Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Paytaxt yollarının üz qarası – FOTOLAR

Paytaxt yollarının üz qarası – FOTOLAR

Bakının Nizami rayonunda, Qara Qarayev prospekti, “Neftçilər” metrostansiyası yaxınlığındakı ərazidə demək olar ki, hər gün həm piyadalar, həm avtobus və taksi sürücüləri tərəfindən yol hərəkəti qaydaları pozulur. Ərazidə vaxtaşırı olaraq, DYP əməkdaşları xidmət göstərsə də, problem açıq olaraq qalır. Piyadalar yolun əsas hərəkət hissəsi ilə hərəkət edir, bu zaman əks tərəfdən gələn avtomobillər üçün qəza şəraiti yaranır. Digər tərəfdən yolayırıcı bordyorlar olmadığından avtomobillər yolun əks tərəfinə keçirlər. Bir sözlə, Qara Qarayev prospektində tam bir hərc-mərclik yaşanır. Yaxınlıqda yerləşən metronun yeraltı keçidi piyadaların istifadəsində olsa da, yolun əsas keçid nöqtəsindən uzaqda olduğu üçün insanlar daha çox magistral yoldan keçməyə çalışırlar. Günün istənilən saatında piyadaların magistral yoldan səki kimi istifadə etdiklərinin şahidi olmaq mümkündür. 
Sözügedən ərazidə piyada zolaqları olmadığından hər an qəza ehtimalı yaşanır. Bu səbəbdən yolun həmin hissəsində avtomobillər sürətini azaldır ki, bu da nəqliyyatın ümumi hərəkətini ləngidir. Digər tərəfdən ictimai nəqliyyat vasitələrinin harada gəldi, necə gəldi sərnişin götürməsi də çox da enli olmayan bu yolun imkanlarını bir qədər də məhdudlaşdırır.
Ekspertlər piyadaların yeraltı keçiddən istifadə etməsini tövsiyə etsələr də, piyadalar Qara Qarayev prospektinin bu hissəsində piyada zolaqlarının çəkilməsini  və işıqfor qoyulmasını təklif edirlər.
“Yeni Müsavat” qəzetinin müxbiri sözügedən əraziyə baş çəkərək yoldakı vəziyyəti müşahidə edib. Günorta saatları olmasına baxmayaraq, yolda avtomobillərin sıx hərəkəti, eyni zamanda yolun qadağan olunmuş hissəsindən keçməyə can atan piyadaların qanun pozuntuları müşahidə edilir.
Piyadalar bizimlə söhbətində metronun yeraltı keçidinin uzaqda olduğunu və dolanbac olduğunu əsas gətirərək, vaxt itirməmək üçün burada keçdiklərini bildirdilər. Sürücülər isə piyadaların yol hərəkəti qaydalarını pozması səbəbindən problemlə üzləşdiklərini vurğuladılar. Onlar qeyd etdi ki, əraziyə polis əməkdaşları nəzarət etdiyi vaxtda belə piyadalar açıq-aşkar yolun üstü ilə hərəkət edirlər. Polisin olmadığı günlərdə vəziyyət daha da mürəkkəb olur.
Qara Qarayev prospektindəki problemi dəyərləndirən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov  “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, həmin ərazidə çox xaotik vəziyyət mövcuddur: “Ora şəhərimizin ən yüklənmiş keçələrindən biridir.
Şəhərin Əhmədli, Günəşli, Koroğlu, eləcə də şəhərin şimal-şimal qərb hissəsinə gedən bütün avtobuslar burada keçir. Bundan əlavə yol o qədər də enli deyil və asfalt örtüyü bərbad vəziyyətdədir. Ona görə də ilk növbədə yolun infrastrukturunu yeniləmək və daha sonra yolda nizam-intizamı tənzimləmək lazımdır. Sovet  dövründən Bakıda metro açılandan metro keçidləri düzgün olaraq həm də yeraltı keçidlər kimi istifadə olunur. Dünyanın hər yerində bu var və yol hərəkəti qaydalarında da istisna olunmur. Hesab edirəm iki, harada metro keçidi varsa orada yerüstü piyada keçidindən və ya piyada zolaqlarından söhbət gedə bilməz. Buna ehtiyac yoxdur. Asfaltla eyni səviyyədə olan piyada keçidləri həm avtomobillərin hərəkətini ləngidir, həm də qəza hallarının artmasına səbəb olur. Orada yol hərəkəti daha  çox piyadalar tərəfindən pozulur. Bu mənada ilk növbədə maarifləndirmə işləri aparmaq lazımdır. Qaydaları riayət etməyənləri isə cərimələmək lazımdır. Yol hərəkəti elə bir məsələdir ki, hər gün milyonlarla adam eyni yollardan istifadə edir. Hər bir insanın təxəyyülünə, intellektual  səviyyəsində, əyalət təfəkkürünə, xarakterinə uyğun yol təşkil eləmək mümkün deyil. Kim ki, o qaydalara uyğunlaşa bilmirsə, onları ya uyğunlaşdırmaq, ya da cəzalandırmaq lazımdır. Bunun başqa yolu yoxdur”.
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov isə problemə münasibət bildirərək qeyd etdi ki, piyadalar həmin ərazidə yerləşən metronun yeraltı keçidindən istifadə etsə, problem qısa müddətdə həllini tapar: “Biz həmin ərazidə dəfələrlə reyd keçirmişik, praktiki tədbirlər həyata keçirtmişik, insanların şüurunda uzun müddət qalacaq profilaktik təbirlər keçirmişik.
Həmin ərazidə metronun çıxışı elə yeraltı piyada keçidi kimi istifadə olunur və buna tam şərait var. Yeraltı piyada keçidi olduğu halda yerüstü keçidinin tikilməsi əlavə vəsait itkisidir. Digər tərəfdən həmin ərazidə əlavə keçidin olub-olmaması  aidiyyatı qurumların işidir. Metri keçidinin uzaq olmasına gəlincə, bu doğru deyil, keçid heç də uzaqda deyil. Vaxt azlığı, tələsmək və sair piyadaları məsuliyyətdən azad etmir. Yol hərəkəti qaydalarının pozulması inzibati xətadır və həmin piyada cərimələnməlidir. Bizim əməkdaşlarımız həmin ərazidə də iş aparır, yol hərəkətinin tənzimlənməsinə nəzarəti həyata keçirirlər. Orada avtobuslar, taksi fəaliyyəti  ilə məşğul olanlar da bir qədər problem yaşadır. Ticarət mərkəzləri ərazisində müştərilərin avtomobil park etməsi də həmin ərazidə sıxlığa səbəb olur. Yəni. Bir sıra məqamlar var ki, onlar həllini tapmalıdır. Avtobus duracaqları yalnız piyadaların istifadəsinə verilməlidir. Təsəvvür edin ki, əməkdaşlarımız həmin ərazidə xidmət göstərərkən, hər şey yüksək səviyyədə qaydalara uyğun baş verir. Ancaq əməkdaşlarımız hansısa başqa bir tədbirə cəlb edildikdə, həmin ərazi  baxımsız qalır və bundan da məharətlə istifadə edən taksi sürücüləri sıxlıq yaradır, avtobuslar yolun hərəkət hissəsində saxlayır. Yol hərəkəti haqqında qanun müzakirə edilmədən yerinə yetirilməlidir”.







Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın