Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Novruz cibimizi soymağa gəlir

Novruz cibimizi soymağa gəlir

“Bütün dünyada böyük bayramlar öncəsi qiymətlərdə endirim olur, bizdə isə əksi baş verir”
Hər il Yeni il və Novruz bayramı ərəfəsində ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Bu il isə bahalaşma bayramdan xeyli öncə baş verdi. Novruzun gəlməsinə 1 ay qalmasına baxmayaraq indidən artıq bir sıra ərzaq məhsullarında bahalaşma müşahidə edilir.
Ekspertlər bu bahalaşmanın bayram həftəsində pik həddə çatacağını bildirirlər. Əvvəllər 7-8 manata satılan ət hazırda 12 manatadır. Bayram öncəsi isə ətin kilosunun 15 manat olacağı deyilir. Nəzərə alsaq ki, bayram günü süfrədə əsasən ət yeməkləri olur, bu qiymətlə bir çox ailələr ürəklərincə olan bayram süfrəsi aça bilməyəcək…
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsi 2017-ci ilin yanvar ayının yekunları ilə bağlı hesabatında əhalinin nominal gəlirlərinin ötən ilin analoji dövrü ilə müqayisədə 4,6 faiz artaraq 3,48 milyarda çatdığını bildirib. Hesabata görə, qeyd olunan dövrdə əhalinin adambaşına düşən gəliri 3,4 faiz artaraq 358,6 manat təşkil edib. Bundan başqa, qeyd olunub ki, əhalinin sərəncamında qalan gəlirlər ötən ilin yanvar ayı ilə müqayisədə 4,5 faiz artaraq 3,14 milyard manat təşkil edib.
Maraqlıdır, əgər bu qədər artım varsa, bu gəlirlər hara gedir? Nəyə görə gün keçdikcə bahalaşma pik həddə çatır?

Image result for natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli qiymət artımının gözlənilən olduğunu dedi: “Bayramlar öncəsi Azərbaycanda qiymətlər həmişə bahalaşıb. Bütün dünyada böyük bayramlar öncəsi qiymətlərdə endirim olduğu, kampaniyalar həyata keçirildiyi, vətəndaşların xeyrinə qərarlar verildiyi halda, bizdə əksi baş verir. Dünyanın əksər ölkələrində rəqabətli bir mühit fəaliyyət göstərir, Azərbaycanda isə illərdir bunun tam əksidir. Ona görə də ölkəmizdə qiymətlər həmişə qalxıb. Son vaxtlar bir sıra neqativ məsələlər üst-üstə gəldi, buna görə də qiymətlərin artım tempi sürətləndi. Ölkənin idxaldan ciddi asılılığı var. Yerli istehsal adı altında bazara çıxarılan məhsulların belə xammalının böyük bir hissəsi xaricdən gəlir. Məzənnənin tez-tez dəyişməsi, manatın dəyərdən düşməsi qiymətin bahalaşmasında mühüm rol oynayır. Əhali hesab edirdi ki, dollarda az da olsa ucuzlaşma müşahidə olunursa, bu, qiymətlərə həmən yansımalıdır. Əslində isə bu belə deyil. Heç olmasa bir neçə ay məzənnədə stabillik olmalıdır ki, bu, qiymətlərdə öz əksini tapsın. İkinci məsələ isə mövsümi məsələdir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının, ərzaq məhsullarının uzun müddət saxlanılması üçün bir infrastruktur qurulmayıb. Azərbaycanda çox az sayda soyuducu kameralı böyük anbarlar var. Bu da yerli məhsulların mövsümlə əlaqədar bitməsindən sonra xaricdən daha çox məhsulun gəlməsi ilə əlaqədardır. İndi Azərbaycana xaricdən daha çox yeyinti və ərzaq məhsulları daxil olur. Bununla əlaqədar qiymətlərin artması gözləniləndir. Bu proses Novruz qabağı daha da sürətlənə bilər. Novruz süfrəsinin ötən illə müqayisədə 37 faiz baha başa gəlməsinə gəlincə isə hətta rəsmi rəqəmlər də sübut edir ki, keçən ilin müvafiq dövrünə nisbətən ərzağın qiyməti 15 faiz artıb. Əgər rəsmi statistika 15 faizlik inflyasiyanı boynuna alırsa, real göstərici ən azı bundan iki dəfə artıqdır. Çünki bizdə rəsmi statistika çox zaman rəqəmləri iqtisadi parametrlərə görə deyil, hökumətin rəsmi kursuna görə açıqlayır”.
Ekspert Azərbaycanda real gəlirlərin artmadığını dedi: “Nominal gəlirlərdə müəyyən artımlar ola bilər. Çünki indeksləşmə baş verdi. Azərbaycan prezidentinin fərmanı ilə təqaüdlərin, büdcə təşkilatlarında çalışanların maaşlarında müəyyən artım baş verdi. Bu, nominal artımdır. Real artım o zaman olur ki, əhalinin gəlirlərinin artımı inflyasiyadan yüksək olsun. Əgər indi gəlirlər 7 faiz artıbsa, rəsmi inflyasiyanın 12 faiz, ərzaq bahalaşmasının 15 faiz olduğu bir məmləkətdə real gəlirlərin artımından yox, azalmasından söhbət gedə bilər. O 8 faizlik nominal artım inflyasiyanın qurbanına çevrildi. Buna görə də Statistika Komitəsinin topladığı rəqəm doğru rəqəm deyil. Bütün dünyada nominal yox, əhalinin real gəlirlərinin artımı hesablanır. Azərbaycanda isə sanki söz oyunu qurublar. Nədə əhaliyə bir təbliğat kimi istifadə etmək mümkündürsə, bu tipli bəyanatlarla statistik məlumatları təbliğat vasitəsinə çevirirlər”.
8-ci kilometr bazarına baş çəkib qiymətlərlə də tanış olduq. Novruz bayramına bir ay qalsa da, əhali xarab olmayan məhsulları indidən alaraq tədarükünü görürdü. Qiymətlərə gəlincə isə daha çox qoz, fındıq, quru meyvələrin qiymətində artım vardı. Belə ki, qabıqlı qoz 15 manata, qoz ləpəsi 17-28 manat, qabıqlı fındıq 7-9 manat arası, ləpəsi isə 15-20 manata təklif olunur. Yerfındığı 12 manat, kişmiş 6-12 manat arası, qaysı 7-15 manat arası, şabalıd 15-16 manata, gavalı 12, alça 9 manata satılırdı. Quru badam 10 manata, alma qurusu 8 manata, turş gilas qurusu isə 14 manata satılırdı. Meyvələrə gəlincə isə alma 1,50 -3 manat arası, nar 5-6 manat, portağal 2,50 -3 manata, armud 2-4 manat, ananas 7-8 manat, banan 2 manat 70 qəpiyə, naringi – 1 manat 50 qəpik və 3 manat 50 qəpik arası, üzüm 5 manata satılır. Pomidor 3-5 manat, xiyar isə 2-5 manat arasında satılırdı.
Satıcılar alıcıların ləpə və quru meyvə tədarükünü indidən gördüyünü deyirdi.
Quru meyvə satıcısı Əli Məmmədov bayramqabağı ləpələrin də qiymətində artım olacağını dedi: “Hələ ki qiymətlər münasibdir. Novruzqabağı ən azı üstünə 1-2 manat qoyacağıq. Bizə də baha gəlir deyə buna məcburuq”.
Alıcılar isə durumdan narazı idi. Alıcı Mətanət Quliyeva bu qiymətlərlə bayram keçirməyin çətin olacağını dedi: “Qiymətləri görəndə adamda bayram əhval-ruhiyyəsi qalmır. Bu bayramda süfrəmizdən çox şeyləri ixtisar etmiş olacağıq. Çox ərzaqları almıram ki, bayram yarmarkasından alacam. Ümid edirəm ki, bayram yarmarkasında qiymətlər cibimizə uyğun olacaq”.
Kənd təsərrüfatı mütəxəssisi, aqronom Vahid Məhərrəmov politika.az-a açıqlamasında Novruzqabağı qiymət artımının qarşısını real olaraq almaq mümkün olmayacağını deyib: “Bizim idxaldan asılılığımız var. Yəni əksər məhsullar idxal olunur. İdxal olunduğu üçün dollarla alınır. Ölkəyə gətirilərkən yol xərcləri və digər xərcləri nəzərə alsaq, bahalaşma olur. Ona görə də Novruz bayramı ərəfəsində idxalçılar gəlirlərini artırmaq üçün belə addım atırlar”.
V.Məhərrəmov bildirib ki, hökumət, məmurlar və yerli icra orqanları bütün gücünü bu sahəyə səfərbər etsə də, bahalaşmanı önləmək mümkün olmayacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın