Bazar , Avqust 25 2019
Ana səhifə / Media / “Müəllimlər Gününə özəl endirim” kampaniyaları biabırçılığı – FOTOLAR

“Müəllimlər Gününə özəl endirim” kampaniyaları biabırçılığı – FOTOLAR

Nazirlik hədiyyə, pul yığımını qadağan edir, firmalar sakitləşmir 
“50% endirim, üstəlik 6 ay ödəmək imkanı” – valideynlərə hansı məbləğdə hədiyyə almaq təlqin edilir?
Sabah ölkəmizdə müəllimlər günü qeyd olunur. Artıq bir aydan artıqdır ki, Təhsil Nazirliyi rəsmiləri məktəblərdə kütləvi pul, hədiyyə yığımı kampaniyasının yolverilməz olması barədə bəyanat yayırlar. Bəyanatda qeyd olunur ki, hansı məktəbdə belə neqativ hallara rast gəlinsə, valideynlər anonim olmamaq şərtilə bu barədə nazirliyin Qaynar Xəttinə müraciət etsinlər.
Bütün bu hay-küyə, xəbərdarlıqlara baxmayaraq, ölkədəki bəzi işbazlar buna uyğun kampaniya aparmaqdan çəkinmirlər. Son günlər hər dəqiqəbaşı telefonumuza gələn mesajlardan, internetdə qarşımıza çıxan reklamlardan anlayırıq ki, valideynlər, müəllimlər, direktorlar bu bayramda hədiyyə, pul yığımını unutsalar da, firmalar unutmaq və unutdurmaq fikrində deyillər.
Musavat.com onlardan bir neçəsini sizin nəzərinizə çatdırır. Onlardan ilki İdeal Mağazalar Şəbəkəsinə aiddir. Elan aşağıdakı kimidir: “ Müəllimlər Günü münasibətilə 4-6 oktyabr İdeal Mağazalarında 50%dək endirim. Hər kəsin hədiyyəsi ideal olacaq. Müəllimlərimiz ən gözəlinə layiqdir”.
 
Eyni mağazalar şəbəkəsindən daha bir elan: “Müəllimlər Günü münasibəti ilə Kredit Kart sahibləri üçün oktyabrın 6-dək İdeal mağazalarında 50%-dək endirim. Üstəlik, 6 aya ödəmək imkanı”.
Yəni, burda hədiyyə almaq üçün şirnikləndirmə motivləri aydın şəkildə görünür. Üstəgəl, 6 ay ödəmək imkanı ilə, daha bahalı hədiyyələr üçün də “açıq qapı” imkanı var. Banklar da bu məsələdə bəzi mağazalara dəstək veriblər. Bunlardan biri də “Bank of Baku”dur.
Onların reklam mesajları isə aşağıdakı kimidir:  “Müəllimlər Günü münasibətilə BOLKART sahibləri üçün oktyabrın 6-ək İDEAL mağazalarında 50%dək endirim. Üstəlik, 6 aya ödəmək imkanı var”.

 Sözü gedən kampaniya ilə bağlı bu linkdə tanış ola bilərsiniz:  http://ideal.az/az/141-aksiya

La Parfümeri Mağazalar Şəbəkəsində isə durum təxminən eynidir. Onların reklam mesajlarında da aşağıdakılar yazılıb: “1+1 və 60%dək ENDİRİM! Müəllimlər günü münasibətilə 1+1 və 60%dək payız endirimləri aksiyasına dəvət edirik”.
Amma bəzi firmalar daha uyğun təbrik kampaniyası düşünüblər. Belə ki, məişət əşyalarının satışı ilə məşğul olan firmalardan biri(reklam xarakterli ola biləcəyini nəzərə alıb, firmanın adını yazmırıq-müəl.)  müəllimlərə özəl 40% dəyərində hədiyyə kampaniyası təşkil edib. Kampaniya zamanı məişət texnikasının satışı zamanı müəllimlərə 40% dəyərində hədiyyə etmək nəzərdə tutulur (Məs: 1000 Azn dəyərində olan məişət texnikasının satışı zamanı müştəri 400 Azn dəyərində hədiyyə götürə bilər).  Əgər müəllimlərin hədiyyə götürmək istədiyi məhsul 40% dəyərindən çoxdursa o zaman müştəri qalan məbləği ödəyərək hədiyyəni götürə bilər. (Məs: 1000 Azn dəyərində olan məişət texnikasının satışı zamanı müştəri 500 Azn dəyərində hədiyyə götürmək istəyirsə o zaman müştəri 100 Azn əlavə ödəniş etməlidir)
Banklar arasında da müəllimləri yada salan var. Kapital Bank 5 oktyabr – Müəllimlər Günü münasibətilə 3-7 oktyabr tarixlərində müəllimlərə yeni güzəştli kredit kampaniyasına başlayıb. Aksiya çərçivəsində Kapital Bank-a müraciət edən müəllimlərə illik faiz dərəcəsində 5% endirim təqdim edilir.
Təbii ki, sayt olaraq, hədiyyə və rüşvət yığımına rəvac verən firmalardan bunun səbəbini soruşmaq istədik. Adını sadaladıqlarımızın çoxu əməkdaşımızın sualına “bizim səlahiyyətimiz çatmır” deyərək, cavab verməkdən imtina etdi. La Parfümeri mağazalar şəbəkəsinin nümayəndəsi  Səlmi  Səttarzadə isə bizimlə söhbətində kampaniyanın yanlış anlaşıldığını dedi. Onun sözlərinə görə, təqdim etdikləri reklam kampaniyasında “uşaqlar, valideynlər müəllimlərə hədiyyə versinlər ” fikri təbliğ olunmayıb. Müsahibimiz dedi ki, həyat yoldaşı, anası, bacısı, yaxın qohumu… müəllimə olan qadınlara hədiyyə vermək istəyən insanlar üçün belə kampaniya təşkil olunub. Bundan başqa, özü müəllimə olan xanımlar da özləri özlərinə hədiyyə almaq üçün bu endirim kampaniyasından yararlana bilərlər: “Biz belə bir bayramda uşaqlarımıza savad verən peşə yiyələrini unutmadıq. Necə ki, digər bayramlarda da belə kampaniyalar keçiririk. Onsuz da bilirsiz ki, indi heç kim müəlliminə hədiyyə vermir. Hamımızın uşağı məktəbə gedir, bilirik. Bizim kampaniyamızda da pis heç bir məqsəd yoxdur”.
Bütün hallarda ümid edirik ki, firma nümayəndəsinin dediyi kimi məqsəd olduqca məsumdur. Çünki hər addımbaşı valideynləri qıcıqlandıran, təhrik edən bu reklam kampaniyaları birbaşa pul tələsini xatırladır. Müəllimələrə hədiyyə almaq üçün şirnikləndirici endirim, faizli, kreditli… ödəmələr bütün hallarda bundan xəbər verir. Amma biz yenə də ümid edək… Məktəblərdə bayramqabağı hədiyyə, pulyığma kampaniyaları səngiyəcək, heç bir firma, bank da bu yanğına benzin tökməyəcək.




Həmçinin oxuyun

Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

Azərbaycanlı bloqer Elvin İsayev Rusiyanın Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.  Belə ki, …

Bir cavab yazın