirirlər.

“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, «Əməkdar jurnalist», Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı Vüqar Rəhimzadə Metbuat.az-a açıqlamasında bildirib ki, problemsiz bir il olub və işlər uğurla reallaşdırılıb:

“Qəzetin yayımı bu gün bir çox formada həyata keçirilir. İlk növbədə abunə, sonra pərakəndə satış, eyni zamanda əl yayımı yolu ilə həyata keçirilir. Düşünürəm ki, bu il üçün ciddi problemlərlə üzləşmədik. Abunə ilə bağlı xüsusilə qeyd eləmək istəyirəm ki, “Azərmətbuat” ASC və “Kaspi” mətbuat yayımı firmasını çox yüksək qiymətləndirirəm. Oxuculara qəzetlərimizin çatdırılmasında xüsusi diqqət göstəriblər. Onlar qəzet fəaliyyətində uğurlu işlərlə yadda qalıblar. Pərakəndə satışla bağlı isə paytaxtımızda böyük köşklər var. Bu köşklərdə qəzet satışı həyata keçirilir. Ümumən, bu məsələdə ciddi problemlərlə rastlaşmamışıq. Bu işlərin sistemləşdirilməsi ilə bağlı Mətbuat Şurasında komissiya fəaliyyət göstərir və buna nəzarət edir. Həmçinin, Mətbuat Şurası bu işlərin daha da yaxşı olması, daha çox oxucuya çatdırılması ilə bağlı müəyyən layihələrin həyata keçməsində rol oynayıb. Hesab edirəm ki, bu il işlər uğurla reallaşdırılıb”.

Vüqar Rəhimzadə onlayn çap mediasından imtina ilə bağlı suala belə cavab verib:

“Elektron media informasiya operativliyinə görə kifayət qədər oxucuların diqqətini cəlb edir. Düşünmürəm ki, çap mətbuatı birdəfəlik aradan qalxa bilər. Çünki çap mətbuatı həmişə olub, bu gün də ona ehtiyac var. Tarixi yaşatmaq, analitik təhlil yazıların mediada yer alması üçün çap mətbuatı həmişə olacaq. Qəzetin hansısa ünvana çatdırılması müəyyən vaxt tələb edir. Amma elektron mediada informasiya yerləşdiyi zaman bir neçə saniyə ərzində məlumata çatmaq üçün şərait var. Buna görə də, biz, “İki sahil” qəzetinin elektron versiyasının inkişafına önəm vermişik. Düşünürəm ki, son illər ərzində “İki sahil” saytının da fəaliyyətini yaxşı tənzimləyə bilmişik. Bundan sonra qarşımızda daha böyük hədəflər var. Bu televiziyanı elektron media qurumları sırasında saymaq olar. Bu sahənin də operativ, çevik şəkildə işinin tənzimlənməsində müəyyən planlarımız var”.

Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Metbuat.az-a açıqlamsında 2017-ci ildə qəzet satışından danışıb:

“İndiki şəraitdə qəzet satışı stabil xarakter alıb. Bu, 2016 daxil olmaqla 2017-ci ildə də stabil prosesə çevrilib. Əvvəlki illərdə qəzetin satışında enmələr, qalxmalar, dəyişmələr oldurdu. Amma son 1-2 ildə qəzetin həm səyyar satışı, həm də abunə yolu ilə yayımında stabillik var. Bu da indiki çap media üçün məqbul bir vəziyyətdir. Amma əvəzində qəzetlərin internet saytları yavaş-yavaş inkişaf edir. Lakin qəzetlərin oxucularının az olmasına baxmayaraq, onun bir üstünlüyü var. Bu da ondan ibarətdir ki, dövlət siyasətinin müəyyən məsələləri ilə bağlı analitik təbliğatlı yazıların ictmaiyyətə çatdırılmasında qəzetlər çox böyük rol oynayır. Baxmayaraq ki, qəzetlərin oxucu dairəsi virtual media ilə müqayisədə azdır. Yəni, çap medianın üstünlükləri var. Bəlkə də, bu üstünlüklərinə görə qəzetlər media bazarında öz nüfuzunu qoruya bilir. Bir sözlə, qəzetlərin satışında stabil vəziyyət var. Bu, bizi qane edir. Lakin bu stabil vəziyyətdə geriləmə tendensiyalarına imkan verməməliyik”.

Aydın Quliyev çap mediadan imtina ilə bağlı suala belə cavab verib:

“Qəzet jurnalistikasından imtina yolunda iki ciddi əngəl var. Birincisi, çap media dövlət isyasətinin müəyyən istiqamətlərində həm Dağlıq Qarabağ, həm ölkənin daxili, həm də xarici siyasəti ilə bağlı analitik materialların ictimaiyyətə çatdırımasında böyük rol oynayır. Operativ informasiyalarda virtual media öndə getsə də, analitik materialların cəmiyyət çatdırılmasında, dövlət mənafelərinin təbliğ olunmasında bu gün çap media böyük rol oynayır. Buna görə, qəzetdən imtina etmək düzgün olmaz.

İkincisi, Azərbaycanın çox böyük imkanları var. Ölkəmiz inkişaf edir, qeyri-neft sektorunda böyük tərpəniş var. Bu gün dünya ölkələri arasında hətta Azərbaycandan qat-qat aşağı iqtisadi göstəriciləri olan ölkələrin heç biri çap media variantından imtina etməyib. Çap mediadan imtina edən ilk ölkə olmaq Azərbaycan üçün çox pis imic yarada bilər. Düşünürəm ki, bu iki ciddi səbəbə görə qəzet jurnalistikasından imtinanın hələ vaxtı deyil”.

“Səs” qəzetinin baş redaktoru, Səs Media Qrupunun təsiscisi və rəhbəri Bəhruz Quliyev qəzet satışının ötən illər müqayisədə stabil olaraq qaldığını qeyd edib:

“Bizdə abunə və satışlar var. Qəzet satışında bu il qeyri-adi bir dəyişiklik olmayıb. Kiçik nisbətdə irəliləyiş var. Ümumilikdə, media qrupunun maliyyə vəziyyəti çox da pis deyil. İndiki dövrdə Azərbaycanda fəaliyyət göstərən redaksiyalarla müqayisədə maddi vəziyyəti normaldır. 2017-ci ildə də dəyişməz olaraq qalıb”.

Bəhruz Quliyev qəzetdən imtina hallarını mümkünsüz olaraq dəyərləndirib:

“Qəzetdən imtina hallarına inanmıram. Çünki “Səs” qəzeti 1991-ci ildən fəaliyyət göstərən bir qəzetdir. Hər bir mətbuat vasitəsi tarixdir. Ona görə, gələcəkdə bu peşəkar mediadan tam şəkildə imtina edilməyini düşünmürəm. Amma sözssüz ki, dünyada internet resurslarının inkişafını nəzərə alaraq, resurslarımızı inkişaf etdirməyə ehtiyac var. Media qrupuna aid “Səs” qəzeti, Səs informasiya agentliyi (SİA), “Səs” Tv və bir sıra portalları inkişaf etdirmək mənim gələcək planlarımdır. Böyük layihələrimiz var. Bunu indidən açıqlamaq fikrim yoxdur. Öz zamanında maraqlı və sensasiyalı olacaq”.

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …