Ana səhifə / Media / “Nurgün Motors” qiymətlərə motor qoyub, uçurdur – bahalığın baiskarları

“Nurgün Motors” qiymətlərə motor qoyub, uçurdur – bahalığın baiskarları

Avtosalonlarda durğunluq olsa da qiymətlər “ceyran belindədir”

Bakıda yerləşən avtosalonlarda demək olar ki, günbəgün birinci əl avtomobillərin qiymətləri qaldırılır. Lakin bunun əksinə olaraq, tələbat da kəsin şəkildə aşağı düşüb. Satıcılar qiymətin bahalaşmasının səbəbini, manatın dollara nisbətdə dəyər itirməsi ilə əlaqələndirirlər. Ancaq bir məqam da var ki, ötən il Bakıya idxal olunan avtomobillərin sayı digər illərlə müqayisədə aşağıdır.
Bəs belə olan təqdirdə, manatın dollara nisbətdə ucuz olduğu dövrdə gətirilən avtomobillər niyə getdikcə bahalaşır?
Öncə onu qeyd edək ki, iqtisadçıların hesablamalarına görə, son 3 ildə ölkəyə idxal olunan avtomobillərin sayı təxminən 4 dəfəyədək azalıb. Belə ki, 2010-cu ildə ölkəyə 51 824, 2011-ci ildə 64 916, 2012-ci ildə 89 652, 2013-cü ildə 94 879, 2014-cü ildə 57 615, 2015-ci ildə isə 23 765 ədəd avtomobil idxal edilib. 2016-cı ildə isə ölkəyə 4991 ədəd minik avtomobili, 96 ədəd avtobus, 571 ədəd yük avtomobili, 88 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi idxal olunub.

Avtosalonlarda söhbət etdiyimiz satıcılar “Yeni Müsavat”a bildirdilər ki, onlar artıq avtomobilləri sifariş əsasında gətirməyə üstünlük verirlər. Yəni müştəri hər hansı bir modeli nağd şəkildə almaq istəyirsə, bunu avtosalona sifariş verir və salon bu avtomobili gətirərək, satışı həyata keçirir. Bildirilir ki, bazardakı mövcud şərait, avtosalonları demək olar ki, tam olaraq “çökdürüb”. Hətta bəzi avtosalonlar əməkdaşlarının maaşlarını belə verməyə çətinlik çəkirlər.
Bakıda yerləşən avtosalonların bir neçəsində olub, burada yaşanan durğunluğu müşahidə etdik. Buna baxmayaraq yuxarıda da qeyd etdiyimiz kimi salonlarda qiymətlər nəzərəçarpacaq dərəcədə artıb.

Misal üçün “Hyundai” 2015-ci il istehsalı olan “Elantra” model maşın təchizatından asılı olaraq, 14900-15900 dollara satılır. Şirkətin 2016-cı il istehsalı olan “Tucson” modeli 43300 AZN, “Accent” modeli isə 24200 AZN-ə satılır. 2015-cı il istehsalı olan “Santafe” isə 27000-28500 manatadır.

2016-cı il istehsalı olan “KİA” markasının “Cerato” modeli 32300 AZN, 2015-ci il “Sorento” modeli isə 46500 AZN, eyni ilin “Sportage” modeli isə 38480 AZN-ə satılır.

Eləcə də “Chevrolet” şirkətinin 2016-cı il istehsalı olan “Cruze” modeli 26-27 min manata satılır.

Ekspertlərin sözlərinə görə, ölkədə son zamanlar baha satılan avtomobil modellərindən biri də “Nissan”dır. “Nissan” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Nurgün Motors” hazırda yalnız bir neçə modelin satışını həyata keçirir. Bildirilir ki, bu modellər digər ölkələrlə (misal üçün Rusiya) müqayisədə Azərbaycanda xeyli baha satılır. Fins.az saytı bununla bağlı araşdırmasında qeyd edib ki, Azərbaycanda satılan yeni “Nissan”lar Rusiyadan 2- 8 min dollar arasında bahadır.
Hazırda “Nissan”nın 2016-cı il istehsalı olan “Almera” modeli 14900 dollar, “Sentra” təchizatından asılı olaraq 17800- 22700 dollar, qeyd etdiyimiz ilin “X-trail” modeli isə 43500 manata satılır.
Bəzi qiymətlər dollarla təqdim olunsa da, avtosalonlarda satış manatla həyata keçirilir.

Image result for Qubad İbadoğlu
İqtisadçı ekspert Qubad İbadoğlu “Yeni Müsavat”a bildirib ki, qiymətlərin bahalaşmasının əsas səbəbi aksiz dərəcələrinin 2017-ci ilin yanvarın 1-dən etibarən artırılmasıdır:
“Xüsusilə də mühərrik gücü yuxarı olan avtomobillər üçün aksiz dərəcələri demək olar ki, əvvəlki ilə müqayisədə 4 dəfəyədək yuxarı qaldırılıb. Bu isə son nəticədə qiymətlərə təsirsiz ötüşməyəcəkdi. Aksiz dərəcələrinin artması, həm də avtomobili ölkəyə gətirən şirkətlərin xərclərinin artması deməkdir. Avtomobili gömrük rəsmiləşdirilməsindən keçirən zaman, onlar aksiz dərəcələrini bu ilin 1 yanvar tarixindən yeni dəyişikliklərə uyğun olaraq ödəyirlər. Bu isə son dərəcədə avtomobilin satış qiymətini bahalaşdırır. Biz öncədən belə bir proqnoz vermişdik ki, avtomobilin qiymətinin bahalaşması gözlənilən idi. Daxili bazarda ikinci əl avtomobillərinin qiymətində böyük dəyişiklik gözlənilmir. Ancaq birinci əl avtomobillərin qiymətində bahalaşma var və bundan sonra da qiymətlər yəqin ki, bahalaşmaqda davam edəcək”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın