Cümə , Avqust 23 2019
Ana səhifə / Media / Molla qızının puluna güvənən narkoman əri Bakıda polisdən gizlənir

Molla qızının puluna güvənən narkoman əri Bakıda polisdən gizlənir

“…Həyat yoldaşım narkomandır, həm də narkotik alveri edir. Hər gün evə tanımadığım insanlar gəlir. Deyir ki, polisə şikayət etsən, səni öldürəcəyəm. 8 ildir qorxu içində yaşayıram”, – qapının bağlı olub-olmadığını yoxlayıb, pıçıltı ilə bunları deyir.

Müsahibə vermək təklifi ilə razılaşsa da, qorxu canına hopub. Hər qapı döyüldüyündə yerindən dik atılıb arxa otağa qaçır. Beləliklə, ailə zorakılığının qurbanı olan daha bir qadının həyat hekayəsini dinləyirik.

39 yaşlı Pərvanə Məmmədova (faktla bağlı araşdırma getdiyindən adı dəyişdirilib) “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşıb.

– Deyirsiz 8 ildir narkotikdən istifadə edir. Bəs indi niyə şikayət etmisiniz?

– Əvvəllər narkotik qəbul etdiyindən xəbərsiz olmuşam. Səbəbsiz yerə evdə dava salırdı, məni döyürdü. Hətta o qədər döyürdü ki, ağır xəsarətlərlə günlərlə xəstəxanalarda yatırdım. Bir neçə dəfə xəstəxanadan polisə məlumat vermişdilər. Amma mən şikayətçi olmurdum. Ondan çox qorxuram. Deyir ki, pul verib həbsdən çıxacağam – pul bütün qapıları açır.

– Amma bu dəfə polisə şikayət etmisiniz.

– Qonşular dedilər ki, yoldaşın narkotik alveri edir. Sən işə gedən kimi evə müxtəlif adamlar gəlir. Sonra deyilənlərin doğru olduğunu bildim. Dedi ki, pul verib hamını susduracağam. Problem ondadır ki, oğlum bu mühitdə böyüyür. Onun 17 yaşı var, uşaqdan mənə qarşı istifadə edir. Təsəvvür edin ki, uşaq 14 yaşında olanda ona narkotik həb vermişdi. O vaxtdan uşaq narkotikdən istifadə edib. Oğlumun da narkoman olacağından qorxurdum. Uşağı məktəbdən də qovublar. Polisə izahatımda hamısını yazmışam. Hazırda araşdırma aparılır. Polisə şikayətdən sonra narkotik aldığı adamlarla əlaqələrini kəsib. Amma yəqin ki, araşdırmadan sonra kimlərdən alıb satdığı bəlli olacaq.

– Şikayətindən sonra saxlanılıbmı?

– Yox, hələ ki araşdırma gedir. Amma evin qapısı bağlıdır, evə gəlmir. Mən də evə gedə bilmirəm, məni öldürəcəyindən qorxuram. Bilirəm ki, şikayətimi geri götürmək üçün məni döyəcək. Həmişə belə edir, bıçağı böyrümə dayayıb məni qorxudur. Narkotik istifadə edəndən sonra gözü heç nəyi görmür, “uf” demədən məni öldürə bilər. Buna görə də, sığınacaqdan çıxa bilmirəm. Oğlum da bir qohumun evində gizlənir. Hələ ki nə onun, nə də mənim yerimi bilmir. Təsəvvür edin, hamilə vaxtı məni o qədər dömüşdü ki, uşaq əlil doğulmuşdu. 2 yaşına kimi uşağı müalicə etdirmədi, dedi ki, onsuz da öləcək. Uşaq öləndən sonra ayrılmaq istəyirdim. Həmin gün məni döyüb xəstəxanaya salmışdı. Amma pul gücünə məsələni həll elədi. Ötən il də ağır xəsarətlə yatanda polisə düşmüşdük. Bu adam puluna çox arxayındı, bu da məni çox qorxudur.

– Bəs evdən necə qaçdınız?

– Dedi ki, evin sənədlərini bankda girov qoy, kredit götür. Pulu hara xərcləyəcəyini də bilmirəm. Tikintidə usta işləyir, amma narkotik satdığı üçün həbs olunarsa, mən o krediti necə ödəyə bilməyəcəkdim? Buna görə də, razılaşmadım. Başımdan tutub məni divara çırpdı, evdə nə vardısa hamısını sındırdı. Hüşumu itirdim, özümə gələndə otaqda yox idi. Səs-küyə qonşular yığılmışdı, bundan istifadə edib evdən qaçdım. Əvvəlcə bir qohumun evinə getdim, amma məni tapacağından qorxub polisə şikayət etdim. Polislər onu saxladılar, dedilər ki, izahat almışıq, bir daha sənə yaxınlaşmayacaq. İki saatdan sonra evə gəldi, məni o qədər döydü ki, əlindən güclə aldılar. Beləliklə də, məni sığınacağa gətirdilər. İndi də oğlumun həyatından narahatam. Nə qədər dost-tanış evində gizlənəcək?

– Bəs valideynlərin, yaxın qohumların yoxdurmu? Sizə sahib çıxacaq biriləri.

– Mənim heç kimim yoxdur, anam öləndən sonra tək qaldım. Nə bacım, nə də qardaşım var. Anam yaslarda mollalıq edirdi. Mənim də təhsil almağıma imkan vermədi, dedi ki, Quranı bilsən kifayətdir. İstəyirdi ki, mən də molla kimi yaslara gedim. Orta məktəbdə oxumağıma belə imkan vermədi, mən də molla ola bilmədim. Xadimə kimi işləyirdim, kimsəyə möhtac deyiləm. Evim var, bir tikə çörək qazana bilirəm. Onun narkotikə qurşanması ilə ailəmizdə problemlər yarandı. İstəyir ki, oğlumu da bu işə cəlb etsin. Hər dəfə döyüləndə qaçmağa yer axtarsam da, oğlumun narkoman olmaması üçün şikayət etməyə məcburdum. Bircə qorxduğum odur ki, pul verib məsuliyyətdən yayınmasın. Yoxsa məni tapan kimi doğrudan öldürəcək. Müalicə alıb, bu yoldan çəkinmək də istəmir. Məsuliyyətə cəlb olunandan sonra evə qayıdacağam, oğlumla birgə yaşayacam. Tək ümidim şikayətimə baxılmasıdır. (Virtualaz.org)

 

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın