Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Naxçıvanda kənd turizminin inkişaf perspektivləri – VİDEO

Naxçıvanda kənd turizminin inkişaf perspektivləri – VİDEO

Beynəlxalq təcrübə göstərir ki, turizmin inkişafı ölkə iqtisadiyyatının önəmli sahələrindən biri kimi mühüm əhəmiyyətə malikdir. Turizmin inkişafı məşğulluğun təmin olunmasına, infrastruktura təsir göstərir və inkişafı sürətləndirir, ölkəyə valyuta daxil olmasını təmin edir.
Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2016-cı il tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam bir daha ölkəmizdə turizmin inkişafının prioritet sahə kimi qəbul olunduğunun göstəricisidir. Sərəncamda idarəetməni təkmilləşdirmək üçün Turizm Şurasının yaradılması və prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizdə turizm nümayəndələrinin yaradılması məsələsi də öz əksini tapıb. Bu sərəncam ölkə turizminin sürətli inkişafını təmin edəcək, ölkəyə xarici turist axınına şərait yaradacaq.
Naxçıvan Muxtar Respublikasında son illər həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yaradılan müasir infrastruktur, yaşıllıqların artırılması, tarixi abidələrin və dini ocaqların bərpası istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər turizmin əksər növlərinin inkişafı üçün real zəmin yaratmışdır. Tarixi-mədəni, dini, sağlamlıq turizmi ilə yanaşı, kənd turizminin də inkişafı üçün muxtar respublika geniş potensiala malikdir. Ən ucqar dağ kəndlərinədək çəkilən abad yollar, yaşayış məntəqələrinin qaz, su elektrik rabitə və internetlə təminatı, bütün bölgələri əhatə edən quruculuq tədbirləri turizmin inkişafına imkanlar açır. Təbii ki bura əhalinin kənd təsərrüfatının ayrı-ayrı növləri ilə məşğul olması, qonaqpərvərliyi və zəngin süfrə mədəniyyətinə malik olması da təsir göstərir.
Bildirək ki, cari ilin ötən 7 ayı ərzində səyahət və istirahət məqsədilə muxtar respublikanı seçən turistlərin sayı 234 min 363 nəfər təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,5 faiz və ya 10181 nəfər çoxdur. Nəzərə alsaq ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır, o zaman kənd turizminin muxtar respublika iqtisadiyyatı üçün əhəmiyyəti özünü daha qabarıq büruzə verir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə kənd turizminin inkişafı mövzusunda keçirilən maarifləndirici tədbirlər bu sahənin inkişafına hesablanıb.Əhalinin iştirakı ilə keçirilən tədbirlərdə kənddə istirahət etmək istəyən turistlər üçün minimum şərait yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etməyin mümkünlüyü diqqətə çatdırılır. Əvvəllər əgər Batabata gedən yolun üstündə yerləşən Biçənəkdə evlər kirayə verilirdisə, bu gün artıq demək olar ki, bu təcrübə muxtar respublikamızın digər bölgələrinə də yayılıb. İlk istirahət mərkəzi müstəqillik illərində ağ günlərinə qovuşan Ağbulaqda salınmışdır. İstirahət mərkəzi salınandan Ağbulaq hər gün qonaqlı-qaralıdır. Mərkəzdə çalışan işçilər də elə bu kəndin sakinləridir. Bu da əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətli olub. Ağbulaq kənd əhalisinin məşğuliyyətini bu gün əsasən heyvandarlıq, maldarlıq və arıçılıq təşkil edir. Kənddə istirahət mərkəzi yaradılandan təsərrüfatın müxtəlif sahələrinə, məsələn, meyvəçiliyə, quşçuluğa da maraq artıb. Təsərrüfatlarını genişləndirən ağbulaqlılar indi evlərini də kirayə verməklə gəlir əldə edəcəklər.
Muxtar respublika kəndlərinin füsunkar təbiət mənzərələri həyata keçirilən quruculuq tədbirləri ilə vəhdət təşkil edir. İndi hansı səmtə dönsən, kənd yaşayış məntəqələrində səni müşaiyət edən gözəl təbiət mənzərələri və bir də rahat yollar, müasir memarlıq üslubunda ucaldılan binalar olacaqdır. Onu da bildirək ki, kəndlərə səfər edən turistlər Naxçıvan kəndləri üçün yeni model olan xidmət mərkəzlərindən də istifadə edə bilərlər. Mərkəzlərdə işinin peşəkarı olan ustalar çalışır.
Culfa rayonu həm də tarixi abidələrlə zəngindir. Dünya əhəmiyyətli abidə Gülüstan türbəsi Gülüstan kəndi yaxınlığında yerləşir. Bu gün çoxsaylı ziyarətçilərini qəbul edən Əlincə qala və Xanəgah Abidələr Kompleksi Xanəgah kəndinin ərazisində yerləşir. Abidələrə artan maraq bu kənddə də turizmin inkişafını qaçılmaz edib. Burda evlərin bir qismi qalanın ətəyindədir. Kənddə həyata keçirilən kompleks quruculuq tədbirləri əhalinin daha sıx məskunlaşmasına və yeni yaşayış evlərinin salınmasına şərait yaradıb. Təsərrüfatın müxtəlif sahələri ilə məşğul olan kənd adamları indi həm də evlərini kirayə verirlər. Ərəfsə pirinin və Əlincə çayının üzərində tikilmiş orta əsrlərə aid daş körpü, dörd bir tərəfi əzəmətli dağlarla əhatələnmiş səfalı guşələri ilə öyünən Ərəfsə kəndini istirahət məqsədilə seçənlər kirayə evlərdən faydalana bilərlər.
Qızmar yay günlərində istirahət üçün ideal məkan kimi Ordubad rayonunun kəndlərini seçənlər də az deyil. Götürək elə Pəzməri kəndini. Təbiət öz səxavətini bu kənddən heç əsirgəməyib. Qaplançay, Pəzməri şəlalələri, zəngin təbiəti, əzəmətli dağları, dumduru bulaq suları bu kəndi məşhurlaşdırıb. Pəzməri rayonun kiçik yaşayış məntəqələrindəndir. Lakin təbiətinin zənginliyinə görə daha çox turist cəlb etmək iqtidarındadır. Əzəmətli dağlarla əhatə olunan kənd evlərini yaşıllıqlar görünməz edib.
Kənd turizminin formalarından biri turistlərin kənd təsərrüfatı məhsullarının hasilə gəlməsi ilə tanış olması və bu prosesdə iştirakıdır. Turizmin belə forması kənd turizminin bir növü olan aqroturizm də adlanır. Turistlər səfər dövründə kənd yerlərində tarlalara, əkin sahələrinə və digər kənd təsərrüfatı obyektlərinə gedərək kənd təsərrüfatı məhsullarının əkilməsi, becərilməsi və ya toplanması proseslərində birbaşa iştirak edə bilərlər. Bu işlər təcrübə qazanmaq, kənd təsərrüfatı məhsulları istehsalının sirlərini öyrənmək və ya asudə vaxt keçirmək məqsədi ilə icra edilir. Turistlər kənd evlərində yerli məhsullardan hazırlanan yeməklərlə qidalanır. Çünki yerli mətbəx onların diqqətini daha çox cəlb edən amillərdəndir.
Bir-birinə qonşu olan kəndləri ortaq edən dəyərlər var. Füsunkar təbiət mənzərələri, insanların məşğuliyyətini göstərən təsərrüfat sahələri, bir də kənd adamlarının təmizqəlbli, xoşniyyətli olması.
Baxçaları barlı-bəhərli, süfrələri zəngin olan dırnıslıların da qapısı turistlərin üzünə açıqdır. Tələbkarlıq baxımından qiymətləndirsək, kənd yaşıl turizm həvəskarları çox da tələbkar deyillər. Turizmin bu növü ilə məşğul olmaq üçün minimal tələblərə cavab verən kənd evləri kifayət edir. Dırnısda evlərin əksəriyyəti mənzərəli ərazidə, çay kənarında yerləşir.
Məlumat üçün bildirək ki, Sovet dövründə təbiətinin zənginliyinə, iqliminə görə düşərgə salınan kəndlər Dırnıs, Ağbulaq, bir də Şərur rayonun Şahbulaq kəndləri olub. Hər yay dövrü məktəblilər bu ərazilərdə istirahət ediblər. O dövrdə cəlbedici amil sadəcə bu yerlərin təbiəti olub. Bugünsə vəziyyət tam fərqlidir. Yəni yalnız məktəbliləri deyil, xarici turistləri qəbul edə biləcək səviyyədə kənd yaşayış məntəqələrimiz inkişaf edib.
Hər il yüzlərlə turist paytaxtın səsli-küylü həyatından uzaq, təbiətin qoynunda dincəlmək üçün səfalı yerlərə üz tuturlar. Bu mənada hər bir turist rahatlıqla növbəti seçimini Şahbulağa edə bilər. Bulaqların şahı da Şahbulaqdadır, sərt görkəmi ilə yolu hər iki tərəfdən çəpərləyən dağlar da. Bu mənzərə Şahbulaq yolu üçün istisnadır. Şahbulaq dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, dağların əhatəsində yerləşir. Əzəmətli dağlar bu kəndi üzük kimi həlqəyə alıb.
Bu yerlərin gözəl təbiəti insanlarının da ruhuna sirayət edib. O qədər mehriban, o qədər safdırlar ki, hansı qapını açsan, səni doğmaları kimi qarşılayacaqlar. Turizmin inkişafına dəlalət edən amillərdən biri də elə qonaqpərvərlikdir. Bu isə Şahbulaqda yüksək səviyyədədir.
Kənd yaşıl turizminin inkişafı yerli sakinlərin təşəbbüskarlığı və qonaqpərvərliyindən də asılıdır. İstehsal etdikləri, öz zəhmətlərinin bəhrəsi olan məhsullar bal, şor-kərə, qatıq, pendir digər kənd məhsulları-toyuqdan, heyvan ətindən hazırlanan cürbəcür yeməklər, bağdan yenicə dərilib gətirilən dadlı-tamlı meyvələr süfrələrinin bərəkətidir. Bir sözlə, süfrədə nə varsa, ekoloji cəhətdən saf, insan orqanizmi üçün faydalı məhsullardır. Qidalan, ruhunu da bu yerlərin saf havası, gözəl mənzərələri ilə qidalandır.
Kəngərli rayonunun Çalxanqala və dünya əhəmiyyətli Qarabağlar türbə Kompleksinin yerləşdiyi Qarabağlar, Babək rayonunun Yuxarı Buzqov və Payız kəndlərində də artıq sakinlər evlərini kirayə verirlər.
Eyni zamanda səfər ərəfəsində turistlər festivallarda və başqa mədəni tədbirlərdə iştirak edə bilərlər. Bu baxımdan ötən dövr ərzində Naxçıvanqala Tarix memarlıq Muzey kompleksində keçirilən festivallar turistləri də cəlb edib.
Turisti cəlb edən məqamlardan biri də elə mətbəxdir. Biz özümüz da hər hansısa bir ölkəyə getdikdə ilk əvvəl mətbəxi ilə maraqlanırıq. əgər mətbəx zəngindirsə və dadlıdırsa, heç zaman yediyimiz yeməklərin ləzzətini unutmarıq. Naxçıvan mətbəxi niyə də zəngin olmasın? Torpaqdan ikiəlli yapışan kənd adamlarının həyətlərindən məhsulları yığmaqla bitməz. Burda deyiblər: bir quş südü əskikdir. İndi o quş südünü də arı südü əvəz edir. Arıçılıq kənd adamlarının əsas məşğuliyyətlərindəndir. Bununla belə meyvələrdən cürbəcür kompot mürəbbə hazırlayar, süfrələrini əllərinin əməyi olan nemətlərlə zənginləşdirərlər.
Turist bir ölkəyə səfər etdikdə onu maraqlandıran məqamlardan biri həmin yerin insanlarının məşğuliyyəti, adət-ənənəsi olur. Bu mənada turistlər kənd yerlərinə üstünlük verirlər. Çünki kənd yerlərində bunu daha yaxşı görmək mümkündür. Kənd yaşayış məntəqələrimizdə yaşayan və xalq sənətkarlığının ayrı-ayrı sahələrini yaşadan sənətkarlar əl işlərini satmaqla da gəlir əldə edə bilərlər.
Muxtar respublikada kənd turizminin real vəziyyəti barədə qısa da olsa, bəhs etdik. Real vəziyyət perspektivdə kənd turizminin inkişafını və əhatə dairəsinin genişlənəcəyini sərgiləyir. Kirayə verilən kənd evləri ilə bağlı məlumatları Turizm İnformasiya Mərkəzinin facebook səhifəsindən əldə edə bilərsiniz. Burada evlər haqqında konkret məlumat və əlaqə nömrələri də verilib.
Turist həm də informasiya daşıyıcısıdır. Turist səfər etdiyi ölkənin təbiəti, şəfalı bulaqları, ləziz mətbəxi, tarixi və mədəniyyəti, qonaqpərvərliyi ilə bağlı məlumatları öz ölkəsinə aparır və təbliğ edir. Mütəxəssislərin də fikrincə ölkəyə gələn hər bir turist xidmətdən məmnun qalırsa, geri qayıdandan sonra o ölkənin reklamçısına çevrilir və özündən sonra bir neçə nəfərin gəlməsinə səbəb olur. Yaxşı xidmətlə qarşılaşmayanda isə bu antireklama çevrilir. Turizmi zəncirvari bir halqaya bənzətmək olar. O halqanı genişləndirmək üçün hər birimiz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik.

 

https://www.youtube.com/watch?v=lQklEJ6WpCQ
Ruhiyyə Rəsulova

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın