Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Mingəçevirdə həbs olunan aksiyaçı cəriməni ödəməyə pul axtarır

Mingəçevirdə həbs olunan aksiyaçı cəriməni ödəməyə pul axtarır

Bəhruz Hacıyevin ölümündən sonra onun yaşadığı Mingəçevir kəndi (Mingəçevir şəhərinin ərazisi) yalnız Bəhruzun itkisinin acısını yox, həm də onun ölümünə etiraz olaraq avqustun 22-də aksiya keçirənlərin aqibətinin narahatlığını yaşayır.

Kənd sakinləri 5 aksiya iştirakçısının adını sadalayır və onlar barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçildiyini, həmin şəxslərin Gəncədəki istintaq təcridxanasına göndərildiyini deyirlər. Ailələrdən biri bildirir ki, məhkəmənin olub-olmamasından xəbərləri yoxdur.

Sakinlər daha çox İlkin Oruc oğlundan narahatdır.

“Onu polisi döyməkdə günahlandırırlar. O həm də Bəhruzun meyitini morqda görüb. Biz onun barəsində narahatıq” – deyə adının çəkilməsini istəməyən bir sakin deyir.

Hazırda Mingəçevirdə azı 15 nəfərin həbsdə olduğu deyilir. Onlar sutkalıq cəza alıblar.

Mingəçevir sakini, 67 yaşlı İlyas İbrahimov təqaüddə olan sürücüdür. O, aksiyadan sonra 3 sutka həbs olunub. Bu, İbrahimovun ilk həbsidir:“Mənimlə normal rəftar olundu, hətta yəqin ki, yaşıma görə mənə hörmət edirdilər”.

İ.İbrahimov “Azadlıq”a deyib ki, 200 manat cərimə edilib:

-Dedilər ki, pulu sabah axşama qədər tapıb verməliyəm.

-Aylıq pensiyanız nə qədərdir?

-153 manat.

-Necə ödəyəcəksiniz bəs?

-Gedim görüm qohumlardan borc tapa bilirəmmi…

-Sizi niyə həbs etmişdilər, hansı qanunu pozmuşdunuz?

-Mən oğlanı öldürənlərin cəzalandırılmasını istəyirdim. Bəlkə də qanunu onda pozmuşam ki, polis deyəndə yolu boşaldın, yoldan çəkilməmişəm, bilmirəm.

Avqustun 20-də Mingəçevir sakini 27 yaşlı Bəhruz Hacıyev polis bölməsinə aparılıb, az sonra ölüm xəbəri gəlib. Yaxınları onun meyiti üzərində zorakılıq izlərinin olduğunu iddia edib, buna etiraz olaraq avqustun 22-də etiraz aksiyası keçiriblər, polis aksiyanı dağıdıb.

Avqustun 23-ə olan rəsmi məlumata görə, 21 nəfər həbs olunub, 10 nəfərin işi prokurorluğa göndərilib. Həmin tarixdən bu yana rəsmilərdən açıqlama almaq mümkün olmayıb.

Hüquq müdafiəçisi Elçin Behbudov Mingəçevirə yollanıb, avqustun 26-da axşam saatlarında ailələrlə görüşüb, onun hüquq-mühafizə orqanları ilə də görüşü gözlənilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın