Ana səhifə / Media / Polkovnik nazirə şikayət etdi: – “Bu cür adamları niyə vəzifədə saxlayırsız?”

Polkovnik nazirə şikayət etdi: – “Bu cür adamları niyə vəzifədə saxlayırsız?”

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə şikayət edib.

Bir nüsxəsi də BakuPost.az-ın redaksiyasına göndərilən müraciətdə onun üzləşdiyi problem geniş şəkildə əks olunub: “Mən ömrümün 40 ilini hərbi xidmətə sərf etmiş, uzun illər boyunca Azərbaycan Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışmışam. Bu illər ərzində ölkəmə və xalqıma ləyaqətlə xidmət göstərmək üçün əlimdən gələni əsirgəməmişəm. Dövlətçiliyimizin qorunması və işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün bu gün də canımdan keçməyə hazıram. Bu, həm vətəndaş, həm də ehtiyatda olan hərbçi kimi mənim mənəvi borcumdur. Təəssüflər olsun ki, torpaqlarımızın 20 faizi işğal altında olduğu bir vaxtda hamımız gücümüzü səfərbər edib düşmənə qarşı mübarizə aparmalı olduğumuz halda bəzi məmurlar hələ də yalnız vətəndaş marağını öz şəxsi manəfelərinə qurban verirlər. Belə ki, Abşeron rayon Telekommunikasiya Qovşağının Novxanı bağları ərazisinin rəisi Asif müəllim düz iki aydır ki, mənim hüquqularımı pozur. İki aydır ki, həm şəhər telefonuna, həm də internetə görə ödənişi vaxtında həyata keçirsəm də, mənim evimdə nə telefon işləyir, nə də İnternet”.

Rövşən Məhərrəmov məsələ ilə bağlı rəisə dəfələrlə müraciət etsə də, onun problemi bu günə kimi həll olunmamış qalır. Birinci dəfə o, texniki nasazlığın üç gün ərzində aradan qaldırılacağını desə də, sonradan Telekommunikasiya Qovşağında bu problemi həll edə biləcək mütəxəssisin olmadığını bildirib. Rövşən Məhərrəmovun “ATS”ə növbəti dəfə müraciətində isə o, bağın yerləşdiyi ərazidə qazıntı işlərinin aparıldığını və telefon xəttinin tezliklə bərpa olacağını söyləyib. Bu dəfə də səbr etməkdən başqa çarəsinin olmadığını görən R.Məhərrəmov bir qədər gözləmək qərarına gəlib. Bir neçə gündən sonra isə naəlac qalaraq, probleminin həll ediləcəyi ümidi ilə Asif müəllimlə əlaqə saxlayıb. Qarşı tərəf vətəndaşa onun məsələsi ilə məşğul olmağa vaxtının olmadığını deyib. Rövşən Məhərrəmov Ramin Quluzadəyə müraciət edəcəyini deyəndə isə aldığı cavab bu olub: “Nazir mənə heç nə edə bilməz!”

Əlacsız qalan Rövşən Məhərrəmov çıxış yolunu KİV vasitəsilə səsini yuxarı instansiyalara çatdırmaqda görüb: “Ramin Quluzadə nazir təyin olunanda çox sevindik. Mən hər zaman yüksək vəzifələrdə potensialı olan gənc mütəxəssislərin çalışmasının tərəfdarı olmuşam. Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə bağlı da ümidlərimiz böyük idi. Amma başıma gələn bu olay məni çox sarsıtdı. Axı nə üçün öz işini bilməyən, vətəndaşların hüquqlarını pozan, onlarla kobud rəftar edən Asif müəllim kimi məmurlar hələ də tutduqları vəzifədən kənarlaşdırılmayıblar? Cənab Ramin Quluzadə niyə bu cür adamları hələ də vəzifədə saxlayıb. Əgər cənab nazir Ramin Quluzadəyə müraciətdən sonra da bu məsələ həll olunmasa, mən birbaşa cənab Prezidentə məktub yazacaq və açıq mətbuat konfransı keçirəcəyəm”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın