Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Özəl klinikalarda xəstələr niyə narkozdan ölürlər?

Özəl klinikalarda xəstələr niyə narkozdan ölürlər?

“İstər “Astoriya” Tibb Mərkəzində uşaq dünyaya gətirən İlahə Musazadənin, istərsə də “StarMed” klinikasında burun əməliyyatı edən Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Leyla Mürsəlovanın ölümü sırf anestezioloji ölümdür”.

Bunu “Trend”-ə Səhiyyə Nazirliyinin (SN) baş anestezioloq-reanimatoloqu, Sertifikasıya Şurasının İxtisas Komissiyasının sədri, əməkdar həkim Aydın Qədirov deyib.

İ.Musazadə və L.Mürsəlovanın ölümünün səbəblərinin araşdırılması üçün xəstəlik tarixləri və sənədlərinin hələlik SN-nin müvafıq komissiyasına təqdim edilmədiyini deyən baş anestezioloq bildirib ki, hər iki əməliyyatla bağlı məsələdə xəstələrin narkozdan ölməsi birmənalı səhvdir: “Xəstə narkozdan ölməməlidir. Çünki indi köhnə vaxtlarda olduğu kimi deyil. İndiki aspektdə anestezioloq həm də reanimatoloq kimi addım atmalıdır. Nəinki öz ayağı ilə gələni, hətta ağır vəziyyətdə olanı da sağaldıb geri verməlisən. Mənim təcrübəm, müşahidələrim onu göstərir ki, həmişə anestezioloqlara diktə edirlər ki, bu narkozu ver. Anestezioloqlar heç vaxt heç kimə imkan verməsinlər ki, onların işinə müdaxilə etsinlər”.

A.Qədirovun sözlərinə görə, L.Mürsəlovanın valideyni qızının ürəyində prolapsus olduğunu deyib: “Prolapsus ürəyin qapaqlarının sallanmasıdır. Cavan adamda prolapsusun olması o deməkdir ki, ya onun anadangəlmə ürək qüsuru olub, ya da revmatizmin nəticəsində həmin qapaq zədələnib. Deməli, bunu nəzərə almayıblar”.

Baş anestezioloq-reanimatoloq bildirib ki, hər bir halda bütün xəstələr müayinə olunmalı, onların həyati vacib orqanlarından tutmuş mərkəzi sinir sisteminə qədər olan vəziyyəti qiymətləndirilməlidir. Müayinə nəticəsində xəstənin tam sağlamlığı, fiziki durumu müəyyənləşdikdən sonra narkozun verilməsi ilə bağlı seçim edilməlidir. Əməliyyatdan öncə xəstənin müayinəsinin aparılması da məhz narkozun seçiminin aparılması üçün lazımdır: “”Astoriya” məsələsinə gəldikdə, doğuşun müəyyən koordinasıyası, onun patoloji ağrısızlaşdırlması üçün ağrısızlaşdırma metodundan istifadə edilir. Bu göstərişi ginekoloq qoyur, anestezioloq qoymur. Söhbət isə ondan edir ki, ağrısızlaşdırma üçün istifadə edilən metodikadan xəstə ölüb. Bu iynənin xəstəyə özbaşına vurulmasından yox. Ola bilsin ki, göstəriş olub, düzgün icra edilməyib. Bu, başqa məsələdir”.

Xatırladaq ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızı martın 17-də “StarMed” klinikasında burnundan plastik əməliyyat olunmaq üçün narkoz verilən kimi dünyasını dəyişib. Bu hadisədən bir necə gün sonra isə “Astoriya” Tibb Mərkəzində İlahə Musazadəyə doğuşu ağrısız etmək üçün anesteziya olunub. Bu zaman xəstənin halı pisləşib və ürəyi dayanıb.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın