Ana səhifə / Media / “Naxçıvan” adından qeyri-qanuni istifadə edilməklə məhsullar istehsal edildiyi aşkar olunub –FOTOLAR

“Naxçıvan” adından qeyri-qanuni istifadə edilməklə məhsullar istehsal edildiyi aşkar olunub –FOTOLAR

“Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Sabir küçəsi 8a ünvanında yerləşən “Al-Sana” MMC-nin istehsal etdiyi kolbasa məhsullarında və Abşeron rayonu Xırdalan şəhəri akademik Həsən Əliyev küçəsi 38 ünvanında yerləşən “Zəhmət-Ruzi” MMC-nin istehsal etdiyi “Sab” markalı süd məhsullarında coğrafi göstərici qismində “Naxçıvan” sözündən istifadə edilməsinə dair muxtar respublikada fəaliyyət göstərən analoji məhsulların istehsalçıları tərəfindən ünvanımıza müraciət daxil olub”.

Azinforum.az bildirir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Açıqlamada deyilir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt məhsullar hesab edilir.

“Məsələ ilə bağlı tərəfimizdən daxili bazarda aparılan araşdırmalar üzrə müəyyən olundu ki, həqiqətən də “Al-Sana” və “Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən istehsal olunmuş bir sıra kolbasa və süd məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan “Naxçıvan” adı ilə markalanmışdır. Bu qanunazidd əməl ilk növbədə məhsulun mənşə yeri ilə bağlı istehlakçıların aldadılmasına səbəb olmaqdadır. Digər tərəfdən isə bu kontrafakt məhsulların istehsalçılarının ad və mənşə yeri ilə bağlı qanunsuz əməllərinin eyni qaydada məhsulun keyfiyyət göstəricilərində də təkrarlanacağından ehtiyat edən yerli sahibkarlarımız uzun illər ərzində vicdanlı fəaliyyətləri ilə qazandıqları müştəri məmnunluğunu itirəcəklərindən ciddi narahatçılıq keçirməkdədirlər”.

Komitə istehlakçıların və sahibkarların nəzərinə çatdırır ki, bu məhsullar kontrafakt məhsullar sayılır və belə məhsullara rast gəldikdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat verilməsi xahiş olunur.

Aşkar olunmuş saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq hüquqi prosedurlar başladılıb.

 

naxci01

naxci03

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın