Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Obyekti təmir etdirən sahibkar obyektdən zorla çıxarılır- VİDEO

Obyekti təmir etdirən sahibkar obyektdən zorla çıxarılır- VİDEO

Bakı şəhər sakini Asif Abbasov Hacı Cabbar adlı şəxsdən şikayətçidir. Şikayətçinin sözlərinə görə, o, 2015-ci ilin 16 dekabr tarixində Nəsimi rayonu İzzət Həmidov küçəsində ticarət obyekti icarəyə götürüb. Lakin obyektin sahibləri imzalanan icarə müqaviləsinə sonradan əməl etməyiblər. Nəticədə o, böyük məbləğdə zərərə düşüb. İndi isə onun obyektdən çıxması tələb olunur. 
Problemi ilə bağlı lazımı instansiyalara müraciət edən A. Abbasov cavab almayınca məsələni ictimailəşdirmək üçün “Yeni Müsavat” qəzetinin redaksiyasına üz tutduğunu bildirir. Şikayətçi başına gələnləri geniş formada aşağıdakı kimi danışır:
“İcarədarlar mənə özlərini hacı kimi təqdim edib, obyektin də Hacı Cabbar adlı şəxsə məxsus olduğunu bildirdilər. Biz beş illik müqavilə bağlayaraq, bunu rəsmi qaydada təsdiqlətdik. Həmin müqavilədə nə rəsmi, nə də qeyri-rəsmi formada heç bir şərt irəli sürülmədi. Müqavilədən sonra iş fəaliyyətimə başladım və obyektə 16.200 manat dəyərində vəsait xərclədim. Onu da qeyd edim ki, həmin şəxslərə 1600 manat məbləğində əvvəlcədən pul da ödədim. Fevral ayından isə artıq hazır olan obyektdə fəaliyyətə başladım. 4-5 gün sonra isə obyektdə dönər də satdığımız üçün ora stol-stul da qoydum. Məqsəd gələn müştərilərin orada rahat şəkildə qidalanmalarını təmin etmək idi. Bu ərəfələrdə Hacı Cabbar mənə yaxınlaşaraq stol-stulun qoyulmasına qarşı çıxdı. Bildirdim ki, nə müqavilədə, nə də danışığımızda belə bir məsələ barəsində müzakirə etməmişik. Lakin Hacı Cabbar mənimlə mübahisə edərək, məni obyektdən çıxarmaqla hədələdi. Sonradan isə onlar mənə poçt vasitəsi ilə məktub göndərərək, obyekti təcili sürətdə boşaltmağımı tələb etdilər. Məsələ ilə bağlı cənab prezidentə də müraciət etmişəm. Hazırda məhkəməyə müraciət etməyi düşünürəm. Lakin obyekti təmir edən zaman banklardan borc götürdüyüm üçün hazırda məhkəmədə zaman itirmək mənim üçün uyğun deyil. Haqqın da mənim tərəfimdə olduğu açıq şəkildə görünür. Hacı Cabbar sonradan bildirdi ki, obyekt onun deyil, sahibi çox nüfuzlu adamdır və istədiyini edə bilər.
Şikayətçi bildirir ki, onunla müqavilə bağlayan özünü Hacı Cabbar kimi təqdim edən şəxs əlaqə vasitələrini  verməyib. Lakin ona yanında köməkçisi kimi təqdim etdiyi şəxsin telefon nömrəsini  verib.
Hacı Cabbarın köməkçisi deyilən şəxslə əlaqə saxlayıb, qarşı tərəfin mövqeyini öyrənmək istədik.
Həmin şəxs özünü təqdim etmədi, dedi ki, Asif Abbasov məhkəməyə müraciət etmək istəyirsə qoy, etsin: “Siz də gəlib məsələnin əsli barəsində məhkəmədə məlumat alarsız. Mən məsələ ilə bağlı mövqeyimi məhkəmədə  bildirəcəyəm”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın