Ana səhifə / Media / Onda sahibkarlara “birka” taxılır? – Bahəddin Həziyev

Onda sahibkarlara “birka” taxılır? – Bahəddin Həziyev

“”Media haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına çıxarılıb. Buna qədər ictimai müzakirədən keçdi. Hə, bu müzakirələr kimisə qane edib, kimisə etməyib. Düşünürəm ki, bəli, qanun layihəsi qanuna uyğun olaraq inrenet resurslarında dərc edilsəydi, daha geniş spektrdə dinləmələr keçirilər, daha uzun müddət diskussiyalar aparıla bilərdi. Bununla yanaşı, etiraf edək ki, heç bir qanun layihəsi cəmiyyətdə bu qədər uzunmüddətli və ətraflı müzakirələrə səbəb olmayıb. Hər halda mən xatırlamıram”.

Bu sözləri “Bizim Yol” MMC-nin təsisçisi və baş direktoru Bahəddin Həziyev “Media haqqında” yeni qanun layihəsini şərh edərkən deyib.

O qeyd edib ki, məsələ barədə ictimai maraqlı tərəflərin 800-dən çox təmsilçisinin bu layihə ilə bağlı fikir bildirmək imkanı olub:

“Və hələ də təklif və tənqidlər davam edir. Milli Məclisdə üç oxunuşdan keçəcək, fikir bildirmək üçün hələ zaman yenə də var. Ən çox irad bildirilən məsələlərdən biri jurnalistlərin və media subyektlərinin reyestri ilə bağlıdır. Bununla bağlı tənqidlər, məncə, təəssüf ki, bir az öz əndazəsini aşdı. Özümüz özümüzü aşağılayırıq: “Jurnalistlərə çip taxacaqlar”, “birkalayacaqlar” və sair kimi aşağılayıcı statuslar, rəylər yazılır. Yazanlar da elə jurnalistlərin özləridir. Məncə, heç kim özünə belə aşağılayıcı ifadələri yaraşdırmır. Və həm də belə təəssürat yaranır ki, elə bil media əhlinin canına bir reyestr qorxusu düşüb. Nə olub? Nə baş verib? Bu reyestrin analoqu əvvəl də var idi. Başqa formalarda. Onsuz da jurnalistlər yazılarına imza qoyur, teleproqramların titrinə adları yazılır. Aparıcıları isə hamı tanıyır.

Biz məxfi və illeqal bir işlə məşğul deyilik ki, adımızı gizləyək. Hamının bildiyi məlumatı bizdən bir də dövlət rəsmi qaydada istəyir (daha doğrusu, layihə qəbul olunsa, istəyəcək). Üstəlik reyestrə düşmək, ya düşməmək hər kəsin öz işidir. Başqa formalarda onsuz da bu məlumatlar verilir. Bunlardan biri vergidir. Medianın daha azad olduğunu dediyimiz zamanda daha sərt qeydiyyat, icazə-qadağa prosedurları var idi. Məncə, bu reyestrlə bağlı məsələ bir az şişirdilib. Qanunla qadağan olunmuş iş görənlər və ya qanuni işi gizli görənlər gizlənər, bizim elə bir problemimiz yoxdur. Biri yazıb ki, mediaya “kupça” verəcəklər. Mənzilinizin mülk kağızı almırsınız?! İndiyədək də media subyektlərinin qeydiyyat şəhadətnamələri var idi. Sonra bu, “müraciət” adlandırıldı. Ədliyyə Nazirliyi keçirirdi bu proseduru. Və ya sahibkarlıqla məşğul olmaq üçün VÖEN almırıq?! Onda deyək ki, sahibkarklara “birka” taxılır?! Hər cür fəaliyyətin qanuni prosedur gərəyi var.

Əslində mediaya nəzərən bu tipli prosedur daha loyaldır. Yaxud vahid kartı götürək. İllərlə bu haqda danışılır. Hətta başqa ölkələrin təcrübəsindən misal da gətirilirdi. Və indiyədək elə jurnalistlərin özləri və media orqanları, jurnalist təşkilatları daim media mühitindəki xaosdan şikayətlənirdi. “Kim istəyir, dizinin üstündə bir leptop saytı açır”, “Hərə cibinə bir vəsiqə qoyub jurnalist olduğunu iddia edir”, “Reketlərin ucbatından medianın nüfuzu aşağı düşür”, “Orta təhsili olanlar gəlib redaktor, jurnalist işləyir”, “Bilinmir jurnalist kimdir, jurnalist olmayan kimdir?!” və sair kimi gileylər aşıb-daşırdı. Bu narazılıq cəmiyyətdən gəlirdi, mediadan gəlirdi. Vahid kart məsələsi burdan yaranıb. İndi nə baş verdi?! Kim almaq istəmir almasın. Bəlkə biz də almayacağıq. Ancaq vahid kartı böyük bir problem kimi ortaya atmışıq. Guya medianın yaradıcılıq azadlığına və iqtisadi müstəqilliyinə bütün maneələri aradan qaldırmışıq, bircə bu vahid kart problemdir?!
Bəli, qanun layihəsi qüsurlardan, bəlli ki, xali deyil. Ancaq, ümumən götürdükdə, mən ciddi problemlər görmədim. Mənimlə razılaşanlar da olacaq, razılaşmayanlar olacaq. Həmkarlarımı anlayıram: 1999-cu ildən bəri qanuna o qədər məhdudlaşdırıcı dəyişikliklər edilib ki, media əhli hər yeni bir dəyişiklikdə bir təhlükə mənbəyi axtarır. Bu da təbiidir. Mən şəxsən 36 ilimi vermişəm mediaya. Və hesab edirəm ki, bütövlükdə yaxşı layihədir. Milli Məclisdə hansısa məhdudlaşdırıcı düzəlişlər olmasa…”

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …