Ana səhifə / Media / Mikrorayon sakinləri sökülmə xəbərindən narahatdırlar – REPORTAJ

Mikrorayon sakinləri sökülmə xəbərindən narahatdırlar – REPORTAJ

Bakının doqquz mikrorayonunda köhnə binaların sökülməsi ilə bağlı məlumatların yayılması mikrorayon sakinləri tərəfindən də birmənalı qarşılanmayıb. Sakinlərin bir qismi köhnə binaların söküləcəyinə və yeni mənzillərə köçürüləcəklərinə sevinsələr də, əksəriyyət onlara veriləcək kompensasiyaların yetərsiz ola biləcəyindən narahatdır. 
Qeyd edək ki, bir neçə gün öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərov sahibkarlarla görüşündə Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiyanın hazırlandığını bildirmişdi.
Bu məlumatın ardından musavat.com-un əməkdaşı 4-cü və 9-cu mikrorayonlardakı köhnə binalarda yaşayan sakinlərlə həmsöhbət olub.
Qeyd edək ki, binalar həqiqətən də yaşayış minimumu tələblərinə cavab vermir. Bu barədə qəzetimizdə də dəfələrlə yazılar gedib. Mənzillərdə həm otaqların balaca olması, həm də binaların sıx yerləşməsi, beşmərtəbəli binalarda liftin olmaması, əksəriyyətində liftlərin, kommunal xətlərin bərbad vəziyyətdə olması, binaların eyvanlarının qəzalı vəziyyətdə olması burada həqiqətən də yaşam şəraitinin çətinliyindən xəbər verir. Lakin sakinlər nağdı qoyub, nisyənin dalınca qaçmaq istəmir və binalarının Bakıda sökülməli olan son bina olduğunu deyirlər. Bəziləri deyir ki, bina üzdən köhnə görünsə də mənzillərdə heç bir çat yoxdur.
Lakin ilk baxışdan adıçəkilən binaların zəlzələ zamanı ən kiçik təkanlara belə, tab gətirməyəcəyi aydın görünür. Qeyd edək ki, bu binaların təxmini yaşı 40-50 il arasındadır.
9-cu mikrorayonda, Mircəlal Əliyev küçəsi bina 341/347-də yaşayan Gövhər Əliyeva deyir ki, hələlik onlara bu haqda dəqiq məlumat verilməyib və binalarının sökülməsini də istəmirlər: “Bir neçə gündür ki, bu barədə xəbərlər eşidirik. Lakin binaların nə zaman söküləcəyindən xəbərsizik. Yaşadığımız bina mikrorayon salınan vaxtlarda tikilib. Təqribən 40 ilin binasıdır. Deyirlər ki, bu binalar keyfiyyətini itirib, hər an uça bilər. Onu deyim ki, bu binalar indi tikilən “kitayski” binalardan dəfələrlə dayanıqlıdır. Çünki sovet vaxtı inşa edilib. Düzdür, kənardan köhnə görünsə də, mənzillərdə heç bir qəzalı vəziyyət yoxdur. Düşünürəm ki, sökülməni baxımsız binalarda aparmaq lazımdır. Bakıda o qədər qəzalı şəraitdə olan binalar var ki…”
Başqa bir sakin isə köçürülmənin tərəfdarıdır: “Bildiyimə görə, yeni bina tikilənə qədər bizi kirayə evlərə köçürəcəklər, sonra isə bu binaların yerində yeni tikilən binalarda bizə ev verəcəklər. Əslində layihə bu cür deyildiyi kimi həyata keçirilsə, biz çox minnətdar olarıq. Çünki, evlərimiz çox balacadır, otaqlar dardır, tavan alçaqdır. Artıq kommunal xətlər sıradan çıxır. Yeni binalara köçürülsək, çox yaxşı olar”.
9-cu mikrorayondan bir qədər irəliləyib, ona yaxın yerləşən 4-cü mikrorayona üz tutduq. Bu ətrafda olan 5 və 9 mərtəbəli binaların sakinləri ilə də həmsöhbət olduq.
Mircəlal küçəsi, bina 273/281 ünvanının sakini Asəf Əliyev vəziyyəti belə izah etdi: “Düzü köhnə binaların sökülməsi ilə bağlı çox adam xəbərsizdir. Bildiyimə görə, bu barədə hələ planlama işləri gedir. Lakin bizə məlum olan odur ki, söküləcəyi nəzərdə tutulan bina sakinlərinə aidiyyatı qurumlar tərəfindən müəyyən kompensasiyalar və təkliflər olunacaq. Məlumata görə, əhalini mikrorayon daxilində kirayə mənzillərə köçürüb, binanın yerində yenisini tikdikdən sonra köçürəcəklər. Bundan əlavə, azkvadratlı mənzil sahibləri isə əlavə 15-20 kvadrat artıq mənzillərlə təmin olunacaqlar. İnanmıram ki, kimsə narazı qalsın”.
Mikrorayon əhalisi həm də “Sovetski” sakinlərinin aqibətini yaşamaqdan narahat olduqlarını dedilər:“Sökülmə xəbərini eşidəndə həm sevindik, həm də narahat olduq. Köhnə binaların sökülməsi prosesinin başlanılması vacibdir. Mikrorayon ərazisində olan binalar 60-70-cı illərin tikililəridir. Hər an qəza şəraiti yarana bilər. Əksər binaların zirzəmiləri su içərisindədir, bloklarda vəziyyət acınacaqlıdır. Lakin əhalinin qorxduğu əsas məqam “Sovetski”nin aqibətinə düşmək ehtimalıdır. “Sovetski”də kompensasiya ucbatından xoşagəlməz hadisələr yaşandı. Düşünürük ki, minlərlə insanı Bakıətrafı qəsəbələrə köçürəcəklər. Əhali şəhərə uyğunlaşıb, işini-gücünü mikrorayon ətrafında qurub. Əgər, insanları şəhərə yaxın normal mənzillərlə təmin etsələr, o zaman hamılıqla razılaşarıq. Ancaq şəhər kənarına köçmək istəmirik”.


















Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın