Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Ödənilən kompensasiya ilə razı deyilik”

“Ödənilən kompensasiya ilə razı deyilik”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada dünyasını dəyişib) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının verdiyi xəbərə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Hakim təqsirləndirilən N.Muxtarovun ölümündən sonra onun oğlu Asif Muxtarovun hüquqi varis kimi tanındığını proses iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra zərərçəkmiş şəxslər ifadə verib. Bina sakini Əli Məmmədov ifadəsində yanğından əvvəl oğlunun toyuna hazırlaşdıqlarını deyib: “Bizə verilən 15 min manatlıq kompensasiya azdır, dəymiş ziyanı ödəmir. Bina yananda gəlinimin cehizləri də evdə idi. Ancaq cinayət işinin materiallarında göstərilir ki, hələ toy olmamaışdı. Hadisə toya 2 gün qalmış baş verib”.

Zərərçəkmiş Feyruz Əhədov ifadəsində heç bir şikayətinin olmadığını, onlara dəymiş zərərin ödənildiyini göstərib.

Zərərçəkmişlər Famil İsmayılov yanğın baş verən vaxt binada üzləmə işlərinin aparılmadığını, yanğının birdən-birə baş verdiyini deyib. Zərərçəkmiş Sabir Sultanov hər kəsə 15 min manat kompensasiya verilməsinə narazılığını bildirib. O deyib ki, mənəvi zərər nəzərə alınmayıb: “Bizə mənəvi zərər də dəyib. Ancaq hamıya 15 min ödədilər. Elə adamlar var ki, ona 30-40 min ziyan dəyib”.

Zərərçəkmiş Elman Qəribov da ödənilən 15 min manatlıq kompensasiyadan narazı olduğunu bildirib.

Hakim zərərçəkmişlərin maddi və mənəvi zərərə görə ödənilməyən kompensasiya ilə bağlı şikayətlərinə münasibət bildirərək deyib ki, hər bir zərərçəkmiş bununla bağlı məhkəməyə ayrıca müraciət edə bilər.

Təqsirləndirilənlərdən Fərid Sadıqovun vəkili Rəsmiyyə Qəhrəmanova müdafiə etdiyi şəxsin səhhəti ilə bağlı ciddi problemlərinin olduğunu xatırladıb və onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırıb: “Beynində şiş olub və əməliyyat edilib. Səhhəti imkan vermir ki, həbsxanada saxlanılsın. Tibb müəssisəsindən də müyainə ilə bağlı sənədi məhkəməyə təqdim edirəm. Zərərçəkmişlərdən heç birinin də ondan şikayəti yoxdur”.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə prosesi avqustun 2-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə və s. istintaq hərəkətləri ilə TNH şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq, Xətai rayonu ərazisində yerləşən – qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Bildirək ki, əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. F.Sadıqov TNH şirkətinə yox, “Astoriya” MMC adlı tikinti şirkətinə rəhbərlik etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, şirkətin rəhbəri olan Məmməd Vəliyevin Azərbaycanı tərk etdiyini də söyləyib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın