Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Professor ölkə başçısına intihar məktubu yazdı: – “Sensasiya yaradacaq əmələ əl atmağa məcburam”

Professor ölkə başçısına intihar məktubu yazdı: – “Sensasiya yaradacaq əmələ əl atmağa məcburam”

İqtisad elmləri doktoru, professor Bədirxan Musayev Azərbaycan prezidenti İlham Əliyevə, Heydər Əliyevin məzarına, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və digər rəsmi şəxslərə yenidən müraciət edib.

40 il Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri işləmiş, eyni zamanda sabiq rektor Şəmsəddin Hacıyevin müşaviri olmuş professor yazır ki, ötən ay müxtəlif dövlət qurumlarına müraciətində adıçəkilən ali məktəbdə baş vermiş korrupsiyanı yaxından təqib edərək, dövlət başçısına bu barədə açıq müraciət etməsindən sonra dözülməz vəziyyətlə üzləşib:

“2011-ci ilədək bu barədə ölkə başçısına öz imzamla müraciətlər yazdım. Gördüm ki, baxan, qiymət verən, araşdıran yoxdur. Odur ki, 2011-ci ilin noyabr ayında rektor Ş.Hacıyevin korrupsiya əməli, tayfabazlıqla universiteti bandit düşərgəsinə çevirməsi və sair qanunsuzluqlarla bağlı “Reytinq” qəzetində açıq müraciət etdim. Qəzetdəki bu müraciətdən dərhal sonra Ş.Hacıyev məni müşavir vəzifəsindən azad elədi. Bundan bir həftə sonra isə, məni kafedra müdiri vəzifəmdən rüsvayçı və tamamilə əsassız ittihamlarla uzaqlaşdırdı. Ş.Hacıyev məni vəzifələrimdən azad etmək üçün cinsi azlığın nümayəndəsi olan işçisindən tutmuş, korrupsiyada əsas rol alan dəstəsinin köməyindən də istifadə elədi. Mən abrıma, hörmətimə qısılıb, bunların səviyyəsinə enmədim, ancaq onların hərəkətləri haqda iclasın video-çəkilişləri məndədir, bunlara baxsanız, Hacıyevin hansı xarakter sahibi olduğunu görərsiniz. İstənilən zaman Ş.Hacıyevin özünün çəkdirdiyi, mənim isə 500 manata aldığım həmin diskin nüsxəsini Sizə təqdim edə bilərəm”.

Professor qeyd edir ki, 5 ildir dayanmadan bu barədə, eyni zamanda universitetdəki korrupsiya faktlarını sənədlərlə Baş prokurorluğa, məhkəmələrə, Prezident Administrasiyasına, Milli Məclisə göndərsə də, araşdıran yoxdur: “Çünki Hacıyev oğurladığı pullarla buna imkan vermir”.

B.Musayev iddia edir ki, hələ Heydər Əliyev “KQB”-nin rəhbəri olan zaman onunla çox yaxşı dostluq münasibətini nəzərə alaraq, ötən ay onun məzarına müraciət qoyub:

“Hesab elədim ki, hər gün Ulu Öndər deyərək, əməlləri ilə ona qarşı çıxan məmurların bəlkə ədalət hissi oyanar. Doğrudan da bundan sonra hazırda YAP Səbail rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyevin vaxtiylə mənə qarşı qanunsuz əməllərindən, universitetdəki korrupsiya və rüşvətxorluqla bağlı etdiyim müraciətlə bağlı tərpəniş yarandı. Həmin müraciətimə Prezident Administrasiyasından, prokurorluqdan, Ali Məhkəmədən cavablar gəldi. Məsələn, Baş prokurorluq mənə yazıb ki, müraciətim baxılmaq üçün Milli Məclisə göndərilib. Ali Məhkəmə də cavab verdi ki, müraciətiniz baxılması üçün Baş prokurorluğa göndərilib. Hələ də anlaya bilmirəm ki, bu qurumlar niyə şikayətləri bir-birinin üzərinə atırlar?”.

Şikayətçi qeyd edir ki, onun əsas müraciəti Ulu öndər Heydər Əliyevin məzarına edilib: “Hesab edirəm ki, bu şikayətimə bir başa ölkə prezidenti, hörmətli İlham Əliyevin şəxsi nəzarətiylə baxılmalı idi.

Ancaq yuxarıda qeyd etdiyim kimi, dövlət qurumları müraciətimi yuxarıdan aşağıya doğru bir-birinin üzərinə yönləndirməklə, sanki Şəmsəddin Hacıyevin yanında gözükölgəli olduqlarını təsdiqləyirlər. Axı, Milli Məclis öz deputatından şikayətə necə baxa, ona ədalətli qiymət verə bilər?

Eyni zamanda, Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevin Ali Məhkəmənin sədr müavini olan qardaşı Hikmət Mirzəyevlə Şəmsəddin Hacıyev yaxın dostdur. Hətta mən rektorun müşaviri olan zaman Şəmsəddin Hacıyev dekan Telman Babayevlə məhkəmə çəkişməsini məhz Hikmət Mirzəyevin dəstəyi, hakimlərə qanunsuz təsiri ilə uddu.

O, məhz Hikmət Mirzəyevin dəstəyi ilə mənim də məhkəmə orqanlarında qanuni haqlarımı bərpa etməyimə, rüşvət, korrupsiya, universitetin əmlaklarının talanması və digər faktlarla bağlı iddialarıma obyektiv baxılmasına imkan vermədi. Hacıyev, demək olar, hakimlər korpusunu satın alaraq, istədiyi qanunsuz qərarları çıxartdırır”.

Professorun yazdığına görə, müraciətindən ötən bir ay ərzində gəldiyi qənaət onu yanıltmayıb:

“Həmin yazışmalardan sonra şikayətimlə bağlı hər hansı tərpəniş yoxdur. Görünür, bu ölkədə haqqını qorumaq, şikayətlərinə hüquqi qiymətin verilməsi, Hacıyevin haqq etdiyi cəzanı alması üçün gözlənilməz, hay-küylü hadisələr törətməlisən ki, sənin şikayətin araşdırılsın. Axı, mənim yaşım və sahibi olduğum elmi titullarım, maddi imkanlarım bu cür aksiyalara imkan vermir. Məndən nə istəyirsiz, nələr gözləyirsiniz? Bu yaşımda qan tökməyimi, mühacirət etməyimi istəyirsinizmi?”.

Professor Musayev onu da bildirib ki, son 5 ildə prezident İlham Əliyevə və məmurlara Şəmsəddin Hacıyevin ona qarşı əməlləri və yol verdiyi qanunsuzluqlar haqda 340-350 dəfə müraciət edib:

“Ş.Hacıyevin əməllərinin araşdırılması üçün məmurların hər birinə 100 səhifədən çox inkarolunmaz sənədlər təqdim etmişəm. 4100 nəfərdən çox respublika ziyalısıtərəfindən prezidentə məni qəbul etməsi üçün 6 dəfə müraciət olunub. Mətbuatda Ş.Hacıyevin barəsində tədbir görülməsinə çağırış edən 300-dən çox faktoloji məqaləm çap olunub. Ş.Hacıyevin puluna satılan 100-dək məhkəmə hakimi ilə üz-üzə gəlmişəm. Ancaq YAP-a üzqarası olan Hacıyevin pulunun qarşısında ədalətin gücü qıldan da incə olub. Hansı ki, Ş.Hacıyev adıçəkilən universitetin Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat mənimsəyib. Təmir-tikinti işlərinin lahiyə dəyərinin 40 faizi təyinatından yayındırılıb. Eyni zamanda, Dərbənd şəhərində universitetin vəsaiti hesabına öz adına 0,5 hektar torpaq sahəsini sənədləşdirmiş və eyni ərazini universitetə 3 dəfə satmışdır. Universitetdə qeyri-qanuni olaraq “İqtisadçı-2005”, “Turan-2009” şirkətləri yaratmış, universitetin kooperativ binasının böyük hissəsini özəlləşdirmiş, Quba rayonunun Nügədi kəndində olan istirahət bağını xarabazarlığa çevirmişdir. Ancaq Hacıyev rektor vəzifəsindən qovulsa da, vaxtiylə universitetin müəllimləri üçün tikilən binada mənzil bağışladığı PA-nın, YAP-ın, Nazirlər Kabinetinin və digər qurumların məsul əməkdaşlarının dəstəyi ilə YAP-a soxularaq, özünə “toxunulmazlıq səddi” yaratdığını düşünür. Ancaq o, çirkab içindədir. Yəqin buna görə Siz Ş.Hacıyevin Milli Məclisdə komitə sədri seçilməsinə razılıq verməmisiniz.

Hörmətli cənab prezident İlham Əliyev, sədri olduğunuz bir partiyada belə bir adamın olmasına necə qiymət vermək olar?”.

Professor yazır ki, Ş.Hacıyev vaxtiylə universitetin kooperativ binasının zirzəmisini və 1-ci mərtəbəsini də qeyri-qanuni özəlləşdirib: “O, birinci mərtəbəni 3 milyon manata satıb, Pirşağada 10 hektar torpaq sahəsini zəbt edib. İndi sotunu 8 min manata satır. Şəhərdə 11 mənzil ələ keçirib. Birinci mənzilə qeyd olunub, axırıncı mənzildə yaşayır, qalanlarını kirayə veribdir.

Hörmətli cənab prezident! Bu, mənim sizə və aidiyyatı qurumlara son müraciətimdir. Ümid bəsləyirəm, gözləyirəm və son dəfə xahiş edirəm ki, Ş.Hacıyevin törətdiyi əməlləri araşdırıb, onu cinayət məsuliyyətinə cəlb edəsiniz. Əks halda bu yaşımda ölkədə sensasiya yaradacaq əmələ əl atacağıma, haqqımı bu yolla bərpa edəcəyimə məcbur qalacağam”.

Reyting.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın