Şənbə , Dekabr 5 2020
Ana səhifə / Media / Nardarana ayrılmış 12 milyon vəsaitin iki önəmli hədəfi…

Nardarana ayrılmış 12 milyon vəsaitin iki önəmli hədəfi…

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün Sərəncam imzalayıb.
Son bir ayda qəsəbənin nəqliyyat sistemi yenidən təşkil edilib. Həmçinin böyük miqdarda borclara baxmayaraq, 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib.
Həmçinin Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və “Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.
Xatırladaq ki, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polislər: Vüqar Nəsibov və İsmayıl Tağıyev həlak olub.
12 milyon manat Nardaranda təbii ki, çox şeyi, bütün simanı dəyişə bilər, çünki Prezident hətta bütöv rayonlara 3-5 milyon ayırdığı halda, tək Nardaran qəsəbəsinə 12 milyon ayırıb. Demək, dövlət bu qəsəbənin bütün simasını dəyişmək və bəzi ekstremist qüvvələrin yerli sosial-iqtisadi problemlərlə oynamaq, özü də pis niyyətlərlə oynamaq kartını əllərindən almaq kursu götürüb. Ekspertlər də 12 milyon vəsait üçün bu iki hədəfi çox önəmli sayır.

elshen_hesenov06
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov  açıqlamasında bildirdi ki, indiki halda bu çox vacib məsələlərdən biridir: “Çünki Nardaranda baş verən hadisələrin kökündə həm də sosial məsələlərin dayandığını nəzərə alsaq, bu vəsaitin düzgün yönümdə istifadə edilməsi bu gərginliyin, müəyyən qədər də olsa, qarşısını ala biləcək. Düşünürəm ki, bu vəsait həmçinin qəsəbə sakinlərinin rifahının artırılması istiqamətində də bir dönüş yaradacaq.
Məsələn, Nardaran kəndinin qazlaşdırılması zəruri məsələlərdən biridir. Bildiyimiz kimi, əksər hallarda istixanalarda yetişdirilmiş kənd təsərrüfatı məhsulları, dekorativ güllər və sairə kimi sahələr Bakı kəndlərinin əsas gəlir mənbəyini təşkil edir. Məncə, bu həm də əhali arasında işsizliyin müəyyən dərəcədə aradan qaldırılmasına və gəlirlərin artmasına təsir göstərə bilərdi”.

eli-elirzayev
Sabiq deputat, iqtisadçı Əli Əlirzayev isə hesab edir ki, ilk növbədə, işsiz insanların işlə təmin olunmasına şərait yaratmaq lazımdır:

“Nardaranın sosial infrastrukturu formalaşdırılmalıdır, əhaliyə xidmət edən sahələr inkişaf etməlidir. Digər tərəfdən, kommunal xətlər yenilənməli, nasazlıqlar aradan qaldırılmalıdır. Əhalinin yaşayışına, təsərrüfatına şərait yaradan bütün texniki tədbirlərin maddi xərcləri ödənilməlidir. Yaxşı olar ki, Nardaranda əhalinin məşğulluğunu təmin edən hər hansı müəssisə tikilib istifadəyə verilsin, yaxud da xidmət sferası artırılsın. Ayrılan vəsaitin çox hissəsi bu işlərə xərclənməlidir. Bununla yanaşı, təhsil və səhiyyə sahəsinə də daha çox diqqət ayrılmalıdır.
Nəzarət edilməlidir ki, həmin məbləğ səmərəli şəkildə-təyinatı üzrə istifadə olunsun, on manat xərcləyib yüz manat yazmasınlar. Prezidentin ayırdığı vəsaitlə yanaşı, sosial müdafiə məqsədilə kreditlər də ayrılmalıdır. Yaxşı olardı ki, kənd və ev təsərrüfatı, yaxud da gülçülük təsərrüfatı ilə məşğul olan insanlara təsərrüfatlarını inkişaf etdirmələri üçün az faizlə, uzunmüddətli güzəştli kreditlər verilsin. Sahibkarlığın inkişafına təkan verəcək tədbirlər həyata keçirilməlidir. Abşeronda əmək bölgüsündə əhəmiyyət kəsb edən sahələr yenidən bərpa edilməlidir”.
Hər iki ekspert o qənaətlərini ifadə edir ki, ekstremist dairələrin bundan sonra yerli sosial-iqtisadi məsələlərə söykənərək əhalinin hissləri ilə oynamaq şansları qalmayacaq.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Xankəndidəki morqdan reportaj

ABŞ-ın The Washington Post qəzetinin müxbirləri Liz Kukman və Robin Dikson Dağlıq Qarabağın Xankəndi şəhərindən …

Bir cavab yazın