Ana səhifə / Media / Nazir: “Pensiya sistemində yeni strategiya hazırlanır”

Nazir: “Pensiya sistemində yeni strategiya hazırlanır”

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının direktoru Yevgeni Ametov və direktor müavini Yelena Seleverstova ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azinforum.az-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda iqtisadi inkişaf proseslərinin ilk növbədə sosial ədalət prinsipinin təminatına xidmət edən güclü sosial siyasətlə tamamlandığını diqqətə çatdırıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin əhalinin sosial müdafiəsi istiqamətində də mühüm irəliləyişlərlə müşahidə olunduğunu vurğulayıb. S.Müslümov bildirib ki, son 12 ildə iqtisadiyyatın 3 dəfədən çox, o cümlədən qeyri-neft sənayesinin 2,6 dəfə artdığı ölkədə sosial təminat sisteminin də dəfələrlə gücləndirilməsi şəraitində bu sistemin mühüm komponenti olan pensiyalarda da 10,5 dəfə artım qeydə alınıb: “Dünya Bankının ekpertlər qrupunun qiymətləndirmələri nəticəsində Azərbaycanda sosial müdafiə sisteminin yaxşı struktura və yeni çağırışlara cavab vermək potensialına malik olduğu vurğulanaraq, ölkədə pensiya təminatı yoxsulluğun azaldılmasında ən səmərəli vasitə kimi dəyrələndirilib”.

S.Müslümov ölkəmizin əmək və sosial müdafiə sahələrində yaradılmış avtomatlaşdırılmış sistemlər, o cümlədən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, avtomatlaşdırılmış pensiya təminatı sistemi barədə məlumat verib.

Nazir bu sistemlərin müvafiq sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəvidə tam şəffaf şəkildə təşkilinə imkan verdiyini qeyd edərək bildirib ki, 2006-cı ilin əvvəlindən ölkədə beynəlxalq standartlara cavab verən, elektron texnologiyalar üzərində qurulmuş müasir sığorta-pensiya sistemi fəaliyyət göstərir:

“Sistem pensiyaların məbləğinin hər kəsin ödəmiş olduğu sığorta haqlarına, sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsi prinsipinə əsaslanır ki, bu da dünyada ən ədalətli bir istiqamət kimi qəbul olunur. Həmçinin Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. Hazırda ölkəmizin sığorta-pensiya sistemi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Əldə olunan uğurların davamı kimi, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) ötən ilin aprelində keçirlən Avropa Regional Sosial Təminat Forumunda ƏƏSMN-nin “Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” xidməti BSTA-nın Müsbət Təcrübə üzrə Fəxri Diplomuna layiq görülüb”.

Nazir sığorta-pensiya sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə islahatların davam etdirilməsi üçün yeni strategiyanın da hazırlandığını diqqətə çatdırıb.

S.Müslümov digər mötəbər beynəlxalq təşkilatlar kimi, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə də əməkdaşlığın genişləndirlməsinə xüsusi önəm verildiyini vurğulayıb.

Y.Ametov və Y.Seleverstova Azərbaycanda sosial müdafiə sisteminin dünyanın qabaqcıl təcrübəsi səasında inkişaf etdirilməsi üçün aparılan islahatları maraqla izlədiklərini və əldə olunan müsbət nəticələri məmnunluqla qarşıladıqlarını bildiriblər. Onlar ölkəmizin Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə ötən dövrdə həyata keçirdiyi əməkdaşlığın təqdirəlayiq səviyyədə olduğunu vurğulayıblar.

Görüşdə əməkdaşlığın mövcüd vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın