Ana səhifə / Media / MTK-ların eyni mənzili bir neçə nəfərə satma fırıldağının bazara təsiri…

MTK-ların eyni mənzili bir neçə nəfərə satma fırıldağının bazara təsiri…

Bakıda tikinti şirkətlərinin insanları aldatması artıq ənənəvi hal alıb. Elə musavat.com-un redaksiyasına müxtəlif mənzil-tikinti kooperativlərindən (MTK) şikayətçi kimi müraciət edənlərin sayı da bunu deməyə əsas verir. 
Ekspertlər bildirirlər ki, bu kimi halların çoxalması Bakıda mənzil satışına da mənfi təsir göstərib. Xüsusilə də insanlar artıq hazır olmayan bina üçün öncədən pul ödəməkdən çəkinirlər.
Ən çox şikayət edilən MTK-lar isə aşağıdakılardır: “Yeni Yasamal” MTK-dan şikayət edənlər qəzetimizə bildiriblər ki, bu qurumun tikdiyi Şeyx Məhəmməd Xiyabani küçəsi 5 ünvanındakı, hələ tam hazır olmayan 16 mərtəbəli yaşayış binasından mənzil alan 256 nəfərin böyük əksəriyyəti 10 ilə yaxındır ki, hələ də öz evlərinə sahib ola bilməyiblər. Qurumun hətta bəzi mənzilləri bir neçə nəfərə satdığı da iddia olunur. Lakin MTK-nın sədri Cahangir Alışovun vəkili Habil Fətəliyev musavat.com-a söyləyib ki, yaxın zamanlarda mənzillər sakinlərə təhvil veriləcək.
Bundan başqa insanları aldadaraq milyonlarla pulunu mənimsəyən tikinti şirkətləri arasında “Sevil Massivi”nin də adını çəkmək olar. Bu qurumdan da onlarla vətəndaşımız şikayətçidir.
Mətbuatda vətəndaşların şikayətçi olduqları tikinti qurumları arasında “İdeal-İ İnşaat” MMC-nin də adı çəkilir. Bu qurum da 10 il öncə mənzil alıcıları ilə müqavilə bağlasa da, hələ də evlərin sahiblərinə təhvil verilmədiyi bildirilir.
Musavat.com-a danışan iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, bu kimi halların çoxalması Bakıda mənzil satışına da mənfi təsir göstərib. Xüsusilə də insanlar artıq hazır olmayan bina üçün öncədən pul ödəməkdən çəkinirlər: “Son illərdə binaların müqavilədə göstərilən tarixdə istifadəyə verilməməsi halları artıb. İnsanlar ödəniş etmələrinə baxmayaraq, mənzillərini zamanında ala bilmirlər. Bina vaxtında təhvil verilmədikdə isə hansısa iqtisadi dəyişiklik olduğu zaman, tikintidə də artıq öncədən hesablanan vəsaitlərin də miqdarı dəyişir. Təklif edirik ki, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, binaların istifadəsi ilə bağlı konkretlik müəyyənləşsin. Avropa ölkələrində əgər bina müqavilədə nəzərdə tutulan müddətdə istifadəyə verilmirsə, yaxud da tikinti qanunla müəyyənləşmiş müddətdən uzanırsa, o zaman həmin bina dövlətin nəzarətinə keçir. Azərbaycanda da bu qaydaların sərtləşdirilməsinə ehtiyac var. Hətta bina sahibi mənzil alan vətəndaşın pulunu geri qaytarsa belə, pul dəyərsizləşdiyi üçün o, həmin məbləğə ev ala bilmir. Çox təəssüf ki, bu proseslər artıq kütləvi hal alıb. Son illərdə tikintisi başa çatmayan binalara edilən ödənişlər kəskin şəkildə aşağı düşüb. İnsanlarda artıq inamsızlıq yaranıb ki, ödəniş etdikdən sonra aldanıla bilərlər. Bu isə dolayısı ilə mənzil bazarına da öz mənfi təsirini göstərib. Nəticədə isə yeni tikililər və tikilməkdə olan binalar üçün mövcud durum kifayət qədər əlverişsizdir”.
Hüquqşünas Müzəffər Baxış bildirdi ki, əslində mənzil-tikinti kooperativlərinin formalaşma qaydası başqa cür olmalıdır: “Qanunun tələbinə görə, kooperativ təsis edilən zaman üzv şəxslər əmlak paylarını tikintiyə qoymalıdırlar. Bina hazır olduqdan sonra isə həmin şəxslər əmlak paylarına uyğun olaraq mənzillə təmin edilməlidirlər. Ancaq Azərbaycanda bu qaydada etmirlər. Beş nəfər yığışıb bir kooperativ təsis edir, sonra isə bu şəxslər binanı tikməyə başlayırlar. Vəsaitləri çatmadığına  görə də tikintiyə əlavə üzvlər cəlb edirlər ki, sonra həmin şəxslər mənzilsiz qalırlar. Tikinti sahəsində fəaliyyət göstərən istənilən cəmiyyət Mülki Məcəllənin cəmiyyətlər və kooperativlər üçün nəzərdə tutulan hüquq normalarının tələblərini kobud şəkildə pozur. İnsanların vəsaitlərini cəlb etsələr də bir çox hallarda heç tikintini də başa çatdıra bilmirlər. Yaxud da  eyni  mənzili yuxarıda sadaladığım səbəblərə görə bir neçə nəfərə satırlar. Son zamanlar prokurorluqda orqanları tərəfindən bu kimi kooperativlərlə bağlı çoxsaylı cinayət işləri başlanılıb. İnsanlar diqqətli olsunlar. Tanınmayan bu kimi kooperativlərə, cəmiyyətlərə, tikinti ilə məşğul olan fiziki şəxslərə mənzil üçün pul verməsinlər”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın