Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Media / Naxçıvanda Türkiyə-Azərbaycan-Pakistan hərbi birləşməsinin yaradılması –Təşəbbüsü

Naxçıvanda Türkiyə-Azərbaycan-Pakistan hərbi birləşməsinin yaradılması –Təşəbbüsü

Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, hətta xarici işlər nazirləri səviyyəsində növbəti görüşün reallaşmasını əngəlləməsi bölgədə savaş riskinin real olduğuna şübhə yeri qoymur. Elə qoşunların təmas xəttindən gələn atəşkəs pozuntusu halları ilə bağlı statistikanın artması onu sübut edir ki, vəziyyətin gərginləşməsi, sadəcə, an məsələsidir.
Azərbaycan isə düşmənin bütün təxribatlarının qarşısını almaqda davam edir. Məhz belə bir gərgin situasiyada Azərbaycan prezidentinin düşmənlə üzbəüz mövqedə yerləşən Tərtər rayonuna səfər etməsi, aprel döyüşləri zamanı düşmən mərmiləri ilə dağıdılmış evlərin təmir və bərpası ilə bağlı işlərin yekunları ilə tanış olub.
Ali Baş Komandanın düşmən ölkənin təxribatlarına cavabı diqqət çəkir. “Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq”,-deyə İ.Əliyev İrəvanı xəbərdar edib. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın indiki faşist rejimi faktiki olaraq ölkədə dözülməz şərait yaradıb: “Ona görə də orada əhali daha da azalacaq, çıxıb gedəcək, necə ki, indi çıxıb gedir. Biz torpaqlarımıza qayıdacağıq. Qayıtmaq üçün düşünülmüş strategiya, konsepsiya olmalıdır. Bu, var. Strateji xəttimiz müəyyən olunub və biz hər il taktiki addımları atacağıq”.
Ölkə başçısının “strateji xəttimiz müəyyən olunub” mesajı da ilgincdir. Hər halda düşmənin danışıqların növbəti raundu ərəfəsində üstün mövqeyə keçmək cəhdləri iflasa uğradı. İşğalçı son aylarda hərbi-sənaye kompleksini nümayiş etdirməklə, aqressiv siyasət sərgiləməklə Azərbaycana diktə etməyə çalışsa da, bu, nəticə vermədi. Əksinə, Azərbaycan Türkiyə, İsrail və Pakistanla hərbi-siyasi və diplomatik əməkdaşlığa önəm verməklə bu savaşda tək olmadığını nümayiş etdirdi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya son səfəri və Ermənistanı işğala son verməyə çağırması yeni bəyanat olmasa da, mövqelərin dəqiqləşdirilməsi baxımından çox önəmlidir. Türkiyə XİN başçısının bu bəyanatı rusiyalı həmkarı Sergey Lavrovla Ankara görüşündən sonra səsləndirməsi daha çox əhəmiyyətlidir. Hər halda Ermənistan Ankara və Moskva təmaslarından narahat olmaya bilməz. Ancaq Rusiyanın da Türkiyə kimi Azərbaycanın mövqeyini müdafiə edəcəyi heç bir halda real görünmür. Ona görə də daha çox arzuolunan budur ki, Azərbaycan və Türkiyə Qars müqavuləsinin tələblərindən çıxış edərək Ermənistan-Rusiya hərbi birləşməsinin yaradılmasının qarşılığında Naxçıvanda birləşmiş hərbi kontingent yaratsın.
Image result for Hərbi ekspert Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov da hesab edir ki, Rusiya hər addımında sözdə Azərbaycanı dəstəkləsə də, əməldə işğalçının həm maddi, həm də mənəvi dəstəkçisi olduğunu bütün dünyaya sübut etməkdə davam edir: “Bütün bunların fonunda biz də vəziyyətdən çıxış yolu kimi, qardaş və dost Türkiyə və Pakistanın hərbi gücünün regiona gəlməsinə çalışmalıyıq. Nə qədər çətin və ağır olsa da, biz mütləq bu güclərin ölkəmizlə birgə fəaliyyətini tənzimləyən hüquqi işləri təxirə salınmadan etməliyik. Yəni ikitərəfli və ya üçtərəfli formatda hərbi gücə nail olmağa çalışmalıyıq. Bunun üçünsə heç kimdən və heç nədən çəkinmədən səylərimizi daha da artırmalıyıq. Dünyada və regionda çox mürəkkəb siyasi, geosiyasi proseslər baş verir və yaxın gələcəkdə bu, daha da genişlənəcək və dərinləşəcək. İşğalçı bir qarış torpaq azad etmək fikrində deyil. Özü də bunu ən yüksək səviyyədə davamlı bəyan edir. Deməli, biz özümüz özümüzü aldadıb bu bivec, hiyləgər beynəlxalq güclərlə məsələnin həll ediləcəyinə aldanmamalıyıq”.
Image result for Naxçıvanda təlimlər
Hərbi ekspert də hesab edir ki, ən azından Naxçıvanda bu birliklərin yaradılmasına nail olmaq lazımdır: “Bu mühüm bölgəmizin blokada şəraitində olmasını əsas gətirərək ilk növbədə məhz orada Türkiyə və Pakistanla birgə hərbi əməkdaşlıq işlərinin praktiki hissəsini mütləq reallaşdırmalıyıq. Bu, həm bədnam qonşularımızın qudurğanlığının qarşısını alacaq, həm də ola bilsin ki, Qarabağ məsələsində məhz havadarlarına arxayın olaraq tutduqları faciəvi yoldan çəkinməyə bir az təsir etmiş olardı. Baxın, bədnam qonşularımız artıq Zəngilan ərazisinə Suriya ermənilərini yerləşdirirlər. Fakt ortada, amma bir dənə də olsun beynəlxalq güc, elə həmin vicdansız ATƏT-in Minsk Qrupunun həmsədrlərindən səs çıxmır. Deməli, hamı bu vəziyyətin belə olmasında maraqlıdır. Təkcə Azərbaycan dövləti öz narahatçılığını yalnız diplomatik xətlə bildirir və bununla da iş bitir. Kim zəmanət verir ki, həmin ermənilər içərisində PKK məktəbində dərs almış, təlim görmüş terrorçular yoxdur və ya olmayacaq? Ona görə də nə qədər ki, məsələ daha da dərinləşməyib, biz hər mənada bu addımın qarşısını almalıyıq. Türkiyə və Pakistanla yanaşı, digər bizə simpatiyası və rəğbəti olan dövlətlərin də dəstəyindən istifadə etmək gərəkdir”.
Hər halda rəsmən elan olunub ki, Rusiya və Ermənistanın birgə hərbi birləşməsi Naxçıvan MR-in sərhədlərində yerləşdiriləcək. Şübhəsiz ki, erməni komandanın rəhbərlik edəcəyi, üstəlik, “İsgəndər” raketlərinə də malik olacağı şübhə doğurmayan bu təhlükəli birləşməyə qarşı Azərbaycanın əks-tədbirlərə əl atması olduqca zəruridir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu  bildirdi ki, türkiyəli rəsmilər rusiyalı həmkarları ilə müzakirələrdə hər zaman Dağlıq Qarabağ mövzusunu da müzakirə edirlər: “Yəni Qarabağ heç zaman Ankara üçün arxa planda olmadı. Mümkündür ki, Ankara Moskva ilə müzakirələrdə ticarət və enerji əlaqələrinə, ortaq layihələrə və Suriya mövzusuna daha çox diqqət ayırsın. Ancaq bütün görüşlərdə türkiyəli rəsmilər Qarabağ mövzusunu da gündəmə gətirirlər. Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən həftə Türkiyəyə səfəri zamanı ona yenə də Qarabağ probleminin həlli vacibliyi diqqətinə çatdırılıb. Bu mənada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Lavrovla görüşdən dərhal sonra Bakıya səfəri də böyük ehtimalla Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Çavuşoğlu Bakıda Qarabağı müzakirə edib”.
Image result for Elxan Şahinoğlu
E.Şahinoğlunun fikrincə, rəsmi Bakı çox ümidlidir ki, Moskva Ermənistan hakimiyyətinə təsir edərək Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək: “Hələ ki bu, baş vermir. Rəsmi Bakı həm də ona ümidlidir ki, Ankara da Moskvanı bu məsələyə inandırmağa çalışacaq. Həm Bakı, həm də Ankara Rusiyaya təklif ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli halında bölgədə regional əməkdaşlığı genişləndirmək mümkün olacaq. Bu regional əməkdaşlıq isə Rusiyanın maraqlarına cavab verəcək şəkildə inkişaf edəcək. Ancaq hələlik nə Bakı, nə də Ankara Moskvadan tutarlı cavab ala bilməyib. Moskva Ermənistan hakimiyyətinə təsir etmək istəmir. Tam əksinə, Rusiya Ermənistanı daha çox silahlandırır. Ona görə də Rusiyanın nə vaxtsa ədalətli mövqe tutacağını gözləmədən öz işimizi görməliyik. Bu mənada prezident İlham Əliyev ordunu gücləndirmək, yeni modern silahlar almaq və bununla Ermənistanı zəiflətmək siyasəti doğrudur. Ermənistanı silah yarışına sürükləmək lazımdır. Elə etmək lazımdır ki, bu silah yarışı Ermənistana baha başa gəlsin. Üstəgəl, əhalisi azalan Ermənistan üçün Qarabağdakı döyüşçü itkisi də ağır yükdür. Mənə elə gəlir ki, İlham Əliyevin Qarabağla bağlı strategiyası elə Ermənistanı yormaqdan ibarətdir. Yəni əgər indiki şərtlər daxilində – Rusiya amili də nəzərə alınaraq – müharibə yolu ilə Ermənistanı məğlub etmək mümkün görünmürsə, heç olmazsa işğalçının insanı və maliyyə itkilərinin artmasını sürətləndirmək lazımdır”.
Politoloq hesab edir ki, bu arada rəsmi Bakının “xalq diplomatiyası”na üstünük verdiyi hiss olunur: “Ermənistan hakimiyyətinin qatı tənqidçilərinin Bakıda konfranslara dəvəti də bununla bağlıdır. Misal üçün, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 30 səhifəlik yazısında bu yanaşmaya geniş yeri verilir. Məqalədə diqqətimi çəkən tezislər bunlar idi: ”İki dövlətin xalqlarının nümayəndələri münaqişənin real mənbələrini açıq şəkildə və “yerlərdə” müzakirə edərək ümumi məxrəcə gələ, birgə nəticələrə nail ola bilərlər…”, “Azərbaycan və Ermənistan nümayəndələri arasında ən müxtəlif səviyyələrdə, o cümlədən sülhün bərqərar olması üçün mühüm hüquqi məkan olan xalq diplomatiyası formatında əlaqələrin intensivləşdirilməsi xüsusilə dəyərlidir…”, “erməni sosiumunda bəzi adamlar aydın başa düşürlər ki, Azərbaycan onların düşməni deyil…”, “Azərbaycan xalqı həmişə öz qonaqpərvərliyi ilə fərqlənib, kin saxlamayıb və dostluq etməyi bacarıb. Erməni fəallarının Bakıya səfəri bunu növbəti dəfə sübut etdi”. Ramiz Mehdiyevin bu tezislərindən gəldiyim əsas qənaət budur ki, Prezident Administrasiyasının rəhbəri “xalq diplomatiyasının” tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə inanır. Çünki genişhəcmli məqalədə “sülh” ifadəsinin sayı “müharibə” ifadəsinin sayını dəfələrlə üstələyir. Ümumiyyətlə, məqalənin ana xətti erməni fəalların Bakıya gəlişləri və onların paytaxtımızda iştirak etdikləri konfransın tezislərindən ibarətdir.
Məqalənin az qala üçdə bir hissəsini Bakıya gələn ermənilərin müxtəlif sitatları təşkil edir. “Noyabrın 8-də keçirilən konfrans bir daha sübut etdi ki, Azərbaycan və erməni xalqları qarşılıqlı anlaşmaya çalışır” – bu da Ramiz Mehdiyevin cümləsidir. Bu məqaləni oxuduqdan sonra gəldiyim başqa qənaət bundan ibarətdir ki, ermənilərin Bakıya dəvət olunub sülhpərvər açıqlamalar verməsi elə Ramiz Mehdiyevin ideyası olub. Pis ideya deyil. Sadəcə, bu ideya Qarabağ münaqişəsinin həllini nə dərəcədə sürətləndirəcək – əsas sual budur”.
Bu arada xarici işlər naziri Elmar Məmmədyarov 7 dekabrda Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısı və 8-9 dekabr 2016-cı il tarixində Hamburq şəhərində reallaşacaq ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak etmək üçün Belçika və Almaniyaya işgüzar səfər edəcək. XİN-dən  verilən məlumata görə, sözügedən tədbirlərdə E.Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. Azərbaycan XİN başçısının erməni həmkarı ilə görüşüb-görüşməyəcəyi, hələ ki, bəlli deyil. Cənab Məmmədyarov son açıqlamasında demişdi ki, İrəvan hələlik həmsədrlərin görüş təklifinə cavab verməyib.(musavat.com)

Həmçinin oxuyun

“Axı niyə İrəvanı bombalamırlar?” – “Kommersant” qəzeti

17 oktyabr gecəsi Azərbaycanın ikinci böyük şəhəri Gəncə yenidən beş gün əvvəlki hadisələri yaşadı. “Elbrus” …

Bir cavab yazın