Cümə , Oktyabr 23 2020
Ana səhifə / Media / Naxçıvanda arvadından boşandı, ölkədən çıxışı qadağan olundu – FOTOLAR

Naxçıvanda arvadından boşandı, ölkədən çıxışı qadağan olundu – FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Şərur rayon Mahmudkənd kənd sakini həyat yoldaşından 2 ildir ki, boşanıb. Lakin onun ölkədən çıxışına qadağa qoyulub.
Kənd sakini Nəsirov Cəfər Sadiq oğlu musavat.com-a danışarkən bildirdi ki, 2011-ci ildə ailə həyatı qurub. Ancaq evlilik tərəflərin istədiyi kimi alınmayıb və 3 il sonra boşanmaq qərarına gəliblər.
C.Nəsirov boşanmaq üçün Şərur Rayon Məhkəməsinə müraciət edib. Onun sözlərinə görə, məhkəmədən əvvəl həyat yoldaşı Vüsalə Səfərova toy zamanı ona alınan qızıl-zinət əşyalarını evdən götürərək, ata evinə gedib. Məhkəmə də tərəflərin razılığı ilə boşanma qərarı verib.
Bundan sonra V.Səfərova keçmiş həyat yoldaşına qarşı iddia qaldırıb və cehiz olaraq alınan qızılları tələb edib. C.Nəsirov deyir ki, keçmiş xanımı onu məhkəməyə verərək, qızılların qarşılığında 1200 manat tələb edir: “Qızılların hamısını evdən aparıb. Boşanarkən də bu, məhkəmədə sübut olundu və təsdiqləndi. Vüsalə də öz razılığını bildirdi. Lakin sonradan məhkəməyə müraciət edərək, belə bir iddia ilə çıxış etdi”.
Bir övladı olan C.Nəsirov buna görə həyat yoldaşına məhkəmənin qərarına əsasən 40 manat aliment ödəyib. Son bir neçə ayda isə işləmədiyindən bu məbləği ödəyə bilmir: “Əsgərlikdən gəldikdən sonra da Türkiyədə işləmişəm. Naxçıvanda işim yox idi. Boşandıqdan sonra Bakıya gəldim. Aylıq 160 manata obyektlərdən birində mühafizəçi işləyirdim. İş vaxtı və yol sərfəli olmadığından çıxdım. İndi iş yeri də yoxdur. Türkiyəyə çıxışıma da qadağa qoyulub”.
C.Nəsirovun Türkiyəyə gedə bilməməsinə səbəb onun ölkədən çıxışına qadağa qoyulmasıdır: “Naxçıvan sərhəddində pasportumu yoxlayanda dedilər ki, sənə “qırmızı işıq” yanır. Ölkədən çıxa bilməzsən. Səbəbini soruşduqda heç nə demədilər. Yenidən Şərur Rayon Məhkəməsinə müraciət etdim. Çıxarılan qərarın əsassız olduğunu bildirdim. Həyat yoldaşım Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın yaxın qohumudur. Məhkəməyə də onun əli ilə təsir göstərə bilirlər. Bunu mənə Şərur Rayon Məhkəməsinin sədri Hüseyn Zülfüqarov da dedi.
Ölkədən çıxmağıma qoyulan qadağanın qaldırılması üçün tələb etdilər ki, anam notariusdan təsdiqlənmiş sənəd versin ki, mən ölkədən getdikdən sonra alimenti o ödəyəcək. Anam da razılaşdı. İndi təqaüdündən alimenti ödəyir. Amma mənə qoyulan qadağa götürülmədi. Təzədən həmin 1200 manatı tələb edirlər”.
Bundan sonra C.Nəsirov Şərur Rayon Məhkəməsinin sədrindən Naxçıvan Ali Məhkəməsinin sədrinə şikayət məktubu göndərib. Bundan xəbər tutan Şərur Rayon Məhkəməsinin sədri Hüseyn Zülfüqarov C.Nəsirova xəbərdarlıq göndərərək, şikayətini geri götürməsini tələb edib: “Şikayəti geri götürməyəcəyimi dedim. 15 gün sonra Şərurda məni polis saxladı. 15 sutkalıq həbs verdilər. Saxlanma səbəbim, nədə ittiham olunmağım haqda mənə heç bir sənəd verilməyib. Ombudsmana da müraciət etmişəm. Cavab verdilər ki, onlar məhkənin işinə müdaxilə edə bilməzlər”.
Hazırda Türkiyədə əvvəllər çalışdığı müəssisədə işləmək imkanı olduğunu deyən C.Nəsirov ona qoyulan qadağaya görə ölkədən çıxa bilmir. Türkiyəyə gedəcəyi təqdirdə, qarşı tərəfin tələb etdiyi 1200 manatı da ödəyə biləcəyini deyən Naxçıvan sakini şikayətinə baxılmadığı üçün Prezident İlham Əliyevə müraciət edəcəyini bildirir.
İ.Muradov,
Musavat.com


Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …

Bir cavab yazın