Ana səhifə / Media / “Ötən ildən qalan dondurmalar bu il yenidən satışa çıxarılır”

“Ötən ildən qalan dondurmalar bu il yenidən satışa çıxarılır”

“Dondurmaların keyfiyyəti ilə bağlı təşkilatımıza hər həftə azı 10 müraciət daxil olur”. Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

E.Hüseynovun sözlərinə görə, hazırda 20-dən çox dondurma istehsalçısı var. Lakin onlardan yalnız birinin istehsal etdiyi məhsulların keyfiyyət göstəricisi norma daxilində olub. “Dondurma bazarında acınacaqlı vəziyyət hökm sürür. Ötən il satılmayan, istifadə müddəti ötmüş  dondurmalar bu il təkrar satışa çıxarılır. Halbuki dondurmanı təkrar dondurmaq olmaz. Məhsulun tərkibinə qatılan ərzaqlardan tutmuş qablaşdırılmasınadək standartlara, hətta gigiyenik şərtlərə riayət edilmir”, – hüquq müdafiəçisi deyib.

Sahibkarlığın inkişafı məqsədilə yoxlamaların 2 il müddətində dayandırılması da bazarın çirklənməsinə səbəb olub. E.Hüseynov söyləyir ki, hökumətin sahibkarlar üçün yaratdığı bu şəraitdən su-istifadə edənlər çoxdur. “İstehsal müəssisələrində yoxlamalar aparılmır, ona görə də dondurmanın içindən nə istəsən çıxır. Dondurma yüksək kalorili məhsul olduğundan saxlama şəraitinə və yararlılıq tarixinə riayət edilməsi vacibdir. Dondurma istehsalında yalnız kərə yağından istifadə edilməlidir. Amma müşahidələr və şikayətlər göstərir ki, dondurmaya kərə yağı deyil, marqarin və bitki yağları qarışdırırlar. Bundan əlavə, dondurmanın tərkibinə quru süd qarışdırılır, halbuki məhsulun qablaşdırılmasında yalnız təbii süddən istifadə edildiyi göstərilir”, – E.Hüseynov söyləyib.

Qeyd edək ki, dünən dondurmanın içindən toyuq sümüyü çıxması ilə bağlı məlumatlar yayılıb.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın