Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Premium Clinic”də qiymət baha, xidmət isə aşağıdır  

“Premium Clinic”də qiymət baha, xidmət isə aşağıdır  

Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri tibb ocağına istənilən səviyyədə nəzarət edə bilmir Kiməsə arxayın olan baş həkim Nizami Vəliyev, eləcə də klinikanın sahibi qanunlara riayət etmir Ölkəmizdə hər il xəstələrin sayı artır. Dövlət Statistika Komitəsinin əhalinin xəstələnməsi ilə bağlı yaydığı məlumatlara əsasən, vətəndaşlar ötən illərdə tibb müəssisələrinə ən çox bu xəstəliklərdən müraciət ediblər: tənəffüs orqanları – 724 min 329 nəfər, həzm sistemi – 131 min 534, infeksion və parazit – 118 min 39, qan dövranı sistemi xəstəlikləri – 121 min 988, travmalar, zəhərlənmələr və digər səbəblərdən – 114 min 707 nəfər. Göründüyü kimi, ildən-ilə artan xəstəliklər vətəndaşların dövlət tibb ocaqları ilə yanaşı, özəl klinikalara müraciətinin sayında da artım müşahidə olunur. Özəl klinikalar bu artımdan məharətlə istifadə edirlər.

Klinikaların həkimlərinin tez-tez müxtəlif telekanallara çıxaraq reklamla məşğul olması buna sübutdur. Özəl klinikalar müasir texniki avadanlıqlarla təmin olunmalarına baxmayaraq, bəzən elə hallar olur ki, xəstələrə qoyulan səhv diaqnoz və ya həkimlər tərəfindən aparılan yanlış müalicə əhalinin ciddi narazılığına səbəb olur. Bakıda fəaliyyət göstərən bir neçə özəl xəstəxananın qiymətləri heç də hamının cibinə uyğun deyil. Belə ki, son zamanlar reklam sayəsində xeyli müştəri toplayan özəl klinikalarda qiymətlər sözün əsl mənasında baş döndürür. Bu cür tibb ocaqlarından biri də 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən “Premium Clinic”dir. Məlumat üçün qısaca bildirmək istəyirik ki, “Premium Clinic” MMC 24 aprel 2013-ci ildə təsis olunub. Təsisçi 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universiteti bitirmiş həkim-travmatoloq Nağıyev Mübariz Şəmistan oğludur.

Klinika Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 25 B ünvanında 6 mərtəbəli binada fəaliyyət göstərir. Ambulator şöbədə müxtəlif saylı yüksək ixtisaslı mütəxəssislər-kardioloq, endokrinoloq, terapevt, nevropatoloq, androloq, dəri-zöhrəvi, uroloq, pediatr, cərrah, travmatoloq, fizioterapevt, stomatoloq, otalarinqoloq və s. fəaliyyət göstərirlər. Klinikanın baş həkimi Nizami Vəliyevdir. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, “Premium Clinic”in reklamı güclü olsa da, burda əhaliyə göstərilən tibbi xidmət haqda eyni sözləri söyləmək mümkün deyil: “Səhiyyə müəssisəsi demək olar ki, hər cür tibbi avadanlıqlarla təchiz olunub. Lakin qiymətlər həddən artıq bahadır. Həkimlər qiymət bahalığını özlərinə məxsus şəkildə izah etməyə çalışırlar. Pasiyentlərə yüksək səviyyəli xidmət göstərilmir. İlk növbədə onu demək lazımdır ki, “Premium Clinic”də vətəndaşlara ödədikləri pulun qarşılığında qəbz vermirlər. Bəzi insanlar bunun səbəbini soruşsalar da, cavab ala bilməyiblər.

Klinikada kassa nəzarət aparatı yoxdur. Bu isə o deməkdir ki, tibb ocağının rəhbərliyi vergidən yayınır.

Bundan başqa, həkimlərin qəbuluna yazılmaq üçün 40 manat ödəməlisən. Bu standart qiymətdir. Pulun varsa həkim səni qəbul edir, yoxdursa əliboş geri qayıtmalısan. Qan analizi 10 manatdan başlayır. Cərrahi müdaxilə vacib olduğu təqdirdə bütün analizlər daxil olmaqla ödün çıxarılması vətəndaşa baha başa gəlir. Daxili orqanlarda əməliyyatın qiyməti isə lap bahadır. Burda çalışan həkimlərin bir neçəsi eyni zamanda dövlət xəstəxanalarında da işləyirlər. Onlar pasiyentlərinin bir çoxunu özəl klinikaya yönəldirlər. Bunun əvəzində klinika həkimə müəyyən faiz ödəyir”.

Məlumatlı mənbənin bildirdiyinə görə, “Premium Clinic”in bəzi həkimlərinin xarici ölkələrdə təcrübə keçdiyi deyilsə də, peşəkarlıq səviyyəsi ortada yoxdur: “Tibb ocağının rəsmi saytında bəzi həkimlərin xaricdə müxtəlif kurslarda iştirak etdiyi göstərilib. Buna baxmayaraq, həmin şəxslərin işində kifayət qədər qüsurlar var. Dəfələrlə vətəndaşlara yanlış diaqnozlar qoyulub. Sonradan həmin insanlar əlavə xərc çəkib xarici ölkələrdə müayinə olunmağa yollanıblar. Klinikanın fəaliyyətindəki mənfi hallarla bağlı Səhiyyə Nazirliyinə saysız-hesabsız şikayətlər olunub. Hansısa qüvvələr “Premium Clinic”də yoxlamaların aparılmasının qarşısını alır”.

Gələn saylarımızda klinika sahibinin Səhiyyə Nazirliyindəki himayəçisi və burda cərəyan edən qanunsuzluqlar haqda maraqlı məlumatları diqqətinizə çatdıracağıq. Bizi izləməyə davam edin. Yəqin ki, nazirliyin yetkili şəxsləri tezliklə sözügedən tibb ocağında yoxlama aparıb neqativ halları aradan qaldıracaq. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

gundelikbaku.com

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın