Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / “Nə bizdə imkan qalıb, nə də…” – Atası komada olan jurnalist

“Nə bizdə imkan qalıb, nə də…” – Atası komada olan jurnalist

Tanınmış jurnalist İmdad Əlizadənin atası artıq 9-cu aydır  ki, komadadır. Vaxtilə 54 gün erməni mühasirəsində qalmış müəllim, yazıçı-publisist Əli Əliyev bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna həmkəndlisinin hüzür mərasiminə gedərkən ağır qəzaya düşüb. “Koroğlu” metrostansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan 70 yaşlı Əli Əliyev artıq  9 aydır ki, ağır durumdadır.

Moderator.az saytına açıqlama verən jurnalist İmdad Əlizadə atasının səhhətində heç bir irəliləyişin olmadığını qeyd edib:

“Atam sentyabrın 17-də Bakıdakı “Avrasiya” xəstəxanasında beyin əməliyyatı olunub. Həkim demişdi ki, əməliyyatın atamın durumuna necə təsir etdiyi 4-5 günə bilinəcək. Həmin müddət keçdi, amma atamın durumunda bir dəyişiklik olmadı. Əməliyyatdan sonra güclü təsirə malik dərmanlarla müalicə kursu başlayıb və indi də davam edir. Həkimin təyin etdiyi dərmanlardan birini Azərbaycanda tapa bilmədik, Türkiyədən gətirdik. Amma bu müalicə kursu da hələlik nəticə vermir, atam hələ də komadadı”.

İmdad Əlizadənin sözlərinə görə, həm onların ailəsinin, həm də həkim kollektivinin gözləməldən başqa çarələri yoxdur. Buna baxmayaraq, çarəsiz duruma təslim olmayıb ümidlə nəticəni gözləyirlər:

“Həkimlər gözləməyi məsləhət görürlər. Onsuz da nə bizim, nə də həkimlərin gözləməkdən başqa yolumuz yoxdu. Çarəsiz vəziyyətdə, amma ümidlə gözləyirik. Atamın komada olmasından 8 ay ötüb, artıq doqquzuncu aydır. Bu müddətdə bir dəyişiklik olmasa da, biz ümidimizi itirmirik”.

Lakin bunun da çox çətin tərəfləri var ki, İmdad Əlizadə də o haqda ətraflı danışıb:

“Təbii ki, gün keçdikcə vəziyyət çətinləşir. 9 ay özəl xəstəxanada xəstə saxlamaq asan deyil. Bu bir məcburi köçkün ailəsi üçün isə əlçatmazdı. Sağ olsun, dostlar, yaxınlar, xeyirxah insanlar bu müddətdə bizə dəstək olublar. Amma indi nə özümüzdə imkan qalıb, nə də üz tuta biləcəyimiz bir şəxs, ünvan var. Atamın durumu isə onu xəstəxanadan çıxarmağa imkan vermir. Çünki atam bu gün də xəstəxananın reanimasiya şöbəsində müalicə olunur. Reanimasiyada müalicə olunan xəstəni evə necə aparmaq olar? Bu xəstəni ölümə aparmaq kimi bir şeydi.

Bizim yaşadığımız uşaq bağçasında olan durum, vəziyyət isə ora xəstə aparmağa imkan vermir. Bütün bunlara görə, çox çətin və çıxılmaz durumdayıq”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın