Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Nardaranda əmək yarmarkası: sakinlərə 215 iş yeri təklif olundu – FOTOLAR

Nardaranda əmək yarmarkası: sakinlərə 215 iş yeri təklif olundu – FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və iş axtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə Bakının Nardaran qəsəbəsində Əmək yarmarkası təşkil edilib.
Virtualaz.org Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, yarmarkanın açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirin təşkili ilə yaxından tanış olub, müvafiq tapşırıqlar verib.
 
Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeni islahatlar kursunda ölkədə məşğulluq imkanlarının artırılması, işsiz və iş axtaranların iş yerləri ilə təmin olunması xüsusi yer tutur: “Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət və qeyri-dövlət sektoruna aid iri işə götürənlər arasında işsiz və iş axtaran vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür. İşə götürənlər tərəfindən vakant iş yerlərinin yaradılması və bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aidiyyəti üzrə məlumatların verilməsi nəzərdə tutulub. Artıq hansı işə götürən tərəfindən nə qədər vakant iş yerinin yaradıla biləcəyi barədə nazirliyə konkret göstəricilər əsasında məlumatlar da verilir. Bu proses məşğulluq mərkəzlərinə müraciət edən işsiz və iş axtaran insanların qısa müddətdə münasib iş yerləri ilə təminatında mühüm dəstək olacaq”.
 
S.Müslümov, bununla yanaşı, nazirlik tərəfindən aktiv məşğulluq tədbirlərinin gücləndirildiyini qeyd edib:“Ötən il ərzində Dövlət Məşğulluq Xidmətinin xətti ilə 29 min nəfərin, o cümlədən, 59 rayon və şəhərdə keçirilən Əmək yarmarkaları vasitəsilə 4,6 min nəfərə yaxın vətəndaşın münasib iş yerləri ilə təminatı həyata keçirilib. Hazırda da növbəti Əmək yarmarkalarına başlanılır. Bütün rayon və şəhərlərdə bu tədbirlər təşkil ediləcək”.
Nazir Bakının Nardaran qəsəbəsində sosial infrastrukturun müasir tələblərə uyğun səviyyədə yeniləşdirlməsi, qəsəbənin abadlaşdırılması, habelə qəsəbə sakinlərinin sosial problemlərinin həlli istiqamətində mühüm işlərin aparıldığını bildirib: “Nardaran qəsəbəsində yaşayan aztəminatlı ailələrə də ünvanlı dövlət sosial yardımı ödənilir. Eyni zamanda qəsəbənin işsiz və iş axtaran sakinlərinin məşğulluğunun təmin olunması bizim diqqətimizdədir. Cari il üzrə ilk Əmək yarmarkası da burada keçirilir. Yarmarkada boş (vakant) iş yerləri təklif olunmaqla yanaşı, eyni zamanda müvafiq hallarda qəsəbə sakinlərinin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması da təmin ediləcək”.
Tədbirdə işsiz və iş axtaran vətəndaşlara Bakı şəhəri üzrə 17-si dövlət, 65-i qeyri-dövlət sektoruna aid, 5-i isə xarici şirkət olan ümumilikdə 87 müəssisə tərəfindən 215 boş iş yeri təklif olunub.
Yarmarkada boş iş yeri təqdim edən əksər işə götürənlərin nümayəndələri də iştirak edib. İş axtaran vətəndaşlara boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, ayrı-ayrı sakinlər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın