Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Obyekti söküləcək sahibkar: “Sənədi Zakir Fərəcov verib” – Şikayət

Obyekti söküləcək sahibkar: “Sənədi Zakir Fərəcov verib” – Şikayət

Sumqayıtda məmurlar tərəfindən obyektinin buldozerlə söküləcəyi ilə təhdid olunan sahibkar İlham Əbilov kömək istəyir.

Avropa.info-dan probleminin ictimailəşdirilməsini istəyən sahibkar ölkə rəhbərliyinə müraciət etdiyini deyib.

O qeyd edib ki, sahibi olduğu aptekin boşaldılması tələb olunub:

“Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin işçiləri tərəfindən özümə məxsus olan, Sumqayıt şəhəri 13-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsi, 62a ünvanında yerləşən, özəl ticarət (aptek) obyektimin boşaldılması və obyekti tərk etməyim barədə təhdidlər davam edir. Xatırladım ki, bir neçə gün bundan əvvəl Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsində işləyən Kənan adlı şəxs mənə yaxınlaşaraq obyektin sənədini istədi, mən də sənədləri təqdim etdim. Sonrakı günlərdə özlərini dövlət məmuru kimi təqdim edən müxtəlif şəxslər yaxınlaşaraq obyektin qısa müddətdə boşaldılmasını, ticarət fəaliyyətimin dayandırmasını tələb etdilər. Mən onlardan bunun səbəbini soruşduqda “yuxarıdan göstəriş var sökülməlidir” dedilər.

Onlara etiraz edərək “axı məhkəmə qərarı olmadan, sökülmənin səbəbi heç izah olunmadan obyekt necə sökülə bilər” sualını ünvanladıqda isə yenə eyni cavabı verdilər ki, şifahi göstəriş var, bəs sökülməlidir “.

Şikayətçi ona söküntü barədə heç bir rəsmi sənəd təqdim edilmədiyini və obyektin bütün sənədlərinin tam qaydasında olduğunu deyir:

“Obyektin tikilməsi üçün o vaxtkı bələdiyyə sədri olan Zakir Fərəcov (hal-hazırda Sumqayıtın icra başçısı) tərəfindən 16 dekabr 2004-ci ildə torpaq ayrılıb və 28 aprel 2005-ci ildə sabiq icra başcısı Vaqif Əliyevin 139 N-li sərəncamı ilə tikintiyə

icazə verilib. Obyekt 2 sentyabr 2010-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsində adıma dövlət qeydiyyatına alıb. Bununla belə, mən qanunauyğun olan bütün tədbirləri qəbul etməyə hazıram.

Sonda onu da qeyd edim ki, hal-hazırda Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsində işləyən Kənan adlı şəxs adamları ilə yenidən əraziyə gələrək buldozerlə ətrafdakı tikintiləri sökdürür və həmçinin qanunsuz olaraq məndən də mallarımı obyektən yığışdırmağı tələb edir və apteki bu gün sökəcəyini bildirir, məni təhdid edir. Mən mətbuat vasitəsilə ictimaiyyətə müraciət edirəm”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın