Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Pullu çimərliklər cibimizə, pulsuz çimərliklər isə canımıza qəsd edir – REPORTAJ

Pullu çimərliklər cibimizə, pulsuz çimərliklər isə canımıza qəsd edir – REPORTAJ

Artıq iki aydır ki, Bakıda çimərlik mövsümü başlayıb. Lakin hava küləkli keçdiyindən insanlar yalnız indi, isti havada dənizə axın edir. Vətəndaşlar daha çox Hövsan, Türkan, Şıxov, Bilgəh, Novxanı, Pirşağı, Corat çimərliklərinə üz tuturlar.

Əhalinin imkansız təbəqəsinin ən çox axın etdiyi çimərliklər Türkan və Hövsan çimərliyidir. Səbəbi isə odur ki, burada əksər çimərliklər pulsuzdur, pulsuz olmayanlar isə elə də baha deyil.

Musavat.com-un müxbiri bu sahədə vəziyyətin necə olduğunu öyrənmək üçün Hövsan çimərliyinə baş çəkib.

Əvvəlcə Hövsan çimərliyinin pulsuz olan ərazilərinə getdik. Əhalinin ən çox gəldiyi ərazilər təbii ki, ödənişsiz olan yerlərdir. İnsanlar heç bir ödəniş etmədən burada dincələ bilərlər. Təqribən 1 kilometr məsafədə olan çimərliklər əhalinin xidmətindədir. Lakin pulsuz çimərliklərdə sanitar vəziyyət heç də ürəkaçan deyil.

Pulsuz çimərliklərin olması əhalinin büdcəsinə xeyirli olsa da, səhhətinə ziyandır. Burada nəzarət olmadığından istirahətə gələn vətəndaşlar özləri ilə gətirdikləri yemək-içməyin qalıqlarını elə dənizkənarına tullayırlar. Nəticədə zibil tullantıları yığılaraq antisanitariya yaradır. Ərazidə müşahidə apardığımız zaman ətrafa səpələnmiş qarpız qabıqları, sellofan torbalar, içki şüşələri sanki zibilxananı xatırladırdı.

İnsanların bəziləri təmizliyə riayət etsələr də, təəssüf ki, böyük əksəriyyət dənizi zibilləməkdən çəkinmir. Hətta içki şüşələrinin qırılaraq ətrafa səpələnməsi də təhlükə yaradır. Xüsusən qumda oynayan uşaqlar üçün bu təhlükə mənbəyidir.

Bu ərazidə dəniz suyu da əhalinin ürəyincə deyil. Dənizə istirahətə gələnlər suyun natəmiz olduğunu da dedilər: “Hövsan çimərliyində yeganə pulsuz yerlər elə gördüyünüz bu ərazidədir. Vətəndaşlarımız çimərliklərin ətrafına və dənizə zibil tullantıları atırlar. Bir də görürsən ki, lazımsız əşyalar, qida qalıqları suyun üzündədir. Əslində normal istirahət üçün yer olmasa da, üzmək və yaxud qum üzərində günəşlənmək üçün yaxşı yerdir. Ancaq qumu da çirkləndirirlər. Avtomobilləri insanların istirahət etdiyi yerdə saxlayırlar. Bir çox hallarda isə avtomobillər qumun içərisində batıb qalır. Nəticədə istirahətə gələnləri narahat edirlər. Sadaladığım hallar olmasa, burada dincəlmək üçün normal şərait var”.

Vətəndaşlar bildirdi ki, yaxın vaxtlarda pulsuz çimərliklər də özəlləşdirilə bilər: “Buraya yaxın yerdə yaşayıram. Demək olar ki, hər gün buraya istirahətə gəlirəm. Əvvəllər gördüyünüz otellərin, kafelərin yerində əhali pulsuz istifadə edirdilər. Son zamanlar dəniz kənarlarını hasarlayıb, çimərlikləri özəlləşdirdilər. Eşitdiklərimizə görə, imkanlı şəxslər bu çimərlikləri almaq istəyirdilər. Ancaq mümkün olmadı. Çimərlik SOCAR-ın nəzarətində olduğu üçün ala bilmədilər. Şirkət buradan dəniz vasitəsi ilə borular aparır”.

Ödənişli çimərliklərə gəlincə, restoran və kafeyə görə qiymətlər fərqlənir. Ən ucuz çimərlik adambaşına 1-2 manata, əgər gündən qorunma çətirləri alacaqsınızsa 4 manata, daş eyvanlar isə 10 manata təklif olunur. Bu eyvanların özəlliyi hər tərəfinin bağlı və sərin olmasıdır. Özəl çimərliklərin pulsuz çimərliklərlə fərqi xidmət səviyyəsinin və təmizliyin yüksək səviyyədə olmasıdır. Burada dəniz kənarı və su yosunlardan təmizlənərək istifadəyə verilir. Bununla yanaşı çimərlikdən istifadə edənlərə nəzarət olunur.

Ötən ilə nisbətən çimərliklərin qiymətlərində dəyişikliklər var. Mərdəkanda yerləşən “Dalga Beach-Aqua Park” istirahət mərkəzinə girişin qiyməti həftəiçi 25 AZN, şənbə-bazar günləri isə 35 AZN-dir. 6 yaşa kimi uşaqlar üçün ödəniş edilmir. 6 yaşdan yuxarı uşaqlar üçün 15 AZN ödəniş olmalıdır. Nardaranda yerləşən “Sea Breeze hotel”in qiyməti 20 manatdır. 10 yaşadək uşaqlara isə giriş pulsuzdur. “Nar & Sharab” restoranının xidmətlərindən də istifadə etmək mümkündür. Girişin qiyməti 15 AZN-dir. Bu məbləğə hovuz, duş kabinəsi, «lejanka», dəsmal daxildir. Hövsanda yerləşən “Halikarnas Balıkçısı”nda həftənin bazarertəsi xanımlar üçün giriş pulsuzdur. Qalan günlər isə 10 manatdır. Bura dəsmal, “lejanka” və çətirli masa daxildir.

Bilgəh qəsəbəsində yerləşən “Amburan” çimərlik mərkəzinə girişin qiymətləri fərqlidir. Belə ki, bazar ertəsi 18 AZN, cərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə 20 AZN, həftəsonu isə 25 AZN-dir. 7 yaşa qədər olan uşaqlara giriş pulsuzdur. Bu qiymətə hovuz, adi “lejanka”, futbol meydançası, mini qolf meydançası və s. daxildir. Qoyulmuş xüsusi divanlarda dincəlmək istəyənlər isə əlavə 25 manat ödəməlidirlər. “Ramada Bakı” çimərliyinə həftəiçi giriş 20 manat, həftəsonu isə 30 manatdır.

Qiymətlərin bu cür yüksək olması isə təbii ki, əhalini pulsuz çimərliklərə, hətta qadağan olunmuş yerlərə üz tutmağa vadar edir. Bu isə bir çox hallarda təhlükə deməkdir. Çünki əksər pulsuz çimərliklərdə xilasedicilər xidmət göstərmir, nəzarət məntəqəsi də yoxdur. Bu baxımdan hansısa təhlükə olarsa, ümid yalnız orada dincələn vətəndaşlaradır. Məhz bu səbəbdən suda boğulma hallarının əksəriyyəti də elə baxımsız və pulsuz çimərliklərdə olur.

Pullu çimərliklərdə isə xilasedicilər, nəzarət məntəqəsi var. Lakin burada da suyun üzərində xəbərdarlıq nişanları qoyulmayıb, kim hansı dərinliyə qədər getmək istəyirsə gedir.

Müşahidələrimiz onu da deməyə əsas verir ki, insanlar içkili halda, alkoqol qəbul edərək suya girməkdən çəkinmirlər. Sahilboyu qumların üzərinə səpələnmiş saysız-hesabsız pivə və araq şüşələri insanların özünü necə təhlükəyə atmasından xəbər verir. Məlum olduğu kimi, sərxoş halda dənizə girmək təhlükəlidir.

Bu mənada hər gün mətbuatda oxuduğumuz onlarla boğulma xəbərlərinin səbəbini məhz elə çimərliklərdə axtarmaq və buna qarşı tədbirlər görmək vacibdir. Bu boğulmaların səbəbi təkcə əlverişsiz hava şəraiti yox, həm də insanların ehtiyatsız davranışlarıdır.
























Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın