Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Media / Niyə qəzet oxumuruq? – ŞƏRH

Niyə qəzet oxumuruq? – ŞƏRH

Rusiyanın 70 faiz əhalisi qəzet oxumur. Bu barədə “Levada” mərkəzi məlumat yayıb. Mərkəzin apardığı sorğudan məlum olub ki, respondentlərin 71%-i gündəlik xəbərləri əsasən televiziyadan izləyir. Sorğuya cəlb olunanların 86%-i ölkədə və dünyada baş verənlərdən televiziya proqramları vasitəsilə xəbər tutduğunu bildirib.

27% internet resurslarından, dostlardan və qonşulardan, 14% sosial şəbəkələrdən, 15% radiodan məlumat aldığını deyib. Respondentlərin 15%-i informasiya  mənbəyi kimi qəzet-jurnalı göstərib.

Ümumiyyətlə son illər dünyada, eləcə də ölkəmizdə qəzet oxuyanların sayı kəskin şəkildə azalıb. Araşdırmalara görə dünya ölkələri arasında ən çox qəzet oxuyanlar islandlardır. Belə ki, İslandiya əhalisinin hər 1000 nəfərdən 821-i aktiv qəzet oxucusudur. Eləcə də yaponlar qəzet oxumağa çox meylidirlər. Lakin son illərdə bu ölkədəki “Asahi Shimbun” kimi dünya nəhəngi tirajını azaltmalı olub. Halbuki, qəzet vaxtilə 18-20 milyon tirajla dərc olunub.

Qardaş Türkiyə dövləti də qəzetin ən çox alındığı ölkələr sırasındadır. Lakin buna baxmayaraq Türkiyədə də qəzet alanların sayı sürətlə azalmağa başlayıb. Rəsmi statistikaya görə qəzet və jurnalların tirajı 2016-2015-ci illə müqayisədə 20 faiz azalıb.

Beləliklə dünyada qəzet oxuma ənənəsi sürətlə aradan çıxmağa, eyni zamanda çap mediasından imtina tendensiyasına başlanılıb. Qəzetlərin əksəriyyəti çap versiyasından imtina edərək “onlayn” variantında fəaliyyətlərini davam etdirir. Qəzetlər internet mediası ilə rəqabətdə demək olar ki, uduzmağa doğru gedir.  Ekspertlər də artıq qəzet əsrinin sona gəldiyini vurğulayırlar.

WhatsApp Image 2018-04-19 at 17.40.32.jpeg (396 KB)

Qeyd etdiyimiz kimi ölkəmizdə də köşklərdən qəzet alıb, oxuyanların sayı xeyli azalıb. Əvvəllər metroda, avtobusda əksəriyyət insanların əlində qəzet oxuduğunu görürdüksə, bu gün nadir hallarda bu cür mənzərə ilə rastlaşırıq.

Bəs niyə qəzet oxumuruq?

Teletənqidçi, jurnalist Qulu Məhərrəmli mövzuya bu cür şərh bildirdi: “Əvvəla bilirsiz ki, son illər gedən proseslər mətbuata olan etimadı itirib. Yəni, mətbuat mənbəyi kimi qəzetlər mötəbərliyini itirib. İnsanlar mətbuatı hazırda intriqa, qisas, böhtan mənbəyi kimi görür. Bu gün mətbuatda peşəkarlıq səviyyəsi aşağı düşüb və bu da mətbuata olan etimadı azalıb. İlk səbəb məhz bununla bağlıdır. İkinci bir tərəfdən qəzetlərin yayımı ilə bağlı problemlər var. Çünki Azərbaycanda alternativ media demək ola ki, qalmayıb.

Eyni zamanda ictimai fəallıq aşağı düşüb, ölkənin taleyi ilə bağlı biganəlik var. Bu da təbii ki, rol oynayır. İndi daha sosial şəbəkələrə meyl artıb. Əksəriyyət də internet resurslarına və sosial şəbəkələrinə əyləncə kimi baxır. Bu cür məlumatlandırılmayan cəmiyyətin həmişə ciddi mənəvi problemləri olur ki, bu baxımdan bizim cəmiyyətimiz də istisna deyil. Kitab, qəzet oxumamaq istənilən cəmiyyətin böyük naqisliyidir. Çox təəssüf ki, bizim cəmiyyət bu naqislikdə öndə gedir”.

Bəs oxucular daha çox hansı qəzetlərə üstünlük verir?

WhatsApp Image 2018-04-19 at 17.40.33.jpeg (467 KB)

Məsələ ilə bağlı əməkdaşlarımız kiçik araşdırma aparıb. Metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən qəzet köşkünün qasidi Ağa Məsimlinin sözlərinə görə, son vaxtlar qəzetlərə olan maraq artıb: “Deməzdim ki, qəzet oxuyanların sayı azalıb, əksinə getdikcə maraq artır. Gün ərzində bir çox nüfuzlu qəzetlər qənaetdici səviyyədə satılır. Lakin peşəkar olmayan, daha çox şəkillərə üstünlük verən, mənası məlumat dərc edən qəzetlər gəldiyi kimi, geri qayıdır.

“Yeni Müsavat” qəzeti də ən çox oxunana qəzetlər sırasındadır. Gün ərzində təxminən 7-8 nüsxəsini satırıq”.

Onun sözlərinə görə, qəzetə meyl göstərənlərin əksəriyyəti yaşlılar və xüsusən də rus dilli oxuculardır:

“Rus dilli oxucular qəzet çox alır. Demək olar ki, gün ərzində hər gün qəzet alıb, oxuyurlar. Yaşlılar qədər gənclər də qəzetə maraq göstərir. Lakin onlar demək olar ki, ancaq idman xəbərlərini alırlar”. (Musavat.com)

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …