Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Nəriman Nərimanovun adını daşıyan  parkının ərazisi tamamilə çadır-kafeyə çevriləcək?!

Nəriman Nərimanovun adını daşıyan  parkının ərazisi tamamilə çadır-kafeyə çevriləcək?!

Deyirəm bu qarabasmamı deyim, bədheybət yuxularımı deyim, olmasaydı nə yaxşı olardı?! Xüsusən də bu tövr xoşagəlməz zadlar bəzən Yaxşı oğlanların yuxusunu elə qatır ki. Uzağa niyə gedək, elə paytaxt əhalisinin az qala yarısının pıçhapıçla haqqında danışdıqları Dursun bəyin başına gələn əhvalatdan söz açmaq istəyirəm. Deyəcəksini ki, bəs Dursun bəy kimdi? Paho, o cür canlara dəyən kişini tanımayan var? Heç paytaxtın N.Nərimanov rayonunda, eyni adlı metronun çıxışı yaxınlığındakı böyük ziyalı, dövlət xadimi N.Nəimanovun adını daşıyan istirahət parkının “Metroparkla” üzbəüz guşəsində səliqə-sahmanlı, əsl yeyib-içmək, kefini durultmaq üçün çox münasib məkan olan “Kafe-park”da olmamısınız? Olmamısınızsa çox şey itirmisiniz. Burada nələr yoxdur?! Dursun bəy özü də  yedirib-içirən, gəlib-gedəni hörmət-izzətlə yola salan kişilərdəndi. Buralarda onun başına and içirlər. Kafeni vaxtında fürsəti fövtə verməyib özəlləşdirib. Allah eləməsin bu sözü eşidib qanunsuzluq olub, adı altında əlindən almayalar. İnsanlara nümunəvi xidmət göstərmək onun köhnə xobbisidir. Kafedə istədiyi qazan xörəkləri, kabablar, balıqdan tutmuş quş südünədək müştərilərə təklif olunur. Kababın, yeməyin qoxusu parkın o biri başından adamı umsundurur. Doğrudur, bəzən bir para adamlar gözü götürməzlikdən onun bu xeyirxah əməlini gözdən salmaq istəyirlər. Biri deyir parkda belə bir obyektin fəaliyyət göstərməsi qanuna zidd deyil. Hamilə qadın, uşaq, qocalar burada istirahətə gələnlər arasında heç də az deyil. Yemək qoxusu, ətri onlara da “toxunmaya” bilməz. Bu, dinimizə görə də, qanunla da, insanlıq nöqteyi-nəzərincə də xoşagələn hal deyil, deyərək, kiçik sahibkarı qarasınca məzəmmətəyirlər. Hələ bu azmış kimi Dursun bəyin yazın gəlişilə əlaqədar kafenin böyründə çadır kafe qurmasının əlehidarları da peyda olub sən demə. Ağzı göyçəklər dil boğaza qoymur. Hətta Dursun bəyin parkı çadır kafe ticarət mərkəzinə çevirdiyini iddia edərək etirazlarını bildirirlər. Deyirlər ki, bir azdan N.Nərimanov heykəlinin böyür-başı tamamilə çadır-kafeyə çevriləcək. Hələ yolun o üzündəki vergi departamentini də qınayanlar tapılır ki, bəs hara baxırlar? Ayə, deyən yoxdu ki, yaxşı qonşu da qonşunun işinə pəl vurar? Onlar Dursun bəyin insanlar üçün cani-dildən çalışdığını görmürlər məgər? Bəlkə hələ özləri də burda çaydan, dönərdən, yeməkdən filandan dadıb qanunamüvafiq faliyyətindən tam əmin olublar. Sanitariyası, məhsulun keyfiyyəti kefin istəyən səviyyədədi. Müştərilərdən kimsə hər hansı sertifikatı istədi, nə iləsə maraqlandı, vermədilər? Və yaxud kimsə hansısa xoşagəlməz vəziyyətlə üzləşməli olub? Əsla yox. Dursun bəy müştərilərin xidmətində layiqincə durub həmişə, indi də elə durmaqdadı. Dili dinc durmayanlar olmasa heç bir problem də yaranmaz.

Nərimanov rayon icra hakimiyyəti rayon ərazisində böyük tikinti-quruculuq, abadlıq işləri aparılmasına şərait yaradıb. Hər yerdə bir nizam, nümunəvi təmizlik, səliqə-səhman yaradılıb. Qanunsuzluqlara yol verilmir. İşdir künc-bucaqda kimsə gizli, gözdən-könüldən uzaq nəsə etmək niyyətinə düşsə, çox keçmədən arzusu gözündə qalır. İndi bütün bu söz söhbətlər Dursun bəyi əməlli-başlı cana doyurub. Nə gecəsi var, nə də gündüzü. Deyilənə görə bir neçə gün əvvəl kişi səhərə yaxın yuxudan hövlənak dik atılıb oturub yerinin içində. Gördüyü qəribə yuxu onu əməlli-başlı rəncidə edib. Əvvəl-əvvəl yerin içində oturub anışdıra bilməyib ki, neyləsin. Dursun, durmasın yerindən? Sonra özünə gəlib yavaş-yavaş. Ürəyinə qorxu düşüb ki, birdən doğrudan da gördüyü yuxu çin olar. Axı illər öncə də lap cavan vaxtlarında bu parkda kafesi olduğunu yuxuda görmüşdü, amma nə özü, nə də dost-tanışlar onun bu yuxusunun çin olacağını heç ağıllarına da gətirməzdilər. Di gəl ki, əli də, bəxti də gətirdi. Bir neçə dəfə gördüyü gözəl yuxular arzularını müstəcəb edib.

 

Buna görə də həmişə yuxulara inanıb, xəyallarını yuxularda görəndə onun hökmən həyata vəsiqə qazanacağına, çin olacağına əmin olub. İndi bu bəd yuxu nədi görəsən?

Dursun bəy birdən yerindən qalxır, tələsik geyinir, hətta pencəyini əlinə götürüb binanın pilləkənləri ilə qaça-qaça geyinməyə başlayır. Səhər saat 8 radələri olardı, ara-sıra rastlaşdığı qonşu-tanışlar təəccüblə ona baxıb hal-əhval tutmaq, nə baş verdiyini soruşmaq istəsələr də, onların salamını “Bəyin oğurlanması” filmində sevimli aktyorumuz Arif Quliyev kimi “salam, sağ ol” sözləri ilə cavablandıraraq pencəyinin bir qolunu geyinmiş maşının qapısını açıb onu tələsik işə salır. Heç motorun qızmasını da gözləmədən qaza basıb özünü çatdırır kafeyə. Baxır ki, paho, bu dəfə yuxu onu aldadıb. Hər şey yerindədi. Ürəyi rahatladı. Bəs deməzsiniz, kişi yuxuda Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin şəxsən özünün kafe çadıra nəhəng kranın ilgəyini ilişdirərək qaldırılması işarəsini verdiyini görübmüş. Özünü onun qabağına atmaq istəyəndə kimsə onu silkələyib elə bil yuxudan oyadır: Dursun, dur, – deyir. Kişi qan-tər içində nə baş verdiyini başa düşnədək onunku ona gəlir. İndi Dursun bəy deyilənə görə narahatçılıq içindədir. Hətta nəzir-niyaz verir ki, Əbülfəz müəllim bu tərəflərə gəlib eləməsin. İndi bildiniz məsələ nə yerdədi, əziz oxucular? Gəlin biz də Dursun bəyə mənəvi arxa-dayaq olaq. Dualarımızı əsirgəməyək. Bir ağızdan “gördüyün qarabasma heç çin olmasın”, deyək. Amin, inşallah, Allah-Təala kişini darda qoymaz, Dursunun kafesi yerində durar, tərpənməz…

 

P.S: Yəqin ki, obyektivliyinə şübhə etmədiyimiz Mədəniyyət və Turizm Naziri məsələyə biganə qalmayacaq, mövzuya öz münasibətini bildirəcəkdir.

Dağlar.info

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın