Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Müşfiq Ələsgərli: “Bir çox kəndçimiz həsrətdən ağlaya-ağlaya, nisgillə bu dünyadan köçdü” – FOTOLAR

Müşfiq Ələsgərli: “Bir çox kəndçimiz həsrətdən ağlaya-ağlaya, nisgillə bu dünyadan köçdü” – FOTOLAR

Modern.az saytının “Mənim kəndim”layihəsinin budəfəki qonağı Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini  Müşfiq Ələsgərlidir.

Müşfiq müllim uşaqlıq illəri və o illərin keçdiyi Cəlilabad rayonunun Əsədli kəndi haqqında xatirə və təəssüratlarını saytımızla bölüşüb:

 

Kəndimiz  və “Kəndimiz” portreti

Hər bir insan üçün doğulub, boya-başa çatdığı məkan, Vətən saydığı yer çox qiymətlidir. Uşaqlığın özünün acılı-şirinli xatirələri olur. Bizim qismətimizə isə elə düşüb ki, çox şirin uşaqlıq dövrü keçmişik. Uşaqlıq çağı insan həyatının qayğısız dövrü sayılır, Allah hər kəsə o qayğısız mərhələni yaşamağı qismət eləsin. Mənə bunu nəsib edib: atalı-analı, babalı-nənəli, əmi-dayılı bir yerdə, sağ-salamat uşaqlıq dövrümü başa vurmuşam. Yaddaşımda  o çağlarla bağlı  ancaq şirin duyğular  yaşamaqdadır. Bəlkə də, “mənim kəndim” dediyim xəyali məkan yaddaşımdakı həmin şirin duyğuların özüdür.

Kənd həyatının əlavə gözəlliyi, əlavə bir marağı var.  O marağın, gözəlliyin tam mərkəzində yerləşir, doğulub-böyüdüyüm kənd…  Relyefinə görə də çox fərqli yerdir. Kəndimiz – Cəlilabad rayonun Əsədli kəndi Buravar sıra dağlarının ətəyində yerləşir. Dağın özü meşə ilə örtülüb. Meşə, təbiət buraları gözəlləşdirməklə yanaşı, həm də bir zireh kimi mühafizə edir. Bax, belə bir gözəlliyin düz ortasında qərar tutub kəndimiz… Dağlıq, meşəlik yerlərdə, bumbuz, safsulu bulaqlar, xırda kənd çayları olar. Bizim kənd də bunlardan xali deyil. Orada da uşaqlar üçün əylənmək, gəzmək üçün maraqlı yerlər çoxdu. Orada ilin bütün fəsilləri hiss olunur. Qışı qış, yayı yay kimi keçirib, yazı yaz, payızı payız kimi yaşamışıq. Çox münbit torpağı var, Azərbaycana xas olan bütün növ bitki və meyvə ağacları kəndimizdə bitir. Meşələrində daha hansı ağaclar olmaz ki?!

 

“Vətənim adamlar”

-Böyük ailə olmuşuq. Ailədə çox uşağın olması həm də zənginlikdir. Eyni damın altında özündən böyük və kiçiklər olur, hər biriynən özünə görə davranırsan. Elə atamgilin özləri də ailədə çox uşaq olublar. Evimizin ətrafında əmilərim, bibilərim yaşayır ki, onların oğul-uşaqları bir deyil, iki deyil… Yəni, böyüdüyüm yerdə insanın sıxılması üçün hər hansı səbəb yox idi. Heç istəsək də, tapa bilməzdik. Uşaq daha çox nə istəyər ki… – oyun, əyləncə, deyib-gülmək. Böyüdüyüm yerdə bu mənada heç bir çatışmazlıq olmayıb.

Bu baxımdan da uşaqlığımız çox gözəl mühitdə, şən keçib. Mən bu gün uşaqlığımı belə xatırlayıram. Yaddaşımdakı uşaqlıq həmin şən ovqatdan heç zaman kənara çıxmayıb. Mənim üçün uşaqlığın vətəni həmin şən ortam və o ortamı yaşadan insanlardı…

 

Deməsəm, olmaz və ya 70 ilin şifrəli danışığı…

Kəndimizin bir özəlliyi də var ki, onu deməsəm, olmaz. Əsədli kəndi rəsmi dildə desək, İran sərhədində yerləşir. O vaxt da, elə indi də sərhəddin o tayına İran deyirlər. Amma əslində, hamı bilir ki, qarşı tərəf  Cənubi Azərbaycan torpaqlarıdı və orada yaşayanlar da öz soydaşlarımızdı. Bu cür mövqedə olduğundan kəndimizdə o vaxtı SSRİ sərhəd zastavası yerləşirdi. Sərhədi mühafizə etmək üçün sovet qoşun qüvvələrinin bir bölüyü orada qərarlaşmışdı. Bu səbəbdən kəndimizə orada xidmət edən və SSRİ-nin dörd bir yanından olan əsgərlərin valideynləri gəlirdilər. Müxtəlif ölkələrdən, müxtəlif insanlar, demək olar ki, SSRİ-nin hər yerindən olan əsgərlərin valideynləri övladlarına baş çəkməyə gələndə bizim kəndə də dönürdülər. Kənddə mehmanxana, hotel olmur. Kəndə gələn kənar adamlar istənilən bir evin qapısını döyüb orada qonaqlaya bilirlər. Tanıyıb-tanımadığının fərqinə varmadan, onları lazımınca qonaqlamaq ev sahibinin borcudur. Uşaqlar üçün isə yad millətə aid insanları görmək, onları canlı müşahidə etmək çox maraqlı  gələrdi.

Amma ən böyük maraq  Cənubi Azərbaycanla sərhədə yaxın olmağımız idi. İran tərəfi bizə o qədər yaxın ərazidə yerləşir ki, gündüzlər mal-heyvan dalıyca gedib, sərhədyanı zonaya çatanda qarşı tərəfdəki kənddən öz ana dilimizdə səslər eşidirdik. Bizə çox qəribə gəlirdi ki, bunlar da bizim kimi doğma dilimizdə danışırlar. Arada qısa bir sərhəd məsafəsi və Balharı adlı xırda dağ çayı var idi. O taylı-bu taylı kənd arasındakı məsafə bəlkə də heç 500 metr  də deyil.  Kəndimizin ətrafında yerləşən həmin zastavanın zabit heyəti tez-tez  məktəbə gəlir, təhlükəsizlik baxımından şagirdlərləprofilaktik iş aparır, söhbətləşirdilər. Baxmayaraq ki, bütün SSRİ ərazisinin sərhədləri  kimi bizim kəndimiz də dəmir məftillərlə İrana qarşı mühafizə olunurdu, amma Sovet zabitləri ehtiyatlanırdılar ki, birdən qaçaq yolla kimsə bu tərəflərə keçə bilər. Deyirdilər ki, əgər çöldə-bayırda bir nabələd adam, İran tərəfindən bura keçmiş hər hansı şəxs görsəniz, dərhal xəbər verin ki, onları zərərsizləşdirək. Bizə o tərəf düşmən kimi təqdim olunurdu və deyirdilər ki, onlar bura keçməklə təxribat edə bilərlər.

Çox maraqlıdır ki, onlar danışıb gedəndən sonra bizdə təzadlı fikir yaranırdı. Düşünürdük, onlar necə düşməndilər ki, bizim ana dilimizdə danışırlar?! Biz axı onların səslərini eşidirdik. Özü də necə səslərini- eynilə bizim doğma ana dilində… O səsin sahibi heç bizə düşmən ola bilərdimi?!. Amma yenə də  sağ olsunlar, bizim müəllimlərimiz, xüsusən də tarix müəllimi Tofiq müəllim! Müəllimlərimiz  özlərini  risk altına qoyaraq, bizə müəyyən şeyləri başa salırdılar. Yuxarı siniflərə çatanda bizə dolayısı ilə anladırdılar ki, siz sovet hərbçilərinin danışığına baxmayın, o tərəfdə yaşayanlar, oradan eşidilən səslərin sahibi bizim soydaşlarımızdır. Sonradan öyrəndik ki, hətta sərhəddin o tayındakı kənddə bizim kənddən çox adamın qohum-əqrabası, bacı-qardaşı qalıb. Məsələ ondadır ki, Çar Rusiyası dövründən başlayaraq, sərhədlərdə qoruyucu məntəqələr olub, amma adamların o tay-bu taya keçidlərinə mane olunmayıb.Adamlar get-gəl ediblər, hətta qız alıb-qız veriblər, qohum olublar. Belə durum Sovet hakimiyyətinin ilk illərində də davam edib. Keçən əsrin 30-cu illərdə isə sərhəddi qəfildən möhkəmləndiriblər, tamamilə bağlayıblar. Proses o qədər gözlənilməz və sürətli olub ki, hətta o tay-bu taya qonaq gedənlər də qayıdıb öz evlərinə çata bilməyiblər. Kəndimizdə çox adamlar var idi ki, dünyadan nisgillə köçdülər: kiminin qardaşı, kiminin bacısı, kiminin atası, kiminin oğlu o tayda qalmışdı. Ömürlərinin sonuna qədər görüşə bilmədilər, həsrətdən ağlaya-ağlaya dünyalarını dəyişdilər.

Uşaq vaxtı mənə qəribə gələn hallardan biri də o idi ki, bəzən yaşlı adamlar, babalar, nənələr mal-qara dalınca örüşə gedir, bəzən bütün günü kəndin qırağındakı təpənin üstündə dayanırdılar. Uşaqlar təkidlə onları evə qaytarmaq istəsələr də, alınmırdı. Çox-çox sonralar anladıq ki, onlar təpənin üzərində durub qarşı tərəfə, “İran kəndi”inə, öz qohum-qardaşlarının sorağı ilə baxırmışlar. Hətta “şifrəli sözlərlə” danışırmışlar da. O taydan baxıb bu tərəfdə kiminsə təpə üzərində durduğunu görəndə, tez onun əks tərəfdə qalan qohumu barədə yüksək səslə məlumat verirmişlər. Sovet əsgərləri duyuq düşməsin deyə, daha çox heyvanlar barədə danışırmışlar. Bu şifrəli danışıqların mənasını bizə 90-cı ildə -Sovetlərə üsyan olaraq sərhədlər dağıdılandan sonra başa saldılar….

 

Kremllə “haqq-hesab”

– Bizə məktəbdə əsasən SSRİ-rus tarixini öyrədirdilər, ancaq onu tədris  və təbliğ edirdilər. Bununla bağlı maraqlı bir şey danışım: deməli, bu rus-SSRİ tarixi beynimizə elə yeridilmişdi ki, az qala, Rusiyanın hər quberniyasının, vilayətinin  tarixini əzbər bilərdik. Azərbayan tarixi yalnız 7-8-ci siniflərdə çox nazik bir broşür-dərslikdən keçilirdi. Danışacağım əhvalat isə budur: bir dəfə jurnalist kimi Moskvaya səfər etmişdik. Ora ilk səfərim idi və haradasa, 1990-cı illərin sonuna təsadüf edirdi. Tədbirdən sonra bizə Moskvanı gəzmək üçün bir neçə yer təklif etdilər. Vaxt qısa olduğundan hamısını gəzə bilməzdik, bir seçim etməliydik. Mən dedim ki, Kremli görmək istəyirəm. Amma digər həmkarlar-görünür, əvvəlcədən Kremldə olmuşdular – başqa marşrutlar təklif etdilər. O zaman israrla təkid etdim ki, yox, mütləq Kremli görməliyəm. Rus bələdçisi soruşdu ki, axı nə var Kremldə, niyə bu qədər təkid edirsiniz? Orada təsəvvür etdiyiniz qədər də böyük şeylər, qeyri-adi nəsə yoxdu. Onda cavab verdim ki, orta məktəbdə oxuyanda bizə rus tarixini elə ciddi keçirdilər ki, Kremldə az qala hər bir daşın nə vaxt qoyulduğunu əzbər bilirik. “Saat qülləsi” nə vaxt qurulub, “Qızıl meydan” nə zaman salınıb, – bunların hamısını bizə əzbərlədirdilər. Mən bu tarixi əzbərləmək üçün çox əziyyət çəkmişəm və indi görmək istəyirəm ki, axı orada nə var?  Mənim də bu əziyyətimə heyfim gəlir.

 

Hə, indi keçək yaddaşımdakı mənə

-Açığını deyim, uşaqların sakit, əfəl olmasını  xoşlamıram. Özüm də uşaqlıqda çox dəcəl olmuşam. Valideynlərim ziyalı idilər, çalışırdılar ki, vaxtımın böyük hissəsini oxumağa həsr edim. Amma sizə deyim ki, oxumağa çox vaxt sərf etməzdim, gözdən yayınan kimi qaçıb uşaqlarla oynayardım. Özü də bir az da gözdən uzaqlara, meşə ətəklərinə gedərdik. Meşənin uzaqlığında tala vardı, ora çatıb əvvəlcə  meşə meyvələrindən yeyər, daha sonra çilingağacı, qaçdı-tutdu, futbol oynayardıq. Bu, valideynlərimizi çox narahat edirdi. Mənə hədd qoyurdular ki, belə olmaz, çox narahat olurdular, atam da mənə axırda məhdudiyyət qoydu. Mən fürsət düşən kimi yenə qaçıb, uşaqlara qoşulardım.  Amma dərslərimdə də əlaçı olmuşam. Hamısından “beş” alırdım. Atam o zaman mən görə çox narahat idi. O, tibb işçisi kimi  kənddə böyük hörmət qazanmışdı. Kənddə atama o qədər hörmət var idi ki, hətta öz yaşıdı olan adamlar ona “əmi” deyə  müraciət edirdilər. Fikirləşmişdi ki, bəlkə onun hörmətinə görə müəllimlər mənə yüksək qiymət yazırlar. Günlərin birində, biz dərsdə olanda  qəfil qapı açıldı və gördüm ki, atam məktəbin direktoru ilə birlikdə sinifə daxil oldu. Müəllimdən üzr istəyib, ən axırıncı partada oturdu və dərhal xahiş etdi ki, məndən dərs soruşsun. Lövhəyə çıxdım, əvvəlcə sinif otağında valideynin, direktorun olmasından sıxıldım. İstər-istəməz nəsə diskomfort yaşamalı olursan. Amma müəllim sağ olsun, ilkin açılışı mənə verib, psixoloji sarsıntını üzərimdən götürdü vədərsi danışmağa başladım. Dərsə cavab verib, yüksək qiymət aldım. Atam o gün bütün dərslərdə oturdu. Hamısına da cavab verib, “beş” aldım. Kişi buna çox təəccüblənmişdi. Gəlib, dedi ki, mən heç nə başa düşə bilmirəm. Nə təhər olur ki, sən başqalarının dərsə sərf etdiyi vaxtın heç onda biri qədər  oxumursan, amma…  Mənim çox yaxşı yaddaşım var idi, başqalarının bir saata öyrəndiyi şeyi, on dəqiqəyə daha çevik öyrənərdim. Qalan vaxtı da tay-tuşlarımla keçirirdim…

Amma həmin gündən sonra da atamın şübhələri üzərimdə bir xeyli qaldı. Nəhayət, onun şübhələrini ikinci dəfə götürmək mənə qismət oldu. On birinci sinifə gedəndə tarix fənni üzrə olimpiadalarda  rayon və  zona birincisi oldum. Sonra  Bakıya qədər gəlib çıxdım və orada da respublika miqyasında ilk üçlüyə düşdüm. Bu, çox böyük göstərici idi.  O vaxt əmin oldum ki, valideynlərimin şübhəsi artıq dağılmağa başlayıb. Orta məktəbi bitirib Bakı Dövlət Universitetinə daxil olanda, atam zarafatla dedi ki, “mən hələ də şübhəliyəm”.

 

Əsl çətinlik burada imiş ki…

-Universitetdə – Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çox aktiv tələbə olmuşam. Universiteti fərqlənmə diplomu ilə bitirdim. Onda müəllimlər məsləhət gördülər ki, qalıb universitetdə işləyim. Fakültə Tələbə Elmi Cəmiyyətinin  aktivi, həmçinin, qrup nümayəndəsi olmuşam,  müəllimlərlə əlaqəm çox yaxşı idi. Onların tövsiyəsi ilə aspiranturaya imtahan verdim, qəbul olundum.  Dövr çox çətin və çətin olduğu qədər də maraqlı idi. Bu səbəbdən, təzadlı  tələbəlik illərimiz keçib. Müstəqil ölkənin qurulduğu illər idi… Maddiyat baxımından əziyyət çəkirdik, amma mənəvi mənada özümüzü çox güclü hiss edirdik. Müstəqillik yolunda ilk addımlar atılırdı. Və biz də belə bir mərhələnin tələbələri idik. Özümüzü şərəfli missiyanın tərkib hissəsi kimi görürdük.

Amma iqitisadi vəziyyət çox çətin idi. Təsəvvür edin ki, mən o vaxtlar əlaçılıq təqaüdü alırdım. Həmin dövrün  aylıq əlaçılıq təqaüdü ilə mən yalnız 1 qalın dəftər və qələm ala bilərdim. Çox aşağı, simvolik bir məbləğ idi. Güclü inflyasiya getmişdi, şərait ağır, yataqxanalarda da yer yox… Çünki bizim qəbul olunduğumuz ildə məlum hadisələrin sonucunda məcburi köçkünlər Bakıya gəldilər. Onların bir qismi  universitet yataqxanalarında yerləşdirilirdi. Heç kirayə tutmağa da yerlər qalmamışdı. Çörək də ancaq talonla verilirdi. Bunları onsuz da o dövrü keçən hamı bilir. Biz də o talonla yarım çörək ala bilirdik. O da çox vaxt mümkün olmurdu. Çünki təsəvvür edin, biz günortaya qədər dərsdə olurduq. Dərsdən sonra da gəlib çörək növbəsinə durmalı idik. Bəzən növbələr 2-3 saata qədər uzanırdı. Durmaq mümkün deyildi. Günümüzü növbədə keçirəndə gəlib dərslərimizi oxumağa vaxt qalmırdı. Hə, onu da deyim ki, bu qədər çətinliklərin içində biz həm də oxuyurduq. Söz qoymuşduq ki, hər dəfə bir tələbə gedib, hamımızın yerinə növbə çəkəcək və heç olmasa, bir nəfərin payına düşən çörəyi ala biləcəkdi.  Həmin çörəyi də bir neçə yerə böləndə doyumsuz olurdu.
Acıdan doğulan  fərəhlər

-Bir dəfə elə bir vəziyyət yarandı ki, kənddən  göndərilən pay yolda ləngimişdi. Biz üç nəfər tələbə yoldaşı ac qalmamaq üçün Yasamal bazarına gedib üstümüzdə olan pulla bir ədəd  badımcan aldıq. Badımcanı elektrik “peçi”nin üzərində sadəcə pörtlədib yedik və bir sutka onun hesabına ayaq üstə qaldıq. Elə dövrümüz də olub. Amma buna baxmayaraq, bizdə çox yaxşı ruh yüksəkliyi var idi.

O zaman indiki texniki imkanlar yox idi. Biz xəbərləri sadəcə, qəzet və televiziyadan alırdıq. Yadımdadır, hər gün axşam saat 8-də AzTV-də “Xəbərlər” gedərdi. “Xəbərlər”i izləmək üçün qaldığımız Bakı Dövlət Universitetinin yataqxanasından piyada köhnə avtovağzala, indiki  Mehdi Hüseyn heykəlinin olduğu yerə gedərdik. Bir tələbə yoldaşımız bizdən çox böyük idi. Hərbi xidmət keçmişdi, oxuya-oxuya həm də gecələr işləyirdi. Həmin vaxtı avtovağzalda bir dükanda gecə gözətçisi kimi çalışırdı. Onun həmin dükanda bir balaca televozoru vardı,  biz də hər gün xəbərlərə baxmaq üçün yataqxanadan ta ora piyada gedib-qayıdırdıq. Ovqatımız isə hər zaman əla olardı. Allah heç bir çətinliyi cavabsız qoymur. Çətinliklərdən keçən, sınanmış adamlar sonradan xeyli uğurlar qazana bilir. O məsələlərdə bir az da mənim kəndimin faydası oldu. Biz uşaqlıqdan fiziki baxımdan çox güclü və sağlam böyüdük. İlk dəfə qrip xəstəliyini Bakıda olanda-tələbə vaxtı tutmuşam. Kənddə olanda o qədər sağlam idik ki, heç xəstəlik yada düşmürdü! Bəzən, yağış yağırdı, amma biz o yağışın altındaca oynayırdıq. Heç xəstələnib eləyən  də olmazdı. Uşaqlıq dövründə bu mənada  xeyli sınaqlardan çıxmışam-üç dəfə qolum sınıb, beş-altı dəfə  başım yarılıb. Bütün bu öyrəndiklərim 1990-cı illərin ağır fəsadlarını başa vurmağa yardımçı oldu.

 

Niyə tarixçi olmaq istəyirdim?

-Kəndimizin bir tərəfində uzunluğu təqribən 1,5 km-ə yaxın olan uzun və qədim bir qəbiristanlıq var. Orada qədim qoçşəkilli məzar daşları və tarixi abidə olduğu bilinən xeyli sayda əşyalara  rast gəlmək olar. Amma bu qədim tarix heç yerdə açılmayıb. Bildiyimiz kimi, qədim dövrlərdə şəhərlər, yaşayış mərkəzləri o qədər də böyük olmayıb; əhalisi ən çoxu 5-6 min… Görün, burada nə qədər böyük insan kütləsi yaşayıb ki, qəbiristanlığın uzunluğu 1,5  km-ə çatıb. Bu, o deməkdir ki, burada vaxtilə çox böyük yaşayış massivi olub. Kəndimizin aşağı hissəsində, İran sərhədi ilə bizim aramızda bir düzəngah yer var,  adına Adnabazar deyirlər. “Adına” biz tərəflərdə cümə gününə deyərlər. Adınabazar – yəni cümə bazarı – həqiqətən də bazar yeri olub. Bu, onu göstərir ki, buralarda orta əsrlər şəhər  massivi imiş. Həmin massivin qəbiristanlığı, bazar meydanı hamısı qalıb. Amma həmin qədim mədəniyyətdən heç nə yazılmayıb, heç nə qalmayıb. Niyə qalmayıb, kimlər aparıb şəhər mədəniyyətin nümunələrini?-bu sualara cavab tapmaq isəyirdim. Tarixçi olmaq sevdam da buradan qaynaqlanmışdı.

 

Əsədli kənd möcüzəsi

-Kəndimizdə  milli bayramımız olan Novruz tamam başqa cür keçirilir. Buranın insanları Novruzu sadəcə, bir  bayram olaraq qeyd etmirlər, həm də onu yaşayırlar. Kənddə Novruz bayramı hiss olunur, təbiət özü bunu insana diktə edir. Kəndimiz dediyim kimi, dağın ətəyində yerləşir, yaz dumanı deyilən bir təbiət hadisəsi gecələr gəlib kəndin üzərinə çökür, səhər açılanda isə uzaqlaşıb gedərdi. Səhərlər erkən oyanıb kəndin arxasındakı təpənin üstünə qalxardıq. Görərdik ki, kəndin üzərindəki  duman təbəqəsi yavaş-yavaş yüksəyə qalxır və təpənin üzərində  yanımızdan ötüb  keçir. Gedəndə sanki insanın bütün ağırlığını da özü ilə  aparırdı. Biz xüsusi olaraq Novruz günündə təbiətin necə dəyişdiyini hiss edirdik.

 

Novruz mübahisələri

-Ali məktəbdə-Bakı Dövlət Universitetindəoxuyanda rəhmətlik professor Azad Nəbiyev Folklor kafedrasının müdiri idi. Biz tez-tez elmi müzakirələr keçirirdik. Bir dəfə də Novruz bayramına həsr olunan müzakirə təşkil etdik. Məruzəçi mən idim, fikirlərimi bölüşməliydim, sonra da müzakirə açılmalıydı. Yazımda bir neçə detalı xüsusi qabartmışdım. Bizdə Novruz deyəndə fars dilindəki “yeni gün” anlamı  başa düşülür. Mən alim deyiləm və müdaxilə edə bilmərəm. Amma nədənsə bu məsələyə şübhəylə yanaşıram. Həmin şübhələrimi öz mühazirəmdə də vurğulamışdım. Deyirdim ki, Novruz sözünün sonluğu “gün” mənasını verən farsdilli “ruz” deyil. Siz fikir verin, bizdə işıqla bağlı olan əksər sözlərin sonu”uz” şəkilçisi ilə  bitir; ulduz, üz (nurlu, üz), xoruz (səhərin açıldığını xəbər verən ev quşu) və əlavə 5-6 söz misal göstərmişdim. Nor-qor sözü də od –istilik mənasında dilimizdə işlənib və bəzi alimlərimiz bunu vurğulayıblar. Burada çox maraqlı paralellik aparmışdım. Nor-qor hissəsinin istilik, “uz” hissəsinin işıqla bağlılığına və Noruz-un ( Novruzun) da sırf bu müstəvidən qəbul edilməsini yazmışdım. Növruz  təbiətdə istinin, işığın artdığı gündür.  Bu, təbii ki, elmi cəhətdən əsaslandırılmamış fikir idi, fərdi mülahizəydi. Bunu deyəndə mübahisələr başladı.

Müzakirədə bizim tanınmış professorlar iştirak edirdilər. “Avesta”dan misallar gətirdilər. Onda mən o zaman üçün, elə indi üçün də aktual olan bir məsələni səsləndirdim. Dedim, bizim problemimiz odur ki, Novruzu-“Avestan”ı Bakıda, asfaltın üzərindəmüzakirə edirik. Oturmuşuq asfaltın üstündə və təbiət  bayramının mübahisəsini aparırıq.  Novruz təbiət bayramı, təbiət hadisəsidir. Biz də asfaltın üstündə ““Avesta”bunu belə dedi”, “onu belə dedi” söyləyib, təbiət bayramını müzakirə edirik. Təbiət bizdədə dəyişir, xalq da təbiətin oyanmasını bayram edir. Novruzun, “Avesta”nın mahiyyətinə varmaq üçün təbiətin qoynuna getmək lazımdır. Təbiətin oyanmasını bilmək üçün torpağın üstündə dayanmaq lazımdır. O zaman torpağın necə oyandığını, getdikcə necə özünə gəldiyini, donunun necə açıldığını görə biləcəksiniz. Bunun nə dəxli var ki, farslar həmin günü necə adlandırır? Bu, təbiətin, torpağın oyanışıdır və bizim torpağın üzərində də baş verir.
Bu mülahizəm Azad müəllimin çox xoşuna gəldi. Təklif etdi ki, gələcəkdə elmi işimi də bu sahədən götürüm və dissertasiya yazım.

Novruzu biz kənddə tam gözəlliyi ilə yaşayıb, içimizdən keçirə bilirik. İstər uşaq oyunları, istər müxtəlif adət-ənənələr hamıya doğma idi. Böyüklərin iştirakı ilə müxtəlif yarışlar keçirərdik. At, güləş yarışları hamıya maraqlı gələrdi. Kənddə əsl bayram əhval- ruhiyyəsi hiss olunurdu. Mən bu gün yenə də o fikirdəyəm ki, Novruz bizim milli bayramımızdır, onun adı da milli sözlərin birləşməsidir. Sadəcə elmi isbatı lazımdır.

 

Bunu da mütləq deyim: məni şəhərdə ən çox sıxan amil…

-Kəndimizdə ağsaqqala hörmət, böyük-kiçik münasibəti klassik müstəvidə qorunardı. Yanından böyük keçdimi, ona salam vermədən ötmək hörmətsizlik sayılardı. Biz ümumiyyətlə, bu haqda düşünməzdik də…Amma ilk dəfə Bakıya gələndə -onda hələ uşaq idim, xalamgilə qonaq gəlmişdim-bu çətinliyi yaşadım. Yanımdan ötən hər böyüyə salam verirdim. Onlar da kənddəki insanlar deyildilər ki! Dönüb çox qəribə tərzdə tanımadıqları uşağın onlara salam verməsinə baxardılar. Xalam oğlu bu hadisəni başqalarına danışanda, xeyli güldülər, mən sıxıldım. Sonradan  məni başa saldı ki, belə olmaz. Amma yenə də utanardım. Yanımdan yaşlı bir adam keçəndə çox sürətlə ötərdim ki, bu “hörmətsizliyi” duymasın, özüm də o sıxıntıdan tez azad olum… Amma sonradan….Sonradan başqa dünyalarla da tanış olduq. Kəndimizin dünyasından tamam fərqlənən dünyalarla… Kəndimizdə elə bir dünya idi ki, orada gecə ikən evinə qəfil gələn qərib adamı qonaqlayıb, həyətindəki bircə toyuğu da ona kəsərdilər.

 

Təzələnmək üçün sonluq

-Bu gün də ruhən təzələnmək üçün tez-tez kəndimizə gedirəm. Hər dəfə xaricə səfər edib qayıdandan sonra dərhal ora baş çəkirəm. Müəllimlərimə, məktəbimizə, qohum-tanışlara baş çəkir, sonra da mütləq qəbiristanlığı ziyarət edirəm. Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik anamın məzarı oradadır. Anam nə qədər yaşayırdısa, özümü elə bil həmişə mühafizə edilmiş sayırdım, bilirdim ki, hər zaman duaları bizimlədir. Xarici səfərlərdən qayıdanda, bəzən  Bakıda  öz evimə getmədən aeroportdan birbaşa kəndə gedərdim, anamı ziyarət edərdim. Nə qədər  uzaq  də olsa, yorğunluq hiss etməzdim, öncə kəndə gedib ona  baş çəkib, sonra Bakıya qayıdardım.

İndi hər dəfə anamın  məzarını ziyarət edəndə, rahatlaşanda düşünürəm ki, gör dədə-baba yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız necə ağrı-acı çəkirlər! Allah qismət etsin, tezliklə işğal altındakı torpaqlarımızı, əsarətdəki ruhlarımızı azad edək!

Kəndə gedəndə ətrafında böyüdüyüm meşələrə, sərin sulu bulaqlara baş çəkirəm. Bulaq anlayışı indi çox yerdə sıradan çıxıb, plastik borularla çəkilən bulaq suyu başqadır. Əsl təbii bulaq yerdən çıxıb qaynayan bulaqdır. Gedib, onu müşahidə etməyin özü bir fəlsəfədir. Saatlarla müşahidə edəndə, insanın bütün beyini təzələnir. Çalışıram ki, çox ara verməyim, mütəmadi kəndə baş çəkim. Saf insanlarla söhbət etmək, onların məsum çöhrələrini görəndə adam özünü bir növ muzeydə hiss edir. Mən bu muzeydə olmaqdan həmişə zövq almışam…


Mən 3-cü sinifdə oxuyanda, məktəbdə şərəf lövhəsinə vurmaq üçün çəkilib. Sinəmdə o dövrün “Oktyabryat nişanı” var.


10-cu sinifdə oxuyanda çəkilib. Həmin vaxt indiki kimi rəqəmli fotoaparatlar və ya telefon çəkilişləri yox idi. Rayondan hərdən bir fotoqraflar gəlirdi, onda bəs deyincə şəkil çəkdirirdik.


Universitetə sənəd vermək üçün çəkdirdiyim şəkildir


Sağda oturan, Tofiq müəllim, tarix müəllimi idi, solda mənəm, arxada ayaq üstə sinif yoldaşlarım Xəlil və Arif. İndi hər ikisi müəllim işləyir.


Sinif rəhbərimiz Heydər müəllimlə.


Atamdır, nəvələri ilə


Kəndimizin arxasında, meşə ilə kəndin arasındakı tpəlikdə durmuşam. Görünən kəndin bir hissəsi bizimdir, uzaq fonda olan isə İran-Cənubi Azərbaycan kəndidir.


Kəndimizin örüşü

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …