Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / “Qəbul imtahanı ancaq ödənişsiz ixtisaslar üçün keçirilsin” – TƏKLİF

“Qəbul imtahanı ancaq ödənişsiz ixtisaslar üçün keçirilsin” – TƏKLİF

“Buraxılış və qəbul imtahanı 20 ildir müzakirə mövzusudur. Nədənsə hamı çalışır ki, təhsil sistemində olan problemlərin hamısı yalnız imtahan vasitəsilə həll olunsun. Amma bu, mümkün deyil”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, buraxılış imtahanı tədrisdəki dəyişikliklərə uyğun olaraq dəyişilir. 9 il əvvəl şagirdlərin məktəblərdə yeni kurrikuluma keçdiyini xatırladan M. Abbaszadə vurğulayıb ki, yeni tələblərə əsasən, uşaqların bilik və bacarığının ölçülməsi həyata keçirilməlidir. Sədr qeyd edib ki, artıq orta ixtisas məktəblərinə və texnikumlara qəbulu abituriyentin buraxılış imtahanının (3 fəndən – ana dili, riyaziyyat və xarici dil) nəticəsinə əsasən, həyata keçir: “İkincisi, qabiliyyət tələb edən ixtisaslara qəbul üçün abituriyentlər yalnız buraxılış imtahanı, sonradan qabiliyyət imtahanı verməlidirlər. Ancaq elə ixtisaslar var ki, abituriyent yalnız 3 fəndən imtahan verərək müsabiqədə iştirak edə bilməz. Bunun üçün yavaş-yavaş buraxılış imtahanlarında fənlərin sayı artmalıdır. Deməli, vahid imtahana keçmək üçün həm fənlərin sayı artmalı, həm də imtahanın forma-modeli dəyişməlidir. Çünki məktəblərdə artıq yeni kurrikulum tətbiq olunur. Buraxılış və qəbul imtahanlarının nə zaman birləşəcəyini demək çətindir. Çünki builki IX sinfin buraxılış imtahanlarının nəticəsinə görə araşdırma aparılacaq. Yalnız bundan sonra biz bununla bağlı hansısa dəqiq fikir söyləyə biləcəyik” (APA).

M.Abbassadənin sözlərini şərh edən təhsil eksperti, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin (GEMİ) sədri Sərdar Yusifoğlu Qafqaznews.az-a bildirdi ki, DİM rəhbərinin nəhayət problemlərin ancaq imtahanla həll edilmədiyi barədə açıqlaması onu təəccübləndirdi. “Maraqlıdır ki, uzun illərdir bir çox ekspert bu barədə danışırdı, amma Məleykə xanım reaksiya vermirdi. Hazırda, onun bu fikirlərlə razılaşması sevindirici haldır. Yəni, təhsil problemləri ancaq imtahanla həll olunmur. Ona görə də, abituriyentləri, məktəbliləri fənn bolluğu ilə sıxmağa ehtiyac yoxdur. Buraxılış imtahanlarında bir və ya iki fənn artırmaq olar, amma daha səmərəli yanaşma üsulları axtarmaq lazımdır”, – deyə ekspert qeyd edib. Onun sözlərinə görə, ən səmərəli çıxış yolu orta məktəblərdə təmayülləşmənin aparılması və buraxılış imtahanlarının da məhz təmayüllər əsasında təşkil edilməsidir. “Bir çox ölkələrdə, o cümlədən də, qardaş Türkiyədə orta məktəblərdə müəyyən mərhələdən sonra siniflər təmayül üzrə bölünür. Və məktəblilər maraqlı olduqları elmlərə əsaslanan tədris proqramı ilə təhsil alırlar. Düşünürəm ki, bu cür islahatlar bizim təhsil sistemində də aparılmalı, yuxarı sinif şagirdləri artıq buraxılış imtahanlarına girərkən, ayrı-ayrı təmayüllər üzrə suallara cavab verməlidirlər. Bu, həm də ali məktəblərə qəbul məsələsində yardımçı rol oynaya bilər”, – deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, qəbul imtahanlarını ləğv etməyə ehtiyac yoxdur: “Qəbul imtahanları keçirilsin, lakin bu imtahanlar ancaq ödənişsiz ixtisaslar üzrə olsun. Ödənişli ixtisaslar üzrə isə tələbə qəbulu ya ayrı bir mexanizm, ya da universitetlərin daxili qaydaları əsasında aparıla bilər. Qəbul imtahanlarına hazırlaşmaq da böyük zəhmət tələb edir. Qoy zəhmət çəkənlər, hazırlaşanlar dövlət hesabına təhsil almaq üçün qəbul imtahanlarında biliklərini sınasınlar”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın