Şənbə , May 21 2022
Ana səhifə / Media / Mediaya vəd olunan güzəştlər nə zaman reallaşacaq?

Mediaya vəd olunan güzəştlər nə zaman reallaşacaq?

Nazirlər Kabineti Vergi Məcəlləsinə dəyişikliyi işlək hala gətirəcək siyahını hələ də təsdiqləməyib

Azərbaycanda “Media haqqında” yeni qanun Milli Məclisdə müzakirə olunan zaman – 2021-ci ilin dekabrında ölkədə medianın inkişafı üçün dövlət tərəfindən bir sıra güzəştlərin veriləcəyi elan olunmuşdu. Milli Məclisdə onlarla media təmsilçisi, mütəxəssislər, Prezident Administrasiyası, Medianın İnkişafı Agentliyi, Dövlət Vergi Xidməti və sair qurumların nümayəndələri arasında geniş müzakirələr təşkil olunub. Müzakirələrdən sonra Milli Məclisin komitə sədri Zahid Oruc qarşıdakı aylarda dövlət tərəfindən medianın inkişafı ilə bağlı yeni addımların atılacağının gözlənildiyini deyib.

Eyni zamanda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov mediaya vergi güzəştləri üçün layihələr üzərində iş getdiyini bildirib. Qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə bu yöndə mütəmadi müzakirələr aparılır: “Artıq jurnalistlərin narahat olduğu məqamlarla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi üçün konkret layihə var. Həm ”Media haqqında” qanun, həm də Vergi Məcəlləsinə dəyişikliklərin eyni anda qəbul olunmasını istəyirik. Vergilər Məcəlləsinə jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur. Media subyektlərinin həm mənfəət, həm ƏDV-dən azad edilməsi təklif edilir. Bir sıra nazirliklərin fikirləri var və bu istiqamətdə iş aparılır. Sənəd tam hazır olduqdan sonra müzakirələrə təqdim ediləcək”.

Azərbaycanda media orqanlarına 5 illik vergi güzəşti tətbiq edilə bilər

Ötən ilin dekabrında Vergi Məcəlləsinə qəzet kağızı idxalının Əlavə Dəyər Vergisindən azad olunmasını nəzərdə tutan dəyişiklik olunub. Məcəllənin 164.1.7-ci maddəsinə edilən dəyişikliyə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı ( nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmamalıdır. Bu dəyişikliyin qüvvəyə minməsi üçün Nazirlər Kabinetinin idxalı ƏDV-dən azad olunacaq məhsulların mal nomenklaturasını təsdiq etməlidir.

2022-ci il yanvarın 15-də Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın 3-cü bəndinə əsasən Təhsil Nazirliyi İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə uyğun olaraq, idxalı ƏDV-dən azad olunacaq kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısı ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməli idi.

Əldə etdiyimiz məlumata əsasən Təhsil Nazirliyi müvafiq təklifləri Nazirlər Kabinetinə təqdim edib. Aprelin sonlarında Nazirlər Kabinetindən “Report”a bildirilib ki, kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair məsələ hazırda gündəmdədir. Qeyd olunub ki, hazırda proses öz həllinin son mərhələsindədir. Lakin may  ayının birinci yarısı arxada qalmaqdadır, hələ ki Nazirlər Kabineti müvafiq  siyahını təsdiqləməyib.

Onu da qeyd edək ki, bir sıra köklü problemlərdən əziyyət çəkən Azərbaycan mediası yalnız qəzet kağızı idxalının ƏDV-dən azad  olunması deyil, bir sıra digər istiqamətlərdə də dövlət dəstəyinə ehtiyac duymaqdadır. Hökumət qurumlarının nümayəndələri ilə keçirilən görüşdə bu dəstəyin istiqamətləri ilə bağlı təkliflər təqdim olunub. “Yeni Müsavat” qəzetinin baş direktoru Əlsəgər Süleymanovun dediyinə görə, medianın bir çox istiqamətlərdə dəstəyə ehtiyacı var: “Milli Məclisdə keçirilən müzakirələrdə dəqiq istiqamətlər də göstərilmişdi. O cümlədən qəzet kağızı idxalının ƏDV-dən azad olunması məsələsi Vergilər Məcəlləsinə daxil edilib. Bildirilmişdi ki, 3 ay ərzində Nazirlər Kabineti idxaldan azad olunacaq məhsulların kodlarını təsdiqləyəcək və məcəllənin müvafiq maddələri aprelin 1-dən tətbiq olunacaq. Lakin artıq mayın ortasıdır, ayyarım keçib deyilən vaxtdan, heç bir yenilik yoxdur. Vergi Məcəlləsinə dəyişiklik olunanda qəzet kağızının bir tonu 730 dollar idi. Dəyişiklik vaxtında tətbiq olunsaydı, bu qiymət 90 dollara qədər aşağı düşəcəkdi. Amma artıq qəzet kağızının 1 tonunu 850 dollara alırıq, dəyişiklik hələ də qüvvəyə minməyib”.

Baş direktor bildirir ki, “Media haqqında” Qanun qəbul olunan ərəfədə müxtəlif dövlət orqanları media nümayəndələri ilə aktiv müzakirələr aparıb, təkliflər toplayıblar: “Bizim təkliflərimiz əsasında araşdırmalar aparılır, nəticələri müzakirə olunurdu. Yəni ciddi bir hərəkətlilik vardı. Amma son aylarda bu istiqamətdə hər hansı aktivlik gözə dəymir, sanki hər şey yaddan çıxıb. Halbuki bizim medianın maddi durumuna müsbət təsir edəcək çox mühüm təkliflərimiz vardı. Bunlardan biri redaksiyaların işçilərin əmək haqqından ödədiyi sosial sığorta ayırması ilə bağlı idi. Hazırda demək olar ki, əksər redaksiyalar bu ödənişlər üzrə Dövlət Sosial Müdafiə Fonduna borcludular. Çünki sosial sığorta haqqı əmək haqqı fondunun 25 faizinə bərabərdir. Bu qədər vəsaiti ödəmək indiki maddi imkanlar çərçivəsində media qurumları üçün çox böyük çətinliklər yaradır. Buna görə də biz təklif etmişdik ki, müəyyən müddət – məsələn, 10 illik dövr üçün jurnalistlərin əmək haqqından hesablanan sosial sığorta məbləğini dövlət ödəsin. Bu addım həm jurnalistlərin rəsmi əmək müqaviləsi ilə çalışmaq imkanlarını genişləndirəcək, həm də redaksiyaların maliyyə vəziyyətində ciddi müsbət dönüşə səbəb olacaq. Eyni zamanda bu bizə imkan verəcək ki, jurnalistləri daha yüksək əmək haqqı ilə işə cəlb edək. Hazırda mətbuatda əmək haqlarının aşağı olmasının əsas səbəbi məhz sosial sığorta ödənişlərinin ödənməsindəki problemlərlə bağlıdır. Hökumət qurumlarının nümayəndələri medianı mənfəət vergisindən azad olunmasını mümkün sayırlar. Əslində sosial sığorta ödənişindən azad olsaq, artıq mənfəət vergisinin ödənməsində çətinliyimiz olmacaq”.

Ə.Süleymanov media üçün bir sıra güzəştlərin media reyestri yaradılmasından sonra tətbiq olunmasını normal qarşılayır: “Media reyestri mətbuatda hazırda müşahidə olunan hərc-mərcliyin aradan qaldırılmasında mühüm rol oynaya bilər. Bu reyestrin formalaşdırılması istiqamətində də müəyyən ləngimə var. Ümid edirik ki, tezliklə reyestr fəaliyyətə başlayacaq və media üçün nəzərdə tutulan güzəştlərin tətbiqi reallaşacaq”.

Samirə Musayeva: Aksiz dərəcələrinin artması sosial maraqlara xidmət edir -  AZƏRTAC

Samirə Musayeva

Xatırladaq ki, fevral ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bəyan edib ki, Dövlət Vergi Xidməti tərəfindən MEDİA ilə birlikdə jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı müəyyən təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub: “Təbii ki, ”Media haqqında” Qanun qəbul olunmadan dəyişikliklərin tam dairəsinin elan olunması düzgün deyil, amma onu deyə bilərik ki, dəyişiklik istiqamətləri medianın məhz media ilə bağlı fəaliyyətdən əldə etdiyi gəlirlərə və mənfəətə müddətli güzəşt və azadolmaların verilməsi, media qurumları tərəfindən təqdim olunan məhsullar üzrə Əlavə Dəyər Vergisi (ƏDV) ilə bağlı vergi güzəştlərinin tətbiq olunması ilə bağlıdır. “Media haqqında” Qanun iki gün öncə qəbul olunub. Amma qanun qəbul olunana qədər də hökumət, aidiyyəti dövlət qurumları medianın problemlərinin öyrənilməsi, təhlil edilməsi, hansı formada dövlət dəstəyi tədbirləri həyata keçirilməsi ilə bağlı ciddi təhlillər aparırdı. İqtisadiyyat Nazirliyində də media nümayəndələri ilə görüşlər keçirilib, bu görüşlərdə onların təklifləri dinlənilib. Medianın maliyyə dayanıqlığını artırmaq, onların daha çox dövriyyə vəsaitlərindən səmərəli istifadəni təmin etmək, həmin vəsaitlərin medianın inkişafına yönəldilməsi üçün vergi təşviqlərinə də ehtiyac olduğu bildirilib.

Hazırda hökumət bu qanun layihəsini rəy bildirilməsi üçün Iqtisadiyyat Nazirliyi də daxil olmaqla, aidiyyəti qurumlara göndərib. Bütövlükdə Dövlət Vergi Xidməti mediaya vergi güzəştlərinin, təşviqlərinin verilməsini dəstəkləyir”.

Medianın İnkişafı Agentliyinə mətbuat katibi təyin olunub - 16.04.2021,  Sputnik Azərbaycan

Səidə Şəfiyeva

MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin rəhbəri Səidə Şəfiyevanın “Yeni Müsavat”a dediyinə görə, Nazirlər Kabinetində qəzet kağızı idxalının ƏDV-dən azad olunmasına şərait yaradan kod siyahısının hazırlanması işi gedir. Hələlik bu istiqamətdə yenilik yoxdur.

Həmçinin oxuyun

Qadir İbrahimli barədə ÜZÜCÜ XƏBƏR

Tanınmış jurnalist, iqtisadçı Qadir İbtahimlinin vəziyyəti getdikcə ağırlaşır.Bakupost.az -ın məlumatıma görə, həkimlər ümidsiz olduqlarını bildiriblər.Hazırda süni …