Ana səhifə / Media / Nazirlik: Şəhid Raquf Orucovun ailəsinin hesabına 4447 manat köçürülüb

Nazirlik: Şəhid Raquf Orucovun ailəsinin hesabına 4447 manat köçürülüb

“Bu ilin aprel ayında Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə Azərbaycan Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdünün, habelə övladlarına pensiya və aylıq sosial müavinətin təyin olunması tam təmin edilib”.
“Report”un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elman Babayev deyib.
O bildirib ki, şəhidin həyat yoldaşı Sevinc Əlizadənin adına plastik kartın hazırlanması üçün Kapital Bank ASC-yə müraciət olunub, kart qısa müddətdə hazırlanaraq bu gün ona təqdim olunub və aylıq məbləği 907,70 manat olan pensiya 4 aprel tarixdən hesablanaraq, avqust ayı da daxil olmaqla 5 ay üzrə ümumi məbləği (4447 manat) onun həyat yoldaşının adına olan kart hesabına köçürülüb.
Eyni zamanda, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin aylıq məbləği 220 manat olan təqaüdünün qanunvericiliyə uyğun olaraq şəhidin ailə üzvləri arasında bərabər bölgüsü əsasında aylıq 165 manatı S.Əlizadəyə və onun 2 övladına təyin olunub. Prezident təqaüdünün 4 aprel-iyul ayları üzrə 643,5 manatlıq məbləği 19 iyul tarixdə ona ödənilib. Qeyd olunanlardan əlavə, S.Əlizadənin uşaqlarına aylıq 38 manat sosial müavinət təyin olunub. Sadalanan sosial ödənişləri ümumiləşdirdikdə, S.Əlizadənin ailəsinə hər ay 1110,7 manat (165+907,7+38) ödəniş olunacaq.
Şəhidin həyat yoldaşı Sevinc Əlizadə nazirlik tərəfindən məsələnin dərhal nəzarətə götürülərək operativ həll olunmasına görə təşəkkürünü bildirib: “Sosial ödənişlərin təyin olunması ilə bağlı bir neçə gün bundan öncə, yəni avqustun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət etmişəm və qısa müddət ərzində məsələ həll olunub. Mən burada yüksək səviyyədə qarşılanmışam və nazirliyin əməkdaşlarına təşəkkürümü bildirirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qısa müddətdə müvafiq sənədlərin tam tərkibdə əldə olunmasını təmin edib”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın