Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” dərin narahat olduğunu bildirib.

Dunya Miyatoviç bu barədə martın 25-də yaydığı bəyanatda qeyd edib.

O bildirib ki, həbslər və təqiblər Azərbaycanda ifadə azadlığını boğur.

Bəyanatda “AbzasMedia”,  “Kanal 13”  və “Toplum TV”-nin jurnalistlərinə qarşı cinayət təqiblərinə diqqət çəkilir.

Mən Azərbaycanda qanuni fəaliyyətlərinə görə saxlanılan və ya təqib edilən digər şəxslərin, o cümlədən, həbsdə olarkən bir sıra ağır xəstəliklərdən əziyyət çəkən alim və tanınmış vətəndaş cəmiyyəti xadimi Qubad İbadoğlunun vəziyyətini də narahatlıqla izləyirəm”, – deyə Miyatoviçin bəyanatında bildirilir.

O, 2019-cu ildən bəri dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini ifadə və media azadlığı ilə bağlı vəziyyətin pisləşməsinə, habelə hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarına qarşı davam edən düşmən mühitə cəlb etdiyini xatırladır:

Təəssüf ki, hakimiyyət bu sahələrdə insan hüquqları üzrə öhdəliklərinə açıq-aşkar etinasızlıq nümayiş etdirməkdə davam edir və bununla da ölkə daxilində vəziyyəti gərginləşdirir”.

Miyatoviç qeyd edir ki, fevral ayında hakimiyyəti müstəqil jurnalist Əvəz Zeynallını azadlığa buraxmağa çağırsa da, əksinə, onu 9 il azadlıqdan məhrum ediblər:

Mən həmçinin illərlə repressiya və hədə-qorxu, o cümlədən cinayət təqibi, təhdid və fiziki zorakılığa məruz qalmış və bu günə qədər dəmir barmaqlıqlar arxasında qalan tanınmış vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin azad edilməsinə çağırış etmişdim”.

Komissar vurğulayır ki, insan hüquqları müdafiəçiləri, jurnalistlər, vəkillər və vətəndaş cəmiyyəti fəalları öz qanuni fəaliyyətlərini repressiyalara, təqiblərə və digər maneələrə məruz qalma riski olmadan təhlükəsiz və dəstəkləyici mühitdə həyata keçirməlidirlər.

O, Azərbaycan hakimiyyətini insan hüquqları ilə bağlı öhdəliklərinə tam əməl olunmasını təmin etmək üçün qətiyyətli addımlar atmağa çağırıb.

Dunya Miyatoviç xüsusən də həbs edilmiş bütün jurnalistlərin və fəalların azadlığa buraxılmasının, eləcə də media nümayəndələrinin, vətəndaş cəmiyyəti və hüquq müdafiəçilərinin fəaliyyəti üçün əlverişli mühitin yaradılmasının zəruriliyini qeyd edib.

2023-cü ilin sonundan başlayaraq Azərbaycanda 10-dan artıq jurnalist həbs olunub.

“AbzasMedia” işində öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddə ilə onlara 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Jurnalistlər həbslərini sırf peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Martın 6-da isə polis “Toplum TV”-nin ofisinə basqın edib, ofisdə, saytın bir neçə əməkdaşının evində, o cümlədən III Respublika Platformasının ofisində axtarış aparılıb.

III Respublika Platformasının ofisindən 30 min avro, sayt əməkdaşlarının evlərindən isə 2700, 3100, 20000 avro pul vəsaiti tapıldığı bildirilib.

Saxlanılanlardan Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Martın 8-də isə hüquqşünas, “Toplum TV”-nin təsisçilərindən olan Ələsgər Məmmədli mülki geyimlilər tərəfindən “İstanbul” Klinikasının önündə saxlanılıb.

Həmin gün polis III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətlini də saxlayıb.

Hər ikisinin evində axtarış aparılıb.

Ələsgər Məmmədlinin evindən 7300 dollar tapıldığı iddia edilib.

Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı onların evindən də “pul tapıldığını” qeyd edib.

Bu işlə bağlı saxlanılanlardan Ələsgər Məmmədli (“Toplum TV”-nin təsisçisi), Müşfiq Cabbar (“Toplum TV”), Akif Qurbanov (III Respublika Platforması), Ruslan İzzətli (III Respublika Platforması), Ramil Babayev (Demokratik Təşəbbüslər İnstitutu), İlkin Əmrahov (Demokratik Təşəbbüslər İnstitutu), Əli Zeynala (Demokratik Təşəbbüslər İnstitutu) Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Lakin saxlanılanlar ittihamı qurama və siyasi sifariş sayırlar.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …