Beton və dəmir arakəsmələrin üzərindən tullanan piyadalar 20 manat yox, 100 manat cərimə olunacaqlar.

Ötən ilin sonlarında yollardakı dəmir və beton arakəsmələrin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların həbs olunması ilə bağlı Milli Məclisə göndərilən qanun layihəsi dəyişdirilib.

Məlumata görə, layihənin ilkin variantında beton və dəmir arakəsmələrin üzərindən tullanıb yolu keçənlərin 15 günədək inzibati həbs cəzası ilə cəzalandırılması təklif olunurdu. Lakin bu təklif məqbul sayılmadığı üçün başqa cərimənin tətbiq edilməsi təklif olunur.

Millət vəkili Tahir Kərimlinin sözlərinə görə, bu cərimənin yazılmasında polis piyadaya güzəştə getməyəcək. Çünki sürətli yolda sürücü gözləmədiyi halda piyada dəmir səddin üstündən keçməklə sürücülər üçün də böyük təhlükə yaradırlar.

Sürücülər də bu cür piyadalara qarşı tətbiq edilən cərimədən razı olduqlarını deyirlər.

Layihənin Milli Məclisin yaz sessiyasında müzakirə olunacağı gözlənilir.