Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Nazirlik bir ayağı olmayan 3 uşaq atasına sosial yardım vermir – VİDEO, FOTOLAR

Nazirlik bir ayağı olmayan 3 uşaq atasına sosial yardım vermir – VİDEO, FOTOLAR

Aylıq 55 manat təqaüdlə 3 uşaq böyütmək və oxutmaq olarmı?

Vətəndaşlarımızın hansı şəraitdə yaşaması, maddi gəlirləri barədə ətraflı söz deməyə ehtiyac yoxdur. Hər kəs vəziyyəti yaxşı bilir. 
Aylıq gəliri sosial yardımdan, qonşu və qohumlarından asılı olan minlərlə vətəndaşımız var. Belə insanların gərək hökumət tərəfdən heç bir problemi olmasın. Çünki onların son ümid yeri dövlətdir, dövlətin məmurlarıdır. Amma vəziyyət elə bir həddə çatıb ki, bir ayağı olmayan, 3 uşaq atası olan vətəndaşın dərdini dinləyən yoxdur.
Söhbət Nərimanov rayonu, “Çermet” qəsəbəsi, Əliyar Əliyev küçəsi 5B ünvanında yaşayan Rəhim Abbasovdan gedir. R.Abbasov uzun müddət kinqboksinqlə məşğul olub. Bir dəfə yarış zamanı rəqibi ilə eyni fəndi etdiyi üçün dizində çat əmələ gəlib. Müalicə alıb, amma dizində olan çat olduğu kimi qalıb. Əsgərliyə gedib, qayıdıb, yenə idmanla məşğul olub. Sonra isə işləməyə başlayıb. Əvvəlcə fəhləlik edib, sonra usta kimi çalışmağa başlayıb. Aldığı zədədən 14 il sonra, yəni 2012-ci ildə qəfil ayaqlarında ağrılar baş verib.
Həkimə müraciət edib. Həkim ona “Ciddi bir şey yoxdur. Sadəcə soyuq olub” deyib və beləcə bir müddət onun başını qatıb. Bu vaxt onun bir ayağından məhrum olmasına səbəb olub. Çünki ayağı qanqren (Qanqren toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsidir. Çürümə toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır) olub və 2012-ci ilin sonunda ayağını amputasiya ediblər. Həmin gündən sonra Rəhimin həyatı məhv olub.
Söhbətimiz zamanı başına gələnləri və gətirilənləri danışan Rəhimin üzündə bu qədər dərdə, problemə baxmayaraq, təbəssüm də var idi. Bəlkə də onu ayaqda saxlayan elə bu müsbət enerjidir.
 
R.Abbasov 2 ci qrup əlildir. Buna görə ayda 55 manat müavinət alır. Bir müddət ünvanlı sosial yardım alsa da, 1 ildən çoxdur ki, səbəbsiz yerə bu yardımı da ala bilmir: “3 qızım var. Biri məktəbə gedir, ən balacasının 3 yaşı var. Onlar üçün canımı da verərəm. Gözümü sosial yardıma dikmişəm, onu da 1 il 6 aydır ki, vermirlər. Sinif yoldaşlarım, qonşularım kömək edirlər. Bir də görürəm, qızım əlində 5 manatla gəlib deyir ki, “Əmi verdi”. Məhəllədə, başqa yerdə insanlar hörmət edirlər. Amma yardımla bağlı nazirliyə gedirəm, orada münasibət tam başqa olur. Məcbur olmasam, getmərəm. Amma balalarım üçün məcburam. O pula ehtiyacım var, lakin vermirlər. “Düzələcək” deyib, yola verirlər”.
– Sizə bu yardımı niyə vermirlər?
– Səbəb yoxdur. Gedirəm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, bir-birilərinə sual verirlər ki, “Bu adama niyə sosial yardım vermirsiniz”. Mənə bir dəfə dedilər ki, kommunal xərclərin çoxdur. Hansı ki, ödəyə bilmədiyim üçün gah işığı, gah qazı, gah da suyu kəsirlər. 55 manatla nə etmək olar ki? Salamat olan, evi-eşiyi yaxşı olan adamlar sosial yardım alır, mənə isə vermirlər. 220 manat pul verəcəklər, onu da belə işgəncə ilə… 3 ildən çoxdur ki, bu haldayam. Nə qədər çətin olduğunu bir mən bilirəm, bir də qonşularım. Marketə borcum var. O da utandığından bir söz demir. Amma bilirəm ki, ödəməliyəm.
– Məktəbdə oxuyan qızınız var. Onu necə oxutdurursunuz? 
– Çox böyük çətinliklə. Bəzən elə olur ki, məktəbə zəng edib, yalandan deyirəm ki, uşaq xəstələnib, bir müddət gələ bilməyəcək. Necə deyim ki, uşağın məktəbə getməyə ayaqqabısı yoxdur? Necə deyim ki, uşağa ayaqqabı almağa pulum yoxdur? Deyə bilmirəm, axı. Telefonumu satdım, birinə ayaqqabı aldım. Bu ay alacağım pulla paltar alacam. Birinə nəsə alanda, o birisi də istəyir. Atayam, baxıram övladıma, mənə pis təsir edir.
– Müraciətlərinizə nə cavab verirlər?
– Ya rədd cavabı alıram, ya da ümumiyyətlə, cavab almıram. Yola verirlər, baxan yoxdur. Yoldaşım uşaqlara baxır deyə, o da işləyə bilmir. Mənə bir nəfər dedi ki, guya adam var, o, problemi həll edir. Guya beləcə mənə sosial yardım verəcəklər. Amma 6 ayını o, götürəcək. Razılaşdım, amma sonra xəbər tutdum ki, o da fırıldaq məsələdir. Özü alır, kartı sənə verəndə yenə yardımı kəsirlər. 220 manat əslində böyük pul deyil, amma mənim üçün çox vacibdir. Onu alsam, mənə bəs edər. Mən bu pulu alırdım. Bir müddət sonra dayandırdılar. Guya elektron sistemə keçilib və mənim yardımımı o sistem kəsib. Mən bir ayağı olmayan, işləməyən, 3 uşaq atasıyam. Yaşadığım ev də göz qabağındadır. Niyə yardım verilmir?
– Sizə kimlərsə yardım edirmi?
– Sinif yoldaşlarım, qonşularım sağ olsunlar, yardım edirlər. Amma hamısı bir yerə qədərdir. Həmişə kömək edən qohumum var idi. Onu da devalvasiyadan sonra işdən çıxardılar. Baxdığımız televizoru da “Binqo” yuyucu tozundan udmuşam. Kampaniya keçirilirdi, qutudan kart çıxdı, televizor qazandıq. Şirkətdən gəldilər, televizoru verdilər. Vəziyyətimizi gördükdən sonra sağ olsunlar, borclu olmadıqları halda bizə hər ay yardım etməyə başladılar. Artıq 2 ildir ki, bayramlarda və ya ayda bir dəfə ərzaq yardımı edirlər. Müavinəti almağa gedirəm, qoymurlar sırada dayanım, qabağa çəkirlər ki, tez alım. Camaatımız belə şeydə çox yaxşıdır. Protez mərkəzi pulsuz protez ayaq vermişdi. Nazirliyə gedəndə pilləkəndə yıxıldım, həmin protezin diz qapağı qırıldı. Dəyişdirmək üçün mərkəzə getməliyəm, taksiyə verəcək pulum olmadığı üçün aylardır ki, protezi taxa bilmirəm.











Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın