Ana səhifə / Media / Ölkədəki mühüm sürüşmə sahələri aktivləşib – SİYAHI

Ölkədəki mühüm sürüşmə sahələri aktivləşib – SİYAHI

Respublika ərazisindəki sürüşmə sahələrində mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, yanvarda respublika ərazisində ekzogen-geoloji proseslərin dinamikası üzərində müşahidələr aparılıb.

Onun sözlərinə görə, Suraxanı rayonu, Zığ-1 sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub: “Zığ-1 sürüşmə sahəsində torpaq və divarlardakı çatların ölçüsü təxminən 1,2 sm-ə qədər genişlənib. Bundan başqa, Masazır qəsəbəsi Mirzə İbrahimov küçəsi boyunca uçqun prosesi aktivləşib”.

Ekspedisiya rəisi bildirib ki, atmosfer yağıntılarının təsirindən Astara rayonu Kijəbə sürüşmə sahəsində mövcud çatların ölçülərində artım qeydə alınıb: “Eyni zamanda, ay ərzində rayonun Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-dəki sürüşmə sahələrinə düşən atmosfer yağıntılarının təsirindən sürüşmə prosesi aktivləşib, eyni ilə yolboyu yeni sürüşmə sahələri yaranıb. Astaranın Burcubənd sürüşmə sahəsinin kütləsi üzərində olan çatların ölçüləri artıb, bir neçə yerlərdə lokal sürüşmə sahələri əmələ gəlib. Lerikdə Veri-Əliabad sürüşmə sahəsinin ölçülərində də artım baş verib. Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci km-də sürüşmə sahələrində, Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu km-də aktivlik müşahidə edilir. Masallıda Güllütəpə və Zuvand sürüşmə sahələri, Cəlilabadda Sadatlı sürüşmə sahəsi aktivləşib. Cəlilabad – Cəngan – Soltankənd avtomobil yolunun 17-ci km-də baş vermiş sürüşmənin parametrləri artıb”.

O deyib ki, Gədəbəydə Pirdağ, Arıqıran, Daşkəsəndə Alunitdağ sürüşmə sahələrinin dinamikasında aktivlik qeydə alınıb: “Xızı-Altıağac yolunda noyabrda baş vermiş sürüşmə, çökmə və batma prosesi hazırda davam edir. Siyəzən rayonunun Sədan sürüşmə sahəsində isə ciddi aktivləşmə baş verib. Qobustanda Poladlı və Cəyirli sürüşmə sahələrində aktivlik müşahidə olunur”.

Ə. Qaralov qeyd edib ki, Quba-Xınalıq yolunun 37-46-cı, Quba-Qonaqkənd yolunun 37-40-cı, Qusar-Sudur yolunun 37-cı km-də mövcud sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə edilir: “Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü hadisəsi baş verib. Şamaxının Mədrəsə kəndində baş vermiş sürüşmə hələ başa çatmayıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsində aktivləşmə baş verib, nəticədə uçqun-töküntü hadisəsi baş verib. Ərazidə bir neçə yerdə yeni sürüşmə sahələri əmələ gəlib. Muğanlı – İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-də sürüşmə sahələri ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində aktivləşib”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın