Problemlə paytaxt sakinləri hər gün üzləşirlər, sahibsiz itlər günün-günorta çağı qarşınıza çıxır, gecələr də itlərin boğuşmasından göz yummaq mümkün olmur. Düzdür bu haqda kifayət qədər danışılsa da paytaxt küçələrində toplu şəkildə gəzən “sahibsiz dördayaqlı”lar hələ də sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Onlar quduzluq xəstəliyinin yayılmasından tutmuş insanların fərdi təsərrüfatına zərər vurmağa və hər zaman qorxu altında yaşamasına səbəb olur.

Əvvəllər sahibsiz itləri öldürürdülər, indi vəziyyət tam başqadır. Onları vurmaq qadağandır.

Ülkər Mirzəzadə – şəhər sakini: “Yolnan getdiyim halda birdə görürəm ki, qarşıma it sürüsü çıxır və məcbur olub yolumu uzadaraq başqa yerlə gedirəm”.

Heyvanlar aidiyyatı qurumların əməkdaşları tərəfindən küçələrdən yığılmalı və sığınacaqlara təhvil verilməlidir. Lakin həmin qurumların səhlənkarlığı, məsuliyyətsizliyi sonda bu cür mənzərənin yaranmasına gətirib çıxarıb. İt dişləməsinin quduzluğa səbəb olduğunu bilirik. Və onu da bilirik ki, quduzluq – ona qarşı vaxtında vaksin vurulmazsa, qısa zamanda ölümlə nəticələnən xəstəlikdir.

Məsələnin bu cür ciddiliyini nəzərə alsaq cəmiyyətin üzləşdiyi təhlükəyə qarşı aidiyyatı qurumların biganəliyi sual doğurur. Ekspertlərin fikrincə, quduzluq xəstəliyinin daşıyıcısı olan bu itlər peyvənd olunmalıdır. Profilaktik tədbirləri həyata keçirilməsi təqdirəlayiq addımdır. Amma bu kifayət deyil.

Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, bəzi inkişaf etmiş ölkələrdə sahibsiz itləri tutularaq xüsusi mərkəzlərə aparılırlar. Orada erkək heyvanları axtalayır, dişi heyvanları sterilizasiya edirlər. Bu şəkildə itlərin nəsilartırma qabiliyyəti kəsilir. Bununla da küçə heyvanlarının çoxalmasının qarşısı alınır. Sonra onları sığınacağa verirlər.

Yeri gəlmişkən, Azərbaycanda da bütün standartlara cavab verən, heyvanların saxlanılması üçün fəaliyyət göstərən müasir mərkəzlər var. Mərkəzin yaradılmasının əsas məqsədi evsiz heyvanlara nəzarət, onlara yardım və Azərbaycanda heyvanlara mərhəmətli münasibət mədəniyyətinin inkişaf etdirilməsidir. Burada hazırda 70-dən çox sahibsiz it saxlanılır. Bir vaxtlar sahibsiz itlərin çoxalmasının qarşısını müvafiq qurumlar güllələnmə üsulu ilə alırdılar. Lakin Azərbaycan 1997-ci ildə Strassburqda “Heyvanların mühafizəsi”ilə bağlı konvensiyaya qoşulub və 2007-ci ildə isə “Heyvanların mühafizəsi haqqında” qanun qəbul olunub. Bu qanuna əsasən heyvanları öldürən və ya qəddar rəftar edən şəxslər “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə uyğun olaraq cərimə olunacaqlar.