Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Media / “Nazim müəllim verdiyi sözü yerinə yetirmədi”

“Nazim müəllim verdiyi sözü yerinə yetirmədi”

2 gün əvvəl Azərbaycan Qılıncoynatma Federasiyasında maliyyə problemlərinin olmasından bəhs etmişdik. Hətta bunun üçün həmin federasiyanın vitse-prezidenti, yığmamızın sabiq baş məşqçisi Yaşar Məmmədova tribuna vermişdik. O da federasiya prezidenti, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdan gileylənmiş, maaşların verilməməsindən, işçilərə öz cibindən pul verdiyini bildirmişdi.

Sport7.Az bu dəfə tribunanı yığmamızın idmançılarından birinə vermək qərarına gəlib. Avropa Oyunlarında Azərbaycana gümüş medal qazandırmış Sevil Bünyatova ilə söhbətləşdik.

– Artıq 16-cı aya keçirik ki, biz maaş almırıq. Amma Nazim müəllim mənə və bacım Sevincə 5 ayın maaşını verib. Vəssalam. Ondan başqa, maaş almamışıq.

– Sizin maaşınız nə qədərdir ki?

– Bizim maaşımız 600 manatdır. Bildiyiniz kimi, Avropa Oyunlarında mən gümüş, bacım isə bürünc medal qazandı. Onda Nazim müəllim söz vermişdi ki, maaşımızı artıracaq. Amma maaşımızı qaldırmadı.

– Avropa Oyunlarından sonra onunla görüşünüz olub?

– Bəli. Bizə qazandığımız medallara görə 1 dənə ev verib.

– Ayrı-ayrılıqda hərənizə 1 ev?

– Yox. İkimizə 1 ev.

– Neçə otaqlıdır?

– Hələ ev tam hazır olmadığı üçün otağın sayını bilmirəm. Ancaq belə 78 kvadrat metr sahəsi var. Yeni Yasamaldadır. Hələ tikilir. Avropa Oyunlarından sonra bizə verilən təkcə budur.

– O bina da yəqin Nazim İbrahimovun özünün obyektidir…

– Bildiyimə görə qardaşı Hacı İbrahimindir. Avropa Oyunlarınadək də federasiyanın işçilərə və idmançılara borcu vardı. Lakin Nazim müəllim onda evlərdən birini sataraq bütün maaşları ödədi. Ancaq Avropa Oyunlarından sonra yenidən maaşlar verilmədi. Ancaq elə oldu ki, Səbinə Mikina Olimpiadaya vəsiqə qazandığı üçün onun maaşları ödənildi.

– Mikina nə qədər maaş alır ki?

– Ayına 1100 manat.

– Yaşar Məmmədov saytımıza müsahibəsində deyib ki, daha 2 qıza da maaş verilib…

– Bəli, elədir. 2 qıza bütün maaşları verilib.

– Səbinə və o 2 qıza maaşlar tam verilibsə, Avropa Oyunlarında Azərbaycana 2 medal qazandırmış olan siz bacılara niyə maaşlar cəmi 5 ay ödənilib?

– Bilirsiniz, o qızların maaşı 200 manat idi. Bizim maaşımız isə 600 manat olduğu üçün tam ödənilmədi. Nazim müəllim fikirləşdi ki, 15 ay hərəmizə 600 manatdan çox edir. Ona görə 5 ayın pulu verildi. Qalıb 10 ay.

– Olimpiada idman növü olan qılıncoynatmada yığma üzvünün ayına 600 manat alması az deyil?

– Əslində biz də gözləyirdik ki, maaşımız qaldırılacaq. Ancaq verilən söz yerinə yetirilmədi. Adicə məşqçimiz Fikrət Vəliyevin maaşı artırılmadı. Halbuki onun əziyyəti sayəsində biz həmin medalları qazanmışdıq. Fikrət müəllim yalnız məxsus olduğumuz “Neftçi” İdman Sağlamlıq Mərkəzindən pul alır. Sağolsun ki, həmin mərkəzin rəhbəri Sadıq Sadıqov maaşlarımızı vaxtı-vaxtında verir.

– Turnirlər zamanı səfər xərclərinizi kim ödəyir?

– Bu baxımdan problem yoxdur. Gənclər və İdman Nazirliyi səfər xərclərimizi qarşılayır.

Həmçinin oxuyun

“İnkişafımızı inkar etməyə çalışırlar” – Əli Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə (KİVDF) Azərbaycan …

Bir cavab yazın