Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / “Pensiya alsaydım papağımı göyə tullayardım” – Göygöldən reportaj

“Pensiya alsaydım papağımı göyə tullayardım” – Göygöldən reportaj

1918-1919-ci illərdə əsası qoyulan indiki Göygöl şəhəri ilk olaraq alman məskəni olub və Yelenendorf (Helenendorf) adlandırılıb.

Əraziyə şəhər statusu 1938-ci ildə verilib. O zaman bura Xanlar adlandırılıb. 2008-ci ildə isə buranın adı Göygöl olaraq dəyişdirilib.

Bir çox gölləri və mənzərəli təbiəti olan bu rayon əsasən dağlıq və dağətəyi ərazilərdən ibarətdir. Münbit torpağı olduğu üçün buranın sakinlərinin əsas məşğuliyyəti kənd təsərrüfatı olub.

Elə indi də bu belədir. İnsanların çoxu ya həyətyanı sahələrdə, ya da dövlətin verdiyi pay torpağında əkinçiliklə məşğuldur. Maldarlıq da ərazidə geniş yayılıb.

Amma bununla yanaşı güzəranından şikayətçi sakinlər də çoxdur. Onların əksəriyyəti rayonda iş imkanlarının olmamasından, insanların bekarlıqdan çayxanalara üz tutmasından danışır.

Göygöl

Qorxu

Göygöldə jurnalist olduğumu biləndə bəzi sakinlər müsahibə verməkdən çəkinir. Digərləri isə “hər şeyimiz yaxşıdır” deyərək ötəri cavab verir.

Göygöl sakini təqaüdə çıxmış müəllim Ələmdar bəy isə şəhərin abadlaşması ilə bağlı danışır. O deyir ki, bu rayonda insanlar əsasən təsərrüfatla məşğuldur.

Bunun üçün ərazisi olmayanlar isə “ya ticarətlə, ya da başqa işlə məşğuldur”, o deyir.

O, rayonda dolanışıq səviyyəsinin yaxşı olduğunu da qeyd edir.

Lakin mərkəzdə yerləşən almanların tikdiyi kilsə ətrafında yerləşən 3-4 oturacaq qoyulmuş kiçik parkda söhbətləşdiyim bir neçə digər sakin tamamilə fərqli düşüncədədir.

Onlar dolanışığın çətinliyindən, işsizliyin geniş yayılmasından gileylənirlər. Sakinlərdən biri yaxınlıqda yerləşən bir neçə çayxananı işarə edərək deyir, “gedin baxın, camaat boşluqdan domino oynayır”.

Bəzi sakinlərin dolanışığı tərifləməsinə isə onlar belə cavab verirlər:

“Camaat qorxur, gözlərin qırıblar. Bax o qaz idarəsinin işçisidir. Ondan soruşsan tərifləyəcək. Deyəcək, tərifləyim, amma işimdən olmayım. Çıxaranda da bir nəfəri çıxarmırlar ey bütün qohum-əqrəbanı çıxarırlar”.

Göygöl

“Rayonun yiyəsi yoxdur”

Söhbətləşdiyim nəvələrini parka gəzdirməyə gətirən orta yaşlı qadın da onlardan biridir.

O deyir ki, bir yeməkxanada aşbaz kimi işləyir və gününə 6 manat qazanır. Oğlu isə fəhləlik edir.

“Pensiya alsaydım papağımı göyə tullayardım”- iki azyaşlı qız nəvəsinin parkda oynamasına nəzarət edən qadın deyir.

Onun 58 yaşı var. Bu ay Milli Məclisin pensiyaya çıxma yaşının artırılmasilə bağlı qanunu qəbul etməsindən də danışır müsahibim.

“Pensiya yaşını 65-ə uzatdılar ki almayın, ölün-gedin. 65-ə çatıb-çatmayacağıma əmin deyiləm, heç kim heç kimin həyatına qarantiya vermir”, o deyir.

Qadın deyir ki, oğlunun hər zaman işi olmur. İmkansızlıqdan şikayətçidir, çətinliklərin düzələcəyinə də inanmır sanki. Qadın təəssüflə “rayonun yiyəsi var ki, camaata gün ağlasın” deyir.

“Adicə bir ərizə üçün gedəndə xidmət haqqı istəyirlər. Maaş alırsan axı, nə xidmət haqqı? Hamı pulla danışır”, o deyir.

Qadın təkcə öz ailəsinin çətin yaşadığı fikrində deyil. O, qonşularının da dolanşığının da ağır olduğunu deyir. Sonra bir az düşünür: “bəlkə də rayonun 100 faizinin dolanışığında çətinlik var” deyir .

Müsahibimin sözlərinə görə, əvvəl rayonda zavod, tikiş fabrikində işləyib və əhalinin güzəranı Sovet vaxtında yaxşı olub. İndi isə vəziyyət dəyişib.

“Çox çətindir, mağazaya gedirsən, uşaq bir şey istəyir, baxırsan hər şey var, amma pul yoxdur”, o gileylənir.

Göygöl

Təmiz şəhər

Göygöl almanlar tərəfindən salındığı üçün burada almanların tikdiyi evlər, şərab zavodu hələ də qalmaqdadır.

Bu evlərin yerləşdiyi əsas 5 küçə təmirli və təmizdir. Almanların vaxtilə yaşadığı Ağstafa və Tovuz rayonlarından fərqli olaraq Göygöldə bu evlərin örtükləri dəyişdirilib və rənglənib.

Mərkəzi küçələrdəki bir-birinə bənzər quruluşlu evlər, qədim naxışılar, aynabəndlər və eyvanlar. Bura lap Avropa kəndlərini xatırladır.

Bir çox evdə dövlət orqanlarının ofisləri yerləşir. Digərləri çayxanaya çevrilib. Lakin evlərin böyük hissəsində insanlar yaşayır.

Küçələrdə az insan gözə dəyir. Bəziləri çayxanalarda oturub, kimisi parkda dincəlir. Bir neçə gənc isə günəbaxan tumu çırtlayaraq ucadan zarafatlaşır.

Şəhərin təmizliyilə bağlı, dövlət qulluğunda çalışan bir sakin deyir ki, “yerli icra hakimi təmizliyi çox sevir və ona görə də bu sahəyə xüsusi diqqət yetirir”.

Göygöl

Su problemi

Təmizlik şəhər mərkəzindən uzaqlaşdıqca da gözə dəyir.

Mərkəzə yaxın ərazidə yaşayan bir ailə ilə söhbətləşirəm. Ailə başçısı həyətyanı sahəsini belləyir. Onun xanımı isə ıspanaqlı-pendirli kətə bişirir.

Güzəran barədə sualları eşidəndə qadın qəzəblənir. “İş var ki?”… “Zəhmət çəkərək bir tikə çörək pulu qazanırıq”.

O, bellənmiş həyətinə baxıb, “nə olsa” əkdiklərini deyir. Amma suvrama problemi var.

“Suya sayğac qoyublarsa, necə sulayaq ərazini” o deyir.

Rayonun Üçtəpə kəndində yaşayan sakin də əkinçilikdə pul olmadığı fikrindədir. “Torpaqdan heç nə çıxmır”, o deyir.

Bu kənddə suvarma suyu problemi olmasa da, içməli problemi var. Bəzi sakinlər uzaq məsafədən evlərinə su daşıdıqlarını deyirlər.

Onlar bu problemlərinin həll edilməsini istəyirlər.

Göygöl Rayon İcra hakimiyyətindən BBC Azərbaycancaya deyiblər ki, rayonda suvrama ilə bağlı problem real deyil.

“Elə şey yoxdur, küçələrdən arxlar axır, insanlar istifadə edirlər. Bu deyilənlər bəhanədir, fakt deyil”, qurum sözçüsü bildirib.

O, içməli su ilə bağlı problemin də mövcudluğunu inkar edib.

Göygöl

“Almağa məcburuq”

Həyətyanı ərazisini belləyib moruq əkməyə hazırlaşan ailə ilə son aylarda davam edən qiymət artımı barədə də söhbətləşirəm. Ailənin xanımı işsizlikdən şikayət edir və dolanışıqlarını təsərrüfatla təmin etdiklərini deyir.

Onlar son vaxtlarda aldıqları bütün ərzaqların qiymətində artım hiss ediblər.

“Elə bir şey yoxdu ki, qiyməti artmasın. Ət, toyuq, yumurta, yağ, şəkər – hamısı qalxıb”, qadın deyir.

Onlar cüzi də olsa qiymət fərqləndiyi üçün evlərinə bazarlığı öz rayonlarında deyil, yaxınlıqdakı Gəncə şəhərində edirlər.

Kənddə balaca mağaza işlədən sakin qiymət artımının olduğunu, elə buna görə də müştərilərin sayının azaldığını deyir.

“Camaatda pul olmayanda, necə olmalıdır ki?” o sual edir.

Daha sonra satıcı qiymət artımının niyə baş verməsilə bağlı sual verir. Dolların qiymətinin artmasının səbəb kimi göstərildiyini deyəndə, o gülərək: “Dollarlıq deyil. Yumurta da dollarla gəlir?”, deyir.

Mağazadan çörək alan digər kənd sakini son vaxtlarda artan qiymətlərdən narazıdır. O, deyir ki, gəlirləri artmasa da, qiyməti artmış bəzi ərzaqları almağa məcburdurlar.

“Qara çayı necə almayım? Onsuz olmur axı”, qadın deyir.

Göygöl

“Moruq olmasa, darvaza da düzəltmirlər”

Digər kənd sakini Göygöldə insanların dolanışığının çətinləşdiyini deyir. O, imkansız əhalinin əkinçiliklə məşğul olmasına yaradılan süni maneə barədə də danışır:

“Kənd yeridir, hamı əkinçiliklə məşğuldur. Suvarma sistemi 1 kanaldır. Rayonun şərq tərəfində üzüm bağları salınıb. Məmurlarındı. Bütün sular yayda o bağlara axıdılır. Camaat da susuz qalır, əkdikləri quruyur”, o deyir.

Rayonda “iş də yoxdur, fabrik də, zavod da”.

“Şəhərin özündə almanlardan qalma bir şərab zavodu var. Orda da yetərincə işçi var”, o deyir.

Müsahibim yanındakı dostuna işarə edərək deyir ki, 33 yaşlı gənc qaynaqçıdır, amma o da iş tapmaqda çətinlik çəkir.

“Əvvəl camaatın imkanı var idi. Moruq satırdı, pulu ilə darvaza düzəltdirdi. Onda bu da dolanırdı. İndi moruq olmayandan sonra darvaza da düzəltdirmirlər”, deyir kənd sakini.

Göygöl

Göygöl Rayon Məşğulluq Mərkəzindən BBC Azərbaycancaya verilən məlumata görə, rayonda iş yerləri üçün vakansiyalar var və bu vakansiyalar mürəciət edənlərə təklif olunur.

“Rayon ərazisində 44 müəssisə üzrə 196 vakansiyamız var”, o deyir.

Qurum sözçüsü deyir ki, 1 mart 2017-ci il tarixi üçün mərkəzdə 1642 nəfər iş axtaran vətəndaş qeydiyyatdadır. Rayonda cari il üçün 11 nəfər işsizlik statusu alıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2015-ci ildə bu rayondan 103 nəfər işsizlik statusu alıb.

Rayonda orta aylıq nominal əmək haqqı 262 manat 60 qəpik hesablanır. (BBC)

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın