Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / MİS rəisi neftçini evindən çıxardır: “10 gün vaxtın var…” – FOTOLAR

MİS rəisi neftçini evindən çıxardır: “10 gün vaxtın var…” – FOTOLAR

Nizami rayonu, Mehdi Abbasov küçəsi, bina 10, mənzil 19-da yaşayan Validə Hüseynova yaşadığı mənzildən çıxarılır. Şikayətçinin dediyinə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (keçmiş Yeni Bakı Neftayırma Zavodu) tərəfindən verilən mənzili 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları başqa bir şəxsə vermək istəyirlər. 
Musavat.com-un əməkdaşı şikayətçi Validə Hüseynovanın mənzilində olub və onun problemini dinləyib.
Validə Hüseynova 3 saylı MİS-nin əməkdaşlarının heç bir əsas olmadan onun mənzilini əlindən almaq istədiklərini dedi: “Keçmiş Yeni Bakı Neftayırma Zavodunda işlədiyim üçün mənə Neftçilər yataqxanasında mənzil verdilər. 2006-ci ildən məktub əsasında bu mənzilə köçmüşəm. Əvvəllər bu binada məcburi köçkünlər məskunlaşırdı. Onlar dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra köçürüldülər. Həmin ili yataqxanada qeydiyyata almırdılar. Lakin 2011-ci ildən qeydiyyata almağa başladılar və qeydiyyata düşdük. Sonradan yataqxana Yeni Bakı Neftayırma Zavodunun səlahiyyətindən çıxdı və Nizami rayonu, 3 saylı Mənzil İstismar Sahəsinə verildi. Hazırda da Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda işləyirəm”.
Şikayətçi onlara 10 gün ərzində mənzili tərk etmələri üçün məktub verildiyini də dedi: “Bu yaxınlarda 3 saylı “JEK”-dən məktub gəldi. Məktubda bildirilir ki, qeydiyyatsız və sənədsiz yaşadığınız üçün 10 gün müddətində evi boşaltmağınız tövsiyyə olunur. Əks təqdirdə, inzibati orqanlara müraciət olunacaq. “JEK” rəisi bizi evdən çıxarıb, aidiyyatı olmayan şirkətdə işləyən birini gətirir. Bu yataqxana da belə hallar tez-tez baş verir. Burada yaşayanların əksəriyyəti məktub əsasında yaşayır. 2011-ci ildən sonra qeydiyyata alındıq. Oğlumun ailəsi ilə birlikdə neçə ildir ki, burada yaşayırıq. Burada qeyri-qanuni bir iş yoxdur. Sadəcə, MİS rəisinin fikri bizi çöldə qoymaq, mənzili başqasına verməkdir. Deyirlər ki, 10 gün vaxtın var idi, iki gününüz gedib…”
3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Bahadur Əsədov isə məsələdən xəbərdar olmadığını bildirdi: “ Dediyiniz ünvanla bağlı məlumatım yoxdur, yalan informasiya vermiş olaram. Siz daha dəqiq məlumatı hüquqşünasımızdan öyrənə bilərsiniz. Dəstəyi asın, nömrəni yenidən yığın, sizi bağlayacaqlar”.
Biz onun dediyi kimi etdik. Lakin çoxsaylı zənglərimizə baxmayaraq, MİS-dən heç kim telefonun dəstəyini qaldırmadı.
Məsələni diqqətdə saxlayacağıq.







Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın