Ana səhifə / Media / “Polislər bizə dilənçi kimi baxırlar” – VİDEO

“Polislər bizə dilənçi kimi baxırlar” – VİDEO

Bu sənətin sahiblərinə metro ətrafında, yeraltı keçidlərdə, parklarda, bir sözlə insanların sıx hərəkət etdiyi yerlərdə rast gəlirik. Biz bunu kənardan bir əyləncə kimi görsək də, əslində kimiləri üçün qazanc yeri, dolanışıq mənbəyidir. Əhali arasında onlar küçə musiqçiləri kimi tanınırlar. 
İnsanlar düşünür ki, bunun üçün əlinə bir gitara alıb 3-5 mahnı əzbərləmək kifayət edir. Lakin dərindən maraqlananda görürsən ki, hər əlinə gitara alan bu işin öhdəsindən gələ bilməz. Pul qazanmaq istəyirsənsə işini yaxşı bilməli və təşkil etməlisən. Gitarada yaxşı ifa etməklə yanaşı, gərək səsin, oxumağın da olsun. Ətrafda səni dinləyən insanları cəlb etmək üçün bu, çox önəmlidir. Təbii ki, bunun üçün məkan seçimi də önəm daşıyır.
Sizə təqdim edəcəyimiz qəhrəmanımız gəncliyinin 10 ilini bu sənətə verib. Öz işində mahir olan, çörəyini də elə gitaradan çıxaran Ruslan Maisov demək olar ki, illərdir, bu peşə ilə məşğul olur. Musiqiçi ailəsində doğulduğu üçün gitaraya maraq göstərib.
 
Özünün dediyinə görə, doqquz musiqi alətində sərbəst ifa edə bilir. Təhsili olmasa da, o, bu gün özünü professional gitarist hesab edir. Hətta bu yaşında tələbələrinin də olduğunu deyir: “Bu sənət çox gözəldir. Ancaq təəssüflər olsun ki, qiymət verən yoxdur. Polislər bu sənətə dilənçilik kimi baxırlar. Çox zaman bizi tutub bölməyə aparırlar. Bir az bölmədə saxlayırlar, heç adımızı da yazmırlar. Rəis deyir ki, bunu buraya niyə gətirmisiz, buraxın getsin…”
Həmsöhbətim deyir ki, bəzi özəl günlərdə qazancı yüz manatı ötür: “Yeni il günü gecə yarısına kimi işləyib, 300 manat pul qazanmışdım. Belə adi günlərdə isə 30-40 manat qazanıram. Bu gün həftənin çərşənbə günü olduğundan elə də qazancım olmayıb. Zəifdir…(gülür)”
Ruslan Maisovun sözlərinə görə, onların ən sevimli məkanı “Tarqovı” küçəsidir. Burada insanlar daha səxavətli olurlar: “Əsasən şəhərin mərkəzi küçələrində, “Tarqovı”da oluram. “Neftçilər”dəki körpünün altı elə yolumuzun üstüdür, dedik burada da şansımızı yoxlayaq”.
 
Küçə musiqiçisi olan həmsöhbətim mahnıları da auditoriyaya uyğun olaraq seçdiyini, gənclərin çox olduğu yerdə türk mahnılarına, yaşlıların oturduğu parklarda isə retro mahnılara üstünlük verdini dedi: “İnsanlar daha çox lirik musiqilərə meyl edirlər. Çalışıram ki, tanınmış mahnıları ifa edim. Adətən xalq mahnılarına az yer ayırırıq. Mahnıları adətən məkana uyğun seçirəm. Daha çox türk mahnılarına üstünlük verirəm. Yaşlı nəslin olduğu yerlərdə, parklarda retro mahnıları ifa edirəm”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
 



Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın